Kitabxanada oxucu niyə
azalıb?
"Azərbaycan" qəzetinin
21 may 2009-cu il tarixli nömrəsində dərc olunan
"Kitaba həsrət oxucu, yoxsa oxucuya həsrət
kitabxanalar" sərlövhəli "dəyirmi masa"da
qaldırılan problemlər hamının ürəyindən
xəbər verir. Bu müzakirə geniş əks-səda
doğurdu. Əməkdar elm xadimi, professorlar Abuzər Xələfov,
Azad Nəbiyev kimi görkəmli ziyalılarımız bu məsələyə
öz münasibətlərini bildirib, dəyərli təkliflər
irəli sürdülər.
Azərbaycanda
kitabxanaların inkişafı ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır. Dahi rəhbər kitabxanaya
möhtəşəm məbədgah kimi baxırdı. Milli
kitabxanada olarkən onun "Kitabxana xalq, millət
üçün müqəddəs bir yer, mənəviyyat,
bilik, zəka mənbəyidir..." deməsi həmin
münasibətin təzahürü idi.
Ümummilli liderin Azərbaycanda
kitabxana işinin inkişafı istiqamətində
imzaladığı bir sıra sənədlər, o cümlədən
1998-ci ildə verdiyi fərmanla qüvvəyə minən
"Kitabxana işi haqqında" Azərbaycan Respublikasının
Qanunu bu gün də ölkəmizdə kitabxana
qanunvericiliyinin hüquqi baza sənədi olaraq qalmaqdadır. 1970-1980-ci
illərdə Heydər Əliyevin
başçılığı ilə ölkədə
bütün kitabxanaların mərkəzləşdirilməsi
kimi böyük bir hərəkat başlandı ki, bunu Azərbaycan
kitabxanaçılığında dönüş nöqtəsi
adlandırmaq olar. Ulu öndərin təşəbbüsü
ilə həmin illərdə "Hər bir yaşayış
məntəqəsinə - bir kitabxana" devizi altında
yüzlərlə yeni kitabxana açılmış, onlar
üçün ayrıca binalar tikilmişdi.
Ulu öndər Heydər
Əliyevin bu sahədəki siyasətini hazırda Prezident cənab
İlham Əliyev uğurla davam etdirir. Bəri başdan
ölkədə kitabxana işinin müasir tələblər
səviyyəsinə qaldırılması üçün
ardıcıl surətdə dövlət tərəfindən
görülən işlərə görə Gəncənin
çoxsaylı mədəniyyət işçiləri
adından ölkə rəhbərinə dərin minnətdarlığımızı
bildiririk. Məhz dövlət başçısının təşəbbüsü
ilə son altı ildə kitabxanaçılığa dair
beş mühüm dövlət sənədi
imzalanmışdır. "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında", "Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında",
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin əsərlərinin Azərbaycan
dilində nəşr edilməsi haqqında" sərəncamlar
verilmiş, "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanunu və "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı" qəbul
olunmuşdur.
Bunların hər biri
kitabxana işi sahəsində durğunluğa son qoyulması,
onların fəaliyyətinin günün tələbləri səviyyəsinə
qaldırılması, kitab-oxucu probleminin həlli sahəsində
əvəzsiz rol oynayır. Ölkə rəhbərliyinin
qayğısı və diqqəti sayəsində qısa bir
vaxtda latın qrafikası ilə 48 adda 1,2 milyon nüsxədən
çox ədəbiyyat çap edilərək kitabxanalara
paylanıldı, özü də pulsuz Prezidentin hədiyyəsi
kimi. Bizim kitabxanamızın və onun filiallarının da
fondları təzələndi. Yüksək zövqlə
çap olunmuş bu gərəkli kitablar oxucuların
ixtiyarına verildi.
Yeri gəlmişkən,
bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin
göstərişi ilə fiziki və mənəvi cəhətdən
köhnələrək yararsız hala düşmüş
kitab, qəzet, jurnal və digər çap məhsullarının
fondlardan təmizlənməsinə
başlanılmışdır. Beləliklə, dövlətimizin
başçısının qayğısı və köməyi
ilə kitabxanaların fondu müasir tələblər səviyyəsində
olan ədəbiyyatla zənginləşdi. Mədəniyyət
işçilərinin vəzifəsi isə kitabdan, kitabxanadan
uzaq düşmüş oxucuları geri qaytarmaqdan, onlarla
müntəzəm iş aparmaqdan, hamını, ilk növbədə
gəncləri mütaliəyə cəlb etməkdən ibarətdir.
"Kitaba həsrət
oxucu, yoxsa oxucuya həsrət kitabxanalar" mövzusunda
keçirilən "dəyirmi masa"da bu sahədəki vəziyyət
ətraflı təhlil olunur və problemin həlli
üçün çox dəyərli təkliflər irəli
sürülür. Buna görə də "dəyirmi
masa"nın materialları və onunla əlaqədar
görkəmli ziyalılarımızın
çıxışları bizim üçün əsl fəaliyyət
mənbəyinə çevrilmişdir. Biz bu dəyərli
müzakirəni bir növ gəncliyin gələcək
yüksəlişinə istiqamətlənən həyəcan
təbili kimi qəbul edirik.
Uzun illərin
müşahidəsinə əsasən deyə bilərəm
ki, kitaba maraq, mütaliə mədəniyyəti, ilk öncə
təhsil müəssisələrində işin təşkilindən
çox asılıdır. Əvvəllər orta məktəblərdə
dərsdənkənar oxu üçün müəyyən ədəbiyyat
tövsiyə olunurdu. Şagirdlər həmin siyahılarla
kitabxanalara gəlirdilər. İndi bu siyahılar demək olar
ki, sıradan çıxıb. Məgər geniş
dünyagörüşü, mütaliə mədəniyyəti
üçün təkcə yığcam dərs proqramı
kifayət edirmi? Unutmaq olmaz ki, kitabxanalar öz işlərini əsasən
oxucuların maraq dairəsi, müraciətləri, tələb
və təklifləri ilə tənzimləyirlər.
Bir neçə il bundan
əvvəl mən Amerikada kitabxanaların fəaliyyəti ilə
tanış olmuşam. Oradakı uşaq kitabxanalarında 2-7
yaşlılar üçün ədəbiyyat ayrıca
guşədə yığılmışdı.
Çalışırdılar ki, azyaşlı oxucular
onların maraq dairələrinə, yaş səviyyələrinə
uyğun kitabları tapmaqda çətinlik çəkməsinlər.
Texnikanın,
kompüterin ən çox inkişaf etdiyi bu sivil ölkədə
kitaba, kitabxanaya olan qayğı və diqqəti görəndə
heyran qaldım. Hər kitabxanada nə qədər çox
kompüter vardısa, kitaba diqqət ondan da artıq idi. Biz isə
belə fikirləşirik ki, əgər kompüter varsa,
elektron kitabxana yaranırsa, kitab oxumaq bir elə də vacib
deyil. Xeyr, bu, kökündən yanlış fikirdir. Qoy
uşaqlarımız kompüterdən də, internetdən də
istifadə etsinlər, ancaq "canlı" kitabı
heç nə əvəz edə bilməz. İnsanın
intellektual səviyyəsinin,
dünyagörüşünün artmasında kitabın
xüsusi yeri, əvəzsiz rolu vardır. Dahilər əbəs
deməyiblər ki, bəşəriyyətin ən dəyərli
kəşfi məhz kitabdır.
Gəncə şəhər
Mərkəzləşdirilmiş Kitabxana Sistemində
"İRBİS-64" avtomatlaşma proqramı işləyir,
"Amerika guşəsi" fəaliyyət göstərir. Burada
gün ərzində hər kəs internetdən pulsuz istifadə
edə bilir. İnformasiya resurs mərkəzində isə orta
məktəb şagirdləri üçün ingilis dilində
müxtəlif mövzular üzrə maraq klubları təşkil
edirik. Uşaqlar bu klublara çox böyük həvəslə
gəlirlər.
Oxucuları cəlb etmək
məqsədilə biz öz kitabxanalarımızda bir-birindən
maraqlı, məzmunlu tədbirlər keçiririk. Xüsusən,
ziyalılarla görüşlər, kitabların müzakirəsi,
vətənpərvərlik mövzusunda diskussiyalar, sual-cavab
günləri hamıda böyük maraq doğurur. 2009-cu ilin
"Uşaq ili" elan olunması ilə əlaqədar bu
yaxınlarda "Uşaq kitab festivalı"
keçirmişik. Uşaqların əl işləri, rəsm
əsərlərindən ibarət sərgilər təşkil
etdik. Tədbir çox gözəl keçdi, uşaqlar həvəslə
iştirak etdilər. Əsl bayram təntənəsi idi.
Şəhərimizin
yazarları ilə olan görüşlər də
böyük maraq doğurur. Belə hallarda tədricən
yeni-yeni oxucular gəlir, təzə kitabları, maraqlı əsərləri
xəbər alırlar. Elə buna görə də son vaxtlar
bizdə oxucuların sayı xeyli artmışdır. Şəhərimizdə,
demək olar ki, oxucu problemi duyulmur. Lakin bu, hələ
azdır.
Problem əsasən nədən
yaranır?
Tam yəqinliklə deyə
bilərəm ki, əgər təhsil sistemində mütaliəyə
diqqət artırılarsa, heç bir kitabxana oxucusuz qalmaz. Uşaqlarda
kitaba marağı körpələr evindən aşılamaq
lazımdır. Kitabsız, bədii əsərsiz, geniş
mütaliəsiz, ancaq repetitorların yanında, tapmacaya bənzər
"test" nəşrləri ilə çalışan
şagirdləri kitaba alışdırmaq günün ən
aktual tələbi kimi gündəmə gətirilmişdir.
Tədris sahəsində
aparılan yerli-yersiz eksperimentlər millətimizin gələcəyinə,
gənclərin ümumi inkişafına əngəl törədir.
Xüsusən repetitorlarla işləyən, yalnız testin tələbləri
ilə imtahana hazırlaşan gənclər mənəvi cəhətdən
bir növ yarımçıq hala düşür. Nə qədər
ki, orta məktəblərdə təhsil məsələsi
nizama düşməyib, repetitorların əl-ayağı yığışdırılmayıb,
mütaliə məsələsi beləcə
düyünlü qalacaqdır.
Cari ildə iyirmi min nəfərə
yaxın şagirdin orta təhsil haqqında attestat ala bilməməsi
bizi ciddi düşündürməlidir.
Onbirillik təhsilə əbəs
yerə ümumi orta təhsil deyilmir. Yəni gənclər
ümumən bütün biliklərin əsaslarından xəbərdar
olmalıdırlar. Bir neçə konkret ixtisas üzrə
çalışaraq digər fənlər ikinci plana
keçiriləndə hansı geniş
dünyagörüşdən danışmaq olar?! Repetitorların
bu cür geniş əl-qol açması bizə nə verir? "Azərbaycan"
qəzetinin 30-31 may 2009-cu il tarixli nömrəsində
çap edilən "Repetitorsuz keçinmək
mümkündürmü" adlı məqalədə
qaldırılan məsələlər hamımızın
ürəyindən xəbər verir. Məqalədə
göstərilir ki, repetitor hərəkatı genişləndikcə
"uşaqlar məktəbdən yayınır, şagirdlərdə
təhsil ocağına laqeydlik, etinasızlıq
formalaşır, müəllim-şagird-valideyn münasibətlərində
gərginlik yaşanır".
Kitaba marağın
azalmasının çoxsaylı səbəblərindən
birini də məhz burada axtarmaq lazımdır.
Biz orta məktəbdə
təhsil alanda təkcə məktəb kitabxanası deyil, hətta
"sinif kitabxana"sı da mövcud idi. Əvvəlcə həmin
sinif kitabxanasına baxırdıq. O, bizi qane etməyəndə
kütləvi kitabxanalara üz tuturduq. Yeni nəşr
olunmuş bədii ədəbiyyat istəyirdik, dövri mətbuatı
da gözdən qaçırmırdıq.
Mədəniyyət
işçiləri kitab təbliğinin ən müxtəlif
formalarından istifadə etməlidirlər. Mədəniyyət
və Turizm Nazirliyinin "Kitab abidələri" haqqında
hazırladığı sayt bu cəhətdən çox
maraqlıdır. Bundan əsas məqsəd qiymətli əlyazmaları,
nadir kitabları, qədim nəşrləri aşkar etmək,
onları tanıtmaqdır. Biz mədəniyyət
işçiləri bu saytdakı materiallardan çox şey
öyrənirik və orada qeyd olunan məlumatları təbliğ
edirik.
Yeri gəlmişkən,
yazıçılarımıza, şairlərimizə də
kitabxana işçilərinin bir iradını, oxucuların
arzu və istəyini çatdırmaq istəyirəm. Kitab həvəskarları
bu günün həyatını əks etdirən maraqlı,
məzmunlu kitablar görmək, dillərdə əzbər
olacaq əsərlər oxumaq istəyirlər. Son illərdə
çoxlu kitab yazılır, əsər nəşr edilir. Təəssüf
ki, geniş kütlə arasında ciddi maraq doğuran,
yaddaşlara həkk olunan əsərlər heç də
çox deyildir. Xüsusən uşaq marağına uyğun
sadə, rəvan, obrazlı əsərlər, demək olar,
yox dərəcəsindədir. Məktəb illərində
sevə-sevə oxuduğumuz, indi də uşaqlara həvəslə
söylədiyimiz "Uşaq və buz", "Gəl-gəl
a yaz günləri", "Şəngülüm,
Şüngülüm, Məngülüm",
"Qırmızı papaq", "Tülkü həccə
gedir" kimi əsl ədəbi hadisəyə çevrilən
maraqlı əsərləri, oxucu təfəkkürünə
su kimi axan şeirləri, nağılları tapmaq çətindir.
Hər bir yazıçı, şair - hər bir qələm əhli
mütaliənin azalmasından narahat olursa, ilk öncə
müasir oxucunu, onun dünyagörüşünü, arzu və
istəyini, maraq dairəsini, qavrama qabiliyyətini nəzərə
almalıdır. Nə qədər maraqlı, məzmunlu əsərlər
bol olarsa, kitabxana oxucuya həsrət qalmaz, oxucuya həsrət
kitabxanaların sayı günbəgün azalar.
Elmira ƏLİYEVA,
Gəncə şəhər Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin direktoru,
əməkdar mədəniyyət işçisi
Azərbaycan.- 2009.- 15 avqust.- S. 5.