Aparılan islahatlar
öz bəhrəsini verdikcə ölkəmizin hər yerində,
eləcə də bölgələrdə tikinti-quruculuq,
abadlıq işləri genişlənir. Təzə çəkilən
yollar, yeni salınan körpülər, abadlaşan
yaşayış sahələri yerli sakinlərdə, gələn
qonaqlarda xoş əhval-ruhiyyə yaradır.
Ölkə
başçısının bölgələrə səfərləri,
yerli sakinlərlə görüşləri onları
ruhlandırır, sabaha olan inam və ümidlərini
artırır. Bu baxımdan Azərbaycan Prezidentinin 24 sentyabr
2008-ci ildə Qazaxa səfəri zamanı ictimaiyyət
nümayəndələri ilə görüşündə
dediyi sözlər rayon sakinlərinin ürəyindən
olmuşdur. Həmin görüşdə ölkə rəhbəri
demişdir: "Azərbaycanın uğurlu inkişafı bax,
bu yolla getməlidir və bu yolla gedir: hər bir rayonun
inkişafı, hər bir kəndin abadlaşması...
Paytaxtdan uzaqda yerləşən
rayonlara ən böyük diqqət göstərilməlidir,
xüsusilə sərhəd rayonlarına. Qazax həm sərhəd
rayonudur, həm də Bakıdan ən uzaqda yerləşən
rayondur. Burada abadlıq, quruculuq, inkişaf sürətlə
gedəndə, o deməkdir ki, bu, bütün Azərbaycanı
əhatə edir".
Ölkə rəhbərinin
bu fikirləri qəlbimizdə dərin iz
buraxmışdır, sərhəddə yaşayanları daha
mətin dayanmağa səsləmişdir - deyə Xanlıqlar
kənd icra nümayəndəsi Valeh Şahvələdov
sözə başlayır.
Qeyd edir ki, Xanlıqlar kəndi
dağətəyi ərazidə yerləşir, Ermənistan
Respublikası ilə 29 kilometr sərhədi var. Sovet hakimiyyəti
illərində bu kənd Musaköy adlanıb. Musa vaxtilə
rayonda hərbi komissar işləyib. Kənd onun adı ilə
adlandırılmışdı. Lakin 1992-ci ildə kənd əhalisinin
arzusu ilə bu kəndin adı dəyişdirilib Xanlıqlar
qoyulur.
Hazırda kəndin 3430
nəfərdən çox əhalisi var. Sahəsi 3700
hektardır. Kənddə iki orta məktəb, bir ATS, bir
poçt şöbəsi, həkim məntəqəsi,
uşaq bağçası, 117 saylı peşə liseyi fəaliyyət
göstərir. Bu kənddən Mirvarid Dilbazi, Yusif Yusifov, Fərrux
Yusifov, Malik Əliyev, Məmməd Balayev, Fazil Əliyev kimi
görkəmli simalar pərvazlanmışlar.
Rayonla kəndin arasında 7 kilometr məsafə var. Həmin yolda 15 sərnişin avtobusu işləyir. Bu da çamaatın gediş-gəlişini tam ödəyir.
Kəndə fasiləsiz
olaraq elektrik enerjisi verilir, işıqdan korluq çəkilmir.
2009-cu ilin mart ayından təbii qaz sahəsində də
çətinlik yoxdur. Qazax Rayon İcra Hakimiyyətinin köməyi
nəticəsində kənd tam
qazlaşdırılmışdır.
Ağstafa su dəryaçası
kəndin ərazisində yerləşir. Şəmkir, Tovuz,
Ağstafa və Qazax rayonlarının əkin sahələrini
suvarmaq üçün həmin dəryaçadan istifadə
edilir. Dəryaçanın açılışını
1970-ci ildə ulu öndər Heydər Əliyev etmişdir. Kənddə
içməli su problemi də həll olunmuş, diametri 300
millimetr olan borularla bu əraziyə su gətirilmişdir. Müxtəlif
yerlərdə 40-dan çox su kranı qoyulmuşdur.
Kəndimizə
1989-1991-ci illərdə Ermənistandan, Özbəkistandan 50-dən
çox qaçqın ailəsi pənah gətirmişdir. Onlara
kənddə həyətyanı torpaq sahəsi verilmiş,
mal-qara, qoyun-quzu üçün otlaq sahəsi
ayrılmışdır. Qaçqınlar üçün kənddə
xüsusi qəsəbə salınmışdır. Burada
rayonumuzun erməni daşnakları tərəfindən
işğal olunmuş Yuxarı Əskipara, Aşağı Əskipara,
Barxudarlı və başqa kəndlərindən gələn
məcburi köçkünlər də yerləşdirilmiş,
içməli su məsələsi həll edilmiş, suvarma
suyuna olan ehtiyacları ödənilmişdir.
Yağan
yağışların əmələ gətirdiyi sel
suları hər il təsərrüfatlara külli miqdarda ziyan
vurur, 30-40 ailənin evinə dolur, mal-qarasını
aparırdı. Hazırda sel sularının
qarşısını almaq üçün xüsusi bəndlər
hazırlanıb.
Bu yaxınlarda əhalinin
400 hektara yaxın pay torpağı sahəsini suvarmaq
üçün su nasosu işə salınıb.
Xanlıqlar rayonun abad kəndlərindəndir.
Bu sərhəd kəndində insanlar ayıq-sayıq
dayanıblar və gələcəyə ümidlə
baxır, torpaqlarımızın yağı tapdağından
azad olacağına inanırlar.
Eldar NƏSİBLİ
Azərbaycan.- 2009.- 15
avqust.- S. 4.