Avqustun göydən od ələyən
günlərinin birində qarlı, şaxtalı bir fevral
gününü xatırlamaq nə qədər xoş olsa da,
həmin fevral səhərinin soyuğunu ömrüm boyu
ürəyimdə və yaddaşımda hiss edəcəyəm
- yayda da, qışda da...
Hava axşamdan
şaxtalı idi. Fevral ayı olduğu üçün Şəkinin
"Karvansara" otelində barmaqla sayılası müsafir
var idi. "Karvansara"nın qələbəlik
dövrü mayın əvvəllərindən
başlanır, ta soyuq düşənəcənE Bir yandan
şaxta, bir yandan da otelin həyət-bacasını
bürümüş səssizliyi pozan küləyin
vıyıltısı qəlbimdə narahat duyğular
oyadırdı. Gözüm balaca və yarımqaranlıq
hücrənin pəncərəsində qalmışdı. Pəncərədən
heç nə görünməsə də, küçədən
təkəm- seyrək maşın səsləri gəlirdi.
Aramsız qar
yağırdı. Hər yer ağappaq olmuşdu. Axşamdan
ürəyimə dolmuş soyuq bir az da artmışdı. Qapının
ağzında qucağı odunla dolu yaşlı xidmətçi
qadına salam vermək istəyəndə gözlərini
yaşlı gördüm - Sabahın xeyir, oğul, dedi, səhər-səhər
xeyirdən danışarlar, taa neyləyək, həyatdı...
Bəxtiyar müəllim
də getdi... Vahabzadə... Elə indi eşitdim.
Sözünü tamamlaya bilmədi...
Qar daha da artırdı.
Şəkidə işlərimi başa vurmasam, da hiss etdim ki,
elə bu an üzü Bakıya çıxmasam, axşamdan qəlbimə
dolmuş vahiməli soyuq məni dondurub buza döndərəcək.
Bəli, Bəxtiyar Vahabzadə də... Mənim bu ada olan
sevgimin arxasında nostalji hisslər çoxdur. Bir ədəbiyyat
həvəskarı, bir vətəndaş olaraq təkcə
onu etiraf edim ki, qəlbimi üşüdən, göynədən
həyatdakı boşluğun Bəxtiyar Vahabzadənin
ölümü ilə bir az da genişlənməsi idi.
Həmin gün
Bakıya çıxmazdan öncə qarlı, şaxtalı
havada yarım saatlığa Şəkinin mərkəzi
küçələrini dolaşdım. Hamı küçələrdə,
hamı kədərli... Bir qismi Bakıya çıxmağa
hazırlaşırdı.
Salamlaşdığım
adamlardan biri dedi ki, Şəki Bəxtiyar müəllimi
sevdiyi qədər heç kimi sevməyib. Hər il gələrdi,
gəzərdi buraları, hamı ilə görüşərdi...
Yadıma böyük
şairin özünün misraları düşür:
"Bala anasına sevirəm deməz, mən də deməmişəm,
a Şəkim mənim!"
Azərbaycan Yazıçılar
Birliyi Şəki bölməsinin rəhbəri, şair Vaqif
Aslanla isti yay günlərindən birində Bəxtiyar Vahabzadənin
ölümündən altı ay sonra - Şəkidə
keçiriləcək "Bəxtiyar poeziya günləri"
ərəfəsində söhbət edirik.
Bəxtiyar müəllim
demək olar ki, hər il yay istirahətini Şəkidə
keçirərdi. Bakıda olduğu kimi, Şəkidə də
həmişə dostlarının əhatəsində olan
B.Vahabzadə Teymur Abuzər, Əhmədiyyə kişi ilə
həmsöhbət olmaqdan, Zəkəriyyə Əlirza ilə,
Fərman İsmayılovla "mübahisə" etməkdən
zövq alırdı.
Şəkidə
yaşayıb-yaradan yazıçılar vaxtaşırı
böyük şairin başına cəm olur, onun tövsiyələrini
dinləyirdilər.
B.Vahabzadənin 70 illik
yubileyinin keçirilməsi ilə əlaqədar Prezident Heydər
Əliyev tərəfindən 19 may 1995-ci ildə sərəncam
imzalanmışdı. Həmin sərəncamla bağlı
Şəkidə də xeyli tədbir keçirilmişdi.
Türk dünyasının görkəmli ədiblərinin
iştirakı ilə keçirilən yubiley tədbiri tarixi və
unudulmaz bir hadisə idi. Yubiley Vaqif Aslanın B. Vahabzadəyə
həsr etdiyi "Adın-işıq,
özün-işıq" şeiri ilə
açılmışdı. Hələ 1985-ci ildə
"Poeziyanın kamilliyi" (professor Şamil Salmanovla birlikdə)
monoqrafiyası ilə B. Vahabzadə
yaradıcılığının dərin poetik fəlsəfi
qatlarını işıqlandıran Yaşar Qarayev də
iştirak edirdi.
Hər yay Şəkidə
şair ilə keçirilən ədəbi görüşlərdə
şeir-sənət adamları ilə yanaşı, müxtəlif
peşə sahibləri də iştirak ediblər.
B.Vahabzadənin "Dar
ağacı", "Günahsız cəza" pyesləri
Şəki Dövlət Dram Teatrında tamaşaya qoyulub və
böyük maraqla qarşılanıb. 1990-cı illərdə
Dövlət Universitetinin Şəki filialında, daha sonralar
isə Azərbaycan Müəllimlər İnstitutunun Şəki
filialında Bəxtiyar müəllimlə keçirilən
görüşlər müstəqillik dövründə tələbə
gənclərin milli əsaslarda dövlətçilik
ideologiyasına daha dərindən yiyələnməsinə
kömək etmişdir.
"Bəxtiyar Vahabzadə
ilə görüş" ənənəsi şairlə son
görüş günlərinə qədər davam
etdirilmişdir.
Hər il avqustun
16-nı böyük şairin başına
yığışmaqla qeyd edən Şəki bu il avqustun həmin
gününü Bəxtiyar müəllimsiz keçirəcək...
Bütün
yaradıcılığı boyunca onu ən çox
düşündürən zaman problemi olub. Keçmişi və
gələcəyi indiki zamanın üzərində cəmləşdirmək
bacarığı, bu günündən dünəninə və
sabahına baxmaq istəyi mövzu və janr rəngarəngliyindən
asılı olmayaraq, Bəxtiyar Vahabzadə poeziyasının
ana xəttinə çevrilmişdir. Şəxsiyyət kimi
ölçülü, şair kimi ölçüsüz zaman
içində yaşamaq B.Vahabzadə poeziyasının fəlsəfi
məzmununu daha çox ifadə edir.
Qocaldır insanı,
qocaldır zaman,
Ürəyin atəşi,
közü qocalmır.
Dağları,
daşları qocaldan zaman,
Bilmirəm, bəs niyə
özü qocalmır?
Bəli, dünya öz
işində, zaman öz axarında... İnsanlar doğulur,
böyüyür, qocalır, haqq dünyasına qovuşur. Ancaq
dünyanın və zamanın əbədi
yaşatdıqları da var: Bəxtiyar Vahabzadə kimi, Bəxtiyar
Vahabzadənin ölməz yaradıcılığı, əbədi
insan sevgisi və milli təəssübkeşlik
duyğuları kimi!
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 15
avqust.- S. 5.