Əgər
yaşasaydı indi 80 yaşı tamamlanacaqdı şair Davud
Aslanın. Dostları, tanışları, poeziyasının
vurğunları, şeir-sənət həvəskarları
başına yığışaraq kim bilir, hansı gözəl
xatirələri söyləyəcək, sözləri deyəcəkdilər.
Amma təəssüflər
olsun ki, 20 ildir ki, bu görkəmli şair-dramaturq barəsində
ancaq keçmiş zamanda danışılır.
İxtisasca müəllim
olan, ömrü boyu məktəbdə çalışan
Davud Aslan şeirə, sənətə könül versə də,
neçə-neçə kitabın müəllifi kimi
tanınıb sevilsə də, dramları Akademik Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulsa da, nə
sağlığında, nə də dünyasını dəyişəndən
sonra haqqında sanballı bir məqalə, tədqiqat əsəri
yazılıb. Hətta
yazıçıların nəşr edilən ensiklopedik məlumat
kitabına da adı düşməyib.
Onu yaxından
tanıyanlar söyləyirlər ki, Davud Aslan təbiət
etibarilə çox təvazökar, sadə və istedadlı
bir şəxsiyyət olub. Uzun illər qələmini poeziyanın müxtəlif sahələrində
sınayıb. Qələmə aldığı mövzularda
mükəmməl və bitkin əsərlər yaradıb. Bu
görkəmli şairdən yadigar qalan "Meşədə
yarış", "Səhər şəfəqləri",
"Mənə nə?", "Xınalanıb dağ
yolları", "Bir qucaq inci", "Ağ göyərçinim",
"Zəlzələ" və başqa kitablarını vərəqlədikcə
unudulmaz şairin işıqlı obrazı, mənəvi
dünyası göz önündə canlanır. Deyirlər
ki, şairlər dünyasını dəyişdikdən sonra
ruhları üfüqlərə qanadlanır. Həmişə
üfüqdən yurda boylanaraq ondan sonra baş verənləri
sadəcə seyr edirlər. Bizə elə gəlir ki, bu
cür ömür sahibləri əslində heç vaxt yaddan
çıxa bilməzlər. Nə qədər ki Azərbaycan
ədəbiyyatı, nə qədər ki söz, sənət
xiridarları var, deməli, ömrünü-gününü
bu sahədə girov qoyanların da xatirələri heç
zaman unudulmayacaq.
Davud Aslanın qələmindən
çıxan şeirlərin, demək olar ki, hamısı
nümunədir. Onları oxuduqca misraların ahəngində
böyük Mirzə Ələkbər Sabirin təsiri duyulur. Müəllifin
Sabirə həsr etdiyi ithaf şeirləri və nəzirələri
də çoxdur. Sovet dövründə mətbuatda çap
olunmaq indiki qədər asan deyildi. Bu bir tərəfdən
şeirə, sənətə olan ciddi münasibətdən
asılı idisə, digər tərəfdən də bəzən
qəzet və jurnallarda çalışanlar çox
inzibatçılıq edir, mətbu orqanın təmayülündən
kənara çıxmaq istəmirdilər.
Xatirələrdən bəlli
olur ki, Davud Aslan ilk dəfə şeirlərini
"İnşaatçı" qəzetinə göndərib.
Amma ona cavab veriblər
ki, sən fəhlələr üçün məhəbbətdən,
vətəndən yox, tikintidən, dəmirdən, daşdan,
betondan yaz. O dövrün görkəmli şairi Rüfət Əhmədzadə
bu sözləri eşidəndə kinayə ilə gülərək
deyib: "Məgər inşaatçı məhəbbət
şeiri oxumaq istəmir?" Rüfət Əhmədzadə
ilə olan tanışlığı sonradan səmimi
dostluğa çevrilib. Beləliklə də, Davud Aslan uzun
illər "Kirpi" jurnalının ən fəal müəlliflərindən
biri olub. Kim idi onun satirik şeirlərinin hədəfi?
Rüşvətxorlar, xalqına, vətəninə,
torpağına laqeyd qalanlar, bir sözlə, doğma
xalqına, onun övladlarına xəyanət edənlər.
"Müfəttiş" adlı bir şeirində oxuyuruq:
Əsla güman etmə,
bu dünyada tayım var,
Harda oğurluq yük
ola, orda payım var.
Ağzı
çuval endə mənim dalda dayım var,
Al pulu get,
hər şeyə bənd olma, müfəttiş!
Gəl özünü
dərdi-sərə salma, müfəttiş!
Doğrudan da, Mirzə Ələkbər
ruhunu yaşadan, onun əqidəsinə, amalına söykənərək
ətrafında baş verən nöqsanlara qarşı Davud
Aslan çox barışmaz idi. Bunu onun şeirlərində aydın görmək olar.
Bir məsələ də
var ki, bu şeirlərin libası hələ köhnəlməyib.
Ona görə indi də
aktualdır:
Qonşu
Güllünün əri... Var pulu, var hörməti,
Mollalıq,
alverçilik - yüz cür onun sənəti,
Min
nazı, min neməti, ev dolusu sərvəti.
Ev dolusu kitab yox,
daş-qaşın olsun, kişi!
Ərdə fərasət
gərək, daşbaşın olsun, kişi!
"Dad əlindən",
"Dayım vay", "Arvadın məktubu",
"Nadanın məsləhəti", "Arsız ol,
yüz yaşarsan", "Nəzarətçilər",
"A kişi, əl çək, mən ölüm,
bazardan", "Ağcaqanad", "Gəl məni
sındırma, müəllim", "Amüxbir",
"Qızımız şeytan olub", "Demərəm"
və digər şeirlərində də dövrün
nöqsanları öz əksini tapıb. Bu poetik parçalarda tənqid o qədər
yerində və düzdür ki, aktuallığına görə
müəllifin uzaqgörənliyinə heyrət etməyə
bilmirsən.
Rəis var ki reydə
belə çıxmayır,
Yan-yörəsin
yoxlamayır, sıxmayır.
Hakim var ki bir işə
düz baxmayır,
Zavmaq, həkim
rüşvət alır, qorxmayır.
və yaxud da "Bizə
gəl" adlı şeirində bir parçaya fikir verin:
Yazdılar ev-eşiyim
pirə dönüb,
Yeyib əmlik quzudan
şirə dönüb.
Elin ağzında
adım şeirə dönüb,
Hər cür dərddən
bu yaman, vay, bizə gəl,
Biz ki bir yaşdayıq,
həmtay, bizə gəl!
Əlbəttə, Davud
Aslanın şeirləri təkcə satiradan, kinayəli
gülüşdən ibarət deyildi. O, yurdumuzu vəsf edən, onun gözəlliklərinə
nəğmə qoşan lirik duyğulu bir şair kimi də
diqqət çəkir. Xüsusilə də
İsmayıllı dağlarının gözəlliyini
çox maraqlı təşbehlərlə, deyimlərlə
poeziyaya gətirib. Davud Aslan həm də
düşündürməyi bacaran, insanı bitkin bir ömrə
sahib olmağa poetik çağırış edən şair
idi. Hələ sovet dövründə azadlıq eşqi ilə
yaşayan, təəssüf ki, yurdunun müstəqilliyini
görməyən müəllif yazırdı:
Azadlıq dilərkən
başqa xalqlara,
Öz yurdum Arazda çəkilir
dara.
Əgər dönə
bilsək biz xilaskara,
Bakımız Təbrizə
qovuşar, gedər.
Başqa bir şeirində
isə kədərlə deyirdi ki, gör necə dövrdə
yaşayırıq biz, nə Tanrı tanırıq, nə
din, nə məzhəb və bütün bunlardan sonra ürəyindəkiləri
dilə gətirirdi. "Az adam tapılar bəxtindən
razı".
Davud Aslan yaradıcılığında bəhri-təvillərin
ayrıca yeri var. Bu janrda yazılan bütün ədəbi məhsullarının
dili o qədər bədii, aydın, şirindir ki, əsl mənsur
şeiri xatırladır. Sadəcə olaraq, onun bəhri-təvilləri
çox kəskin, qətiyyətli, tənqidi fikirlərdən
ibarət idi. Məsələn, "Bəsdi, bizi qoyma
lağa" adlı yazısında oxuyuruq: "Aman a
"Kirpi" qağa, bəsdi, bizi qoyma lağa, salma bizi lap
ayağa, sən də baban "Molla" kimi od qalama, bir belə
meydan sulama, həddi aşırsan, nə iş olsa
qarışırsan, kişi, sən odsuz, ocaqsız
alışırsan, belə olmaz, bizə çox tənə
vurursan..." Sözlərin daxili ritmi, əlaqəsi,
bağlılığı nə qədər rahat və
gözəldir.
Davud Aslan uşaqlar
üçün də maraqlı, yaddaqalan şeirlər
yazıb. Şeirləri
bir dəfə oxumaqla yaddaşdan silinmir. "Ana əlləri"
şeirinə fikir verin:
Qardan, soyuqdan
Gözləyir bizi,
Min qayğı ilə
Bəsləyir bizi.
Haraya getsək
Səsləyir bizi,
Ana əlləri.
Davud Aslan
ömrünün son illərində Mirzə Ələkbər
Sabir haqqında mənzum dram yazmağa başladı. Onun qələmə
aldığı "Zəlzələ" pyesi
dramaturgiyamızda Sabir haqqında ilk irihəcmli dram
sayılır. Doğrudur, müəllifə qədər bu səpkidə
pyes yazmağa meyil edənlər olub. Amma ilkinlik qisməti
Davud Aslanın taleyinə yazılıb. O, bu pyes üzərində
düz on il işləyib. Nəticədə çox bitkin bir
əsər meydana gəlib. Doğrudur, müəllifə əsərinin
tamaşasını görmək qismət olmasa da, 1995-ci ildə
rejissor Mərahim Fərzəlibəyovun quruluşunda Davud Aslanın
"Dindirir əsr bizi..." pyesi öz səhnə həllini
tapdı.
O, əlinə qələm
aldığı gündən sözə böyük məhəbbətlə
yanaşıb, sənətə ciddi münasibət göstərib.
Bu səbəbdən də
ilhamından qopanlar poeziyamızın incilərinə
çevrilib. Müəllif gənclik illərində
yazdığı bir şeirində bildirirdi ki, bir
sözün üstə günlərlə oturub fikirləşmişəm.
Əslində də söz uğrunda döyüşə gedənlər
bu cür yaşayıb yaratmasalar, yazdıqları heç kimə
fayda verməz. Şeir arzudur, həsrətdir, ürək
yanğısıdır. Nə yaxşı ki Davud Aslan kimi
şairlərimiz bu yanğını ürəklərindən
keçirə biliblər. Nə yaxşı ki poetik
dünyamızda böyük şairlərin sırasında
halalca yerini tapmış Davud Aslan adlı bir söz
ustadımız olub.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 15 avqust.- S. 5.