Tovuz tanınmaz olur

 

Tovuzçay vadisini Heydər Əliyev seyrangahı bəzəyir. Bura şəhərin giriş qapısıdır. Baxdıqca adamı valeh edir. Bir yanda Olimpiya idman kompleksi tikilir, bir tərəfdə yaşıllıqlar qoynunda istirahət parkı salınır. Ortada ucalan Qala kompleksi isə ötənləri yada salır, rayonun ulu tarixindən xəbər verir. Pillələr, şəlalələr, fəvvarələr göz oxşayır. Başda - ən uca zirvədə isə müstəqil ölkəmizin üçrəngli bayrağı dalğalanır. Tovuz haqqında ilk təəssürat, bax, bu yaraşıqlı seyrangahda yaranır.

Ətrafı milli ornamentli bədii görkəmli dayaq barılar bəzəyir. Şəhəri iki yerə bölən enli, abad magistral göz işlədikcə uzanır. Hər yanda müasir işıqlandırma sistemi qurulub. Minlərlə ağac, gül kolu əkilib. Gözəllikdən doymur ürək. Qədim bir diyarın canlı tarixi olan karvansara tipli qala kompleksi gəl-gəl deyir. Bura əsl turizm mərkəzidir.

 

Ölkə üzrə ən yüksək göstərici

 

Keçən il Tovuzda 294,4 min ton kartof istehsal edilib. Bu, ölkə üzrə ən yüksək göstərici sayılır. Cari il 7745 hektar sahədə məhsul yetişdirilib. Bəzi yerlərdə artıq yığıma başlanılıb. Kartof boldur.

Mütəxəssislər deyirlər ki, bu il azı 340 min ton məhsul gözlənilir.

Rayonda ənənəvi təsərrüfat sahələrinin bərpasına xüsusi fikir verilir. Son vaxtlar üzüm bağlarının sahəsi 477 hektara çatıb. Üzüm və meyvə bolluğu ilə əlaqədar Aşağı Quşçu kəndində və Qovlar qəsəbəsində 4 soyuducu kamera istifadəyə verilib. Rayonda daha 2 min tonluq yeni anbar tikilir.

Tovuzda iqtisadiyyat aybaay, ilbəil yüksəlir. Cari ilin 6 ayı ərzində ümumi daxili məhsul buraxılışının həcmi 44,3 milyon manata çatıb. Ötən müddət ərzində taxıl, tərəvəz, meyvə, habelə maldarlıq məhsulları istehsalında da fərəhli nəticələr əldə edilib. Ən əsası budur ki, tovuzlular kartofçuluqda yenə də birinciliyi əldə saxlamağa çalışırlar.

 

Ödəniş yüz faizdir

 

Əhaliyə xidmət məsələsi ön plandadır. Rayonda qazlaşdırma işi sürətlə davam edir. Son vaxtlar Abulbəyli, Aşağı Mülkülü və Bayramlı kəndlərində 384 mənzilə təbii qaz verilib. Xatınlı, Qədirli, Cilovdarlı, Əlimərdanlı kəndlərində də qazlaşdırma işləri başa çatıb. Hazırda Azaflı və Əsrik-Cırdaxan kəndlərində sayğaclaşma işləri gedir. İndi əsas diqqət Yanıqlı kəndində qaz kəmərinin bərpasına yönəldilib.

Rayonda əhalinin elektrik enerjisi ilə təchizatı sahəsində də sistemli işlər görülür.

Transformatorlar, paylayıcı xətlər təmir edilir, sayğaclaşma, demək olar, başa çatıb. İtkilərin digər halların qarşısının alınması üçün operativ briqadalar müntəzəm aparır. Nəticə fərəhlidir. Son aylar rayon üzrə istehlak olunan elektrik enerjisinin təbii qazın dəyəri yüz faiz ödənilmişdir.

 

Dağlardan sərin su gəlir

 

Bu, çox möhtəşəm bir çeşmədir. Zəyəmçaydan üzü bəri gəlir. Uzunluğu 39,1 kilometrdir. Xəttin xeyli hissəsi hazırdır. Aşağı Quşçu kəndində 2 su anbarı inşa olunub. Burada artıq 5 minə yaxın abonentə içməli su verilir. İnşaat işləri isə davam edir. Yaxın vaxtlarda Tovuz şəhərinin ona bitişik kəndlərin içməli su ilə təmin edilməsinə kanalizasiya xətlərinin yenidən qurulmasına başlanılması gözlənilir.

Zəyəmçay su xətti başa çatanda Tovuzda içməli su problemi əsasən həll olunacaq.

 

Tovuzun öz SES-i olacaq

 

Ümumiyyətlə, axır vaxtlar Tovuzda qlobal işlər görülür. Dövlət Proqramına uyğun olaraq, Tovuzçay üzərində 8 aşırımlı körpü salınıb, Qazax səmtinə keçən dolama yol şəhərin mərkəzindəki nəqliyyat gərginliyinə son qoyub. Dağların başında nəhəng dəryaçanın tikintisi, Zəyəmçay hövzəsinin təmiri, su kəmərinin çəkilişi davam edir.

İndi isə Tovuz Su Elektrik Stansiyasının inşasından söhbət gedir. 2009-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş yığıncaqda Prezident İlham Əliyevin sözləri tovuzluların ürəyindən xəbər verdi. Dövlət başçısı dedi ki, Tovuzçay Su Elektrik Stansiyasının tikintisi ilə bağlı müəyyən işlər görülür. Hesab edirəm ki, yaxın aylarda biz bu məsələni ciddi müzakirə etməliyik lazım gələrsə, gələn ilin büdcəsindən Tovuzçay su anbarının elektrik stansiyasının tikintisi ilə bağlı müəyyən vəsait nəzərdə tutmalıyıq. Çünki bu tikinti 3-4 il davam edə bilər. Tovuzçay elektrik stansiyasının enerji potensialı 400 meqavata yaxın ola bilər. Bu, həm çox böyük qənaət olacaq, həm alternativ enerji mənbələrinin yaranmasına xidmət göstərəcək.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 15 avqust.- S. 3.