Elektron-kommersiya texnologiyalarının tətbiqi inkişaf etdirilməsi günün tələbidir

 

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi inkişaf dinamikasındakı ziddiyyətli faktlara baxmayaraq, Azərbaycanda əlverişli iqtisadi mühitin formalaşması prosesi davam edir. Hazırda respublikada iqtisadi inkişaf daha çox innovativ xarakter alır. Bütövlükdə iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisi, sahibkarlığın inkişafına dövlət dəstəyi davam edir.

Belə şəraitdə iqtisadiyyatın, eləcə də sahibkarlığın, özəl bölmənin və regionların inkişafına innovativ element kimi informasiya-kommunikasiya texnologiyalarının (İKT), o cümlədən E-kommersiya texnologiyasının tətbiqi və bunun üçün zəruri müvafiq infrastrukturun formalaşması iqtisadi səmərəliliyin artmasına kömək göstərə bilər. Ona görə də E-kommersiya texnologiyasının tətbiqi və inkişaf xüsusiyyətlərinin hərtərəfli tədqiqi mühüm əhəmiyyətə malikdir.

İKT sahəsi hazırda dünya iqtisadiyyatında ən çox inkişaf etmiş və gəlir gətirən sahələrdən biridir. O, davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur. Hətta bir sıra inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin böyük hissəsi bu sektordan əldə olunan vəsaitlərin hesabına formalaşır. Bu səbəbdən Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsinə, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq olunmasına maraq göstərir. Artıq Azərbaycan özünün elektron hökumət hazırlığını inkişaf etdirib, habelə qabaqcıl və yeni texnologiyaları tətbiq etməklə çox mühüm təcrübə qazanıb. Dünya İqtisadi Forumu tərəfindən 2008-2009-cu illər üçün hazırlanmış "Qlobal informasiya texnologiyaları üzrə hesabat"a əsasən, Azərbaycan 134 ölkə arasında 60-cı yeri tutub və MDB-də bir çox ölkələri geridə qoyub. BMT-nin tərtib etdiyi 2008-ci il e-Hökumət təhlili isə Azərbaycanı Cənubi Qafqaz ölkələri arasında birinci və sorğu aparılmış 182 ölkə arasında 89-cu yerdə qeydə alıb.

İKT sektoru hazırda Azərbaycan milli iqtisadiyyatında inkişaf sürətinə görə ikinci yeri tutur.

Son illər İKT sektorunda gəlir artımı illik 30-35 faizə çatıb və bu meyilin davam edəcəyi gözlənilir.

Bu isə o deməkdir ki, bir neçə il ərzində İKT enerji sektorundan əldə olunan gəlirə yaxınlaşacaq, 2018-2020-ci illər ərzində isə onu üstələyəcək. Qeyri-neft sektorunda İKT sənayesi tikintidən sonra vergi gəlirləri gətirən ikinci ən geniş sahədir. 2008-ci ildə bu sahəyə qoyulan investisiyalar 270,5 milyon dollara bərabər olub ki, bunun da müvafiq olaraq 52,2 milyon dolları dövlət müəssisələrinin, 218,3 milyon dolları özəl müəssisələrin payına düşür.

Qeyd olunan amillər bir daha təsdiq edir ki, iqtisadi və biznes proseslərinin müasir İKT əsasında idarə edilməsi istər konseptual, istərsə də tətbiq baxımından qlobal hadisədir. 2003-2012-ci illəri əhatə edən İKT üzrə milli strategiyada, eləcə də "E-Azərbaycan" Dövlət Proqramında kütləvi tətbiqi nəzərdə tutulan E-biznesin, E-kommersiyanın iqtisadiyyatın inkişafına təsiri artıq cəmiyyətin bütün sahələrini əhatə edir. Elektron-kommersiya sifarişçi tələblərinin formalaşmasına radikal təsir edəbilmə imkanı təklif edir ki, bu da bazarları ya kökündən dəyişdirir, ya da tamamilə yeni tipli bazarlar yaradır. Cəmiyyətin ayrı-ayrı üzvləri malların və xidmətlərin əldə edilməsi proseslərinə, informasiya əlyetərliyinə və hökumət orqanları ilə qarşılıqlı əlaqələrin tamamilə yeni imkanlarına malik olur. Bu zaman seçim imkanı cografi və vaxt məhdudiyyətindən asılı olmur.

Bir halda ki, bazarın standart mallarla təchizi problemi artıq həll oluna bilir, deməli, istehlakçı müəyyən vaxt ərzində dəyişən xüsusi tələblərinə uyğun məhsulları əldə etmək istəyəcək. Bu problem müasir texnologiyaların köməyi ilə kifayət qədər effektiv həll olunur. Yeni texnologiyalar istehlakçılara müxtəlif alıcılıq qabiliyyətli maksimal istehlakçılar auditoriyasına daxil olmaq, həmçinin onlara öz sifarişlərini yoxlanılmış üsullarla idarəetmə sisteminə daxil etmək imkanı verir. E-kommersiya texnologiyası təkrar istehsalın bütün dövriyyəsinin paylama-mübadilə sahəsinə əhəmiyyətli dəyişikliklər gətirir. O, alıcı və satıcılara əlverişli imkanlardan (biznesin qlobal miqyasda aparılması, satıcıların rəqabət qabiliyyətliliyinin yüksəlməsi, satışın fərdiləşməsi. sorğuya operativ reaksiya, məsrəflərin azalması, biznesin aparılması və s.) eyni dərəcədə istifadə etməyə imkan verir:

E-kommersiyanın səçiyyəvi xüsusiyyətləri və üstünlüklərindən biri də budur ki, o, alıcı ilə satıcı arasındakı bir çox əlaqələrin internet vasitəsilə həyata keçirilməsinə imkan verir. İKT saziş iştirakçıları arasında kommersiya informasiyalarının interaktiv və sürətli mübadiləsini də təmin edir ki, bu da nəticədə bir çox hallarda baş verə bilən anlaşılmazlıqları aradan qaldırır. Eyni zamanda, əvvəlcədən qəbul edilmiş məsuliyyətli qərarı bağlanan sazişin parametrləri haqqında tam və dürüst informasiya alanadək təxirə salmaq imkanı yaradır. Bundan əlavə, elektron biznes iqtisadi mühiti əhatə edən problemlərin həllinin yeni üsullarını təqdim edir.

Bu gün alıcılar və satıcılar, vasitəçilər internet fəzada malların və xidmətlərin transmilli virtual bazarlarını yaradırlar. Elektron-kommersiya firma və ticarətin digər iştirakçılarının keyfiyyətli təşkilati-iqtisadi, texniki və texnoloji təchizatını stimullaşdırır, həm də fəaliyyətin sonrakı artımını təmin edir. Nəzərə almaq lazımdır ki, e-kommersiyanın inkişafı malların və xidmətlərin dünya bazarına asan daxil olmasını və ənənəvi maneələri dağıdaraq korporasiya nümayəndələrinin qlobal sazişlərə qoşulmasını təmin edir.

Qeyd olunmalıdır ki, ənənəvi iqtisadiyyat sahəsi üçün işlənilmiş sahibkarlıq və kommersiya fəaliyyətinin həyata keçirilməsinin nəzəriyyə və metodologiyasının praktiki istifadəsi internet-mühit şəraitində bir qayda olaraq yararlı deyil. Bununla belə aparılan tədqiqatlar göstərir ki, virtual biznes və elektron-kommersiya sistemlərində iqtisadi cəhətdən əsaslandırılmış idarəetmə, layihə və investisiya məsələlərinin işlənilməsi ilə bağlı vacib nəzəri və metodiki məsələlər hələ də öz həllini tam olaraq tapmamış, səmərəli işləyən elektron-kommersiya sisteminin formalaşmasının zəruri nəzəri və metodiki əsasları işlənilməmişdir. Eləcə də internet-şirkətlərin və onlara daxil olan elektron mağazaların alternativ variantlardan daha səmərəli variantının seçiminin həyata keçirilməsi üçün elmi əsaslandırılmış metodlar, həmçinin virtual biznesin səmərəliliyinin qiymətləndirilməsi metodu yoxdur.

Bunlarsa onun nəticəsidir ki, internet şəbəkədə elektron biznesin əsas komponenti kimi elektron-kommersiya sisteminin formalaşmasının, yaranmasının, inkişafının nəzəri və metodiki məsələləri zəif işlənilmişdir və onların işlənilməsi, iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin tətbiqi vacib bir məsələ kimi qarşıda durur. Məlumdur ki, elektron-kommersiyasının həyata keçirilməsinin hüquqi əsasları əsasən elektron-ticarət və elektron-imza haqqındakı qanunlarla tənzimlənir. Bu qanun elektron-ticarətin iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron-ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir. Yeri gəlmişkən bildirək ki, son vaxtlar Azərbaycanda www.terasell.com adlanan virtual ticarət mərkəzi yaradılmışdır. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək internet məkanıdır. Əsas məqsədi ölkədə elektron-ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Onun konsepsiyasına əsasən, bütün ticarət şirkətlərinin "Terasell.com" platformasında pulsuz şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Azərbaycanda elektron ödəniş sisteminin inkişafı ölkədə e-ticarətin inkişafı üçün nadir imkan yaradacaq və istehlakçıların vaxtlarına qənaət etməklə onların işini daha da asanlaşdıracaq.

Bakıdakı Silverkey Technologies (http://www.silverkey.az/Services.az.html) şirkətinin ölkədə "GoldenPay" ödəmə sistemini tətbiq etməsi Azərbaycanda elektron-ticarətin (e-commerce) inkişafında əsas addımdır. "GoldenPay" Visa İnternational və Master Card beynəlxalq ödəmə sistemləri tərəfindən sertifikatlaşdırılmışdır, təhlükəsizlik sistemləri isə "3D secure" dünya standartları tələblərinə cavab verir. Bundan sonra Azərbaycanın internet istifadəçiləri "GoldenPay" vasitəsilə yerli on-layn mağazalarda (e-shop) alış-veriş edə, biletlər və mehmanxanalarda yerlər sifariş verə, kommunal xərcləri ödəyə, bank əməliyyatlarını həyata keçirə biləcəklər.

Ümumiyyətlə, İKT infrastrukturunun formalaşması, kartlı ödənişlər üzrə əməliyyat mərkəzlərinin yaradılması, müasir elektron ödəniş sistemlərinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıqda elektron-ticarətin stimullaşdırılması, elektron xidmətlər sisteminin genişlənməsi, elektron-biznes və elektron-kommersiya üzrə beynəlxalq informasiya-əməliyyat mərkəzinin yaradılması, elektron xidmətlərinin qlobal bazarına çıxış, sənaye malları, xammal və materialların regional elektron birjasının yaradılması və başqa tədbirlər elektron-kommersiya texnologiyalarının perspektiv inkişafını, geniş tətbiqini təmin edir. Həmçinin E-kommersiya texnologiyası biznesin aparılmasının ən yaxşı üsullarını meydana çıxarmağa imkan verir. O, müasir beynəlxalq münasibətlər sistemində makroiqtisadi aspektdə müsbət təsirə malikdır. Elektron-kommersiya beynəlxalq əmək bölgüsünə, kapitalın beynəlxalq hərəkətinə, işçi qüvvəsinin miqrasiyasına və s. kifayət qədər böyük təsir göstərir.

 

 

Əlövsət ƏLİYEV,

iqtisad elmləri namizədi,

AMEA-nın İnformasiya Texnologiyaları

İnstitutunun şöbə müdiri

 

Azərbaycan.- 2009.-15 avqust.- S. 3.