İlham ƏLİYEV: Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq məmləkətimizin hər bir guşəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da böyük həcmdə tikinti-quruculuq və abadlıq işləri görülür. Bu ilk növbədə ölkəmizin indiki siyasi və iqtisadi gücü, qüdrəti ilə bağlıdır. Bu barədə danışarkən dövlətimizin başçısı İlham Əliyev deyib: "Azərbaycanın bütün bölgələri bu gün inkişaf edir. Azərbaycanın iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır... Həm sənaye potensialının inkişafı, həm yeni iş yerlərinin açılması, həm də idxalın azalması və yerli istehsalın artırılması üçün görülən əməli tədbirlər nəticəsində biz bu gün özümüzü demək olar ki, bütün cəhətlərdən təmin edirik". Bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər göz qabağındadır. Bunu iqtisadi blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının timsalında da aydın görmək olar. Bu ayın 3-5-də də regiona növbəti səfəri çərçivəsində ölkəmizin başçısı burada görülən işləri yüksək qiymətləndirərək deyib: "Naxçıvanda çox geniş quruculuq, abadlıq işləri aparılır, şəhər gözəlləşir, yeni binalar tikilir, köhnə binalar təmir edilir. Bir sözlə, hər bir Naxçıvan sakini əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər..."

Cari ilin birinci yarısının yekunları Naxçıvan Muxtar Respublikası üçün çox uğurlu olub. Muxtar respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-iyun aylarında bölgənin iqtisadi və sosial sahələrində baş verən dəyişiklikləri əks etdirən makroiqtisadi göstəricilər artmış, istehsal sahələrində məhsul istehsalının, xidmət sahələrində işlərin həcmi genişlənmişdir.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM-in həcmi 31,1 faiz artaraq 417 milyon 433 min manat olub. Ümumi daxili məhsulun adambaşına həcmi bir il əvvəlki göstəricini 34,9 faiz üstələyib.
Məqsədyönlü islahatlar nəticəsində sənaye yenə də muxtar respublika iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olub. Sənaye müəssisələrinin işinin bərpası, istehsal olunan məhsulun həcminin və çeşidinin artırılması istiqamətində aparılan tədbirlər öz bəhrəsini verir. Bu müddət ərzində sənaye profilli təsərrüfat subyektlərinə 5 milyon 720 min manat həcmində kreditlər verilib. Başlıca diqqət rəqabətədavamlı sənaye məhsulları istehsalının dəstəklənməsinə və ixracyönümlü istehsal sahələrinin yaradılmasına yönəldilib. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrin geniş şəbəkəsinin təşkili də həyata keçirilən tədbirlərdəndir. Cari ilin ilk yarısında 106,7 milyon manatlıq məhsul istehsal olunmuş, 2008-ci ilin müvafiq dövründəki göstəricini 22,7 faiz üstələmişdir. İstehsal olunan məhsulun 90 milyon manatı qeyri-dövlət sektorunun payına düşüb. Hazır məhsul qalığı minimum həddə enib. Bu o deməkdir ki, regionda alıcı məsələsi həllini tapmayan məhsullar istehsal olunmur.

Sənaye potensialının davamlı yüksəlişini və yerli məhsulların ixracına yönəldilən xüsusi dövlət dəstəyini sübuta yetirən başqa bir fakt: cari ilin ilk altı ayı ərzində daxili tələbatdan artıq istehsal olunan 22,3 milyon ABŞ dolları dəyərində 35 növdə sənaye məhsulu xarici ölkələrə ixrac olunub. Ümumilikdə isə, muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 91 milyon 697 min 300 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb, bir il öncəki müvafiq səviyyəni 2,5 dəfə üstələyib. Xarici ticarət dövriyyəsində ilk dəfə olaraq ixracın həcmi idxalı üstələyərək 7 milyon 12 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. İxracın həcmi isə son bir il ərzində 4,5 dəfə artıb.

Yerli istehsalın artımı müqabilində ərzaq məhsullarının idxalı da xeyli aşağı düşüb. Muxtar respublika Dövlət Statistika Komitəsinin məlumatına görə, əgər 1995-ci ildə idxalın 91 faizini ərzaq və gündəlik istehlak malları təşkil edirdisə, bu göstərici cari ilin ilk yarısında 23 faizə enib. Bu müddətdə 29 milyon ABŞ dolları həcmində ərzaq və kənd təsərrüfatı məhsulları isə muxtar respublikadan kənara ixrac olunub. Dövlət başçısı İlham Əliyev budəfəki səfəri çərçivəsində keçirdiyi görüşlərdə bu amili xüsusi vurğulayıb: "Naxçıvanda sənaye obyektlərinin tikintisi uğurla gedir və artıq muxtar respublikanın çox önəmli ixrac potensialı yaradılır".

Diqqəti cəlb edən əsas amillərdən biri ümumi daxili məhsul istehsalında tikinti-quraşdırma işlərinin xüsusi çəkisinin davamlı artmasıdır. 2009-cu ilin yanvar-iyun aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 202 milyon manat həcmində investisiya yönəldilib. 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 76,3 faiz və ya 174,5 milyon manat artıb. Muxtar respublikanın tikinti təşkilatlarının öz gücləri ilə gördükləri işlərin həcmi 157 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,7 faiz çoxdur.

Muxtar respublika ərazisində tikinti-quruculuq işləri böyük vüsətlə aparılır. İlin ilk altı ayında bölgədə irili-xırdalı 200-dən artıq obyektdə tikinti və ya əsaslı təmir işləri aparılıb. Yeni təhsil ocaqlarının inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, informasiya-kommunikasiya texnologiyaları üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi davam etdirilib. Hazırda Naxçıvan şəhəri ilə yanaşı rayon mərkəzlərində və kəndlərdə 8 ümumtəhsil məktəb binasının, 4 məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisəsinin tikintisi və ya yenidən qurulması işi sürətlə aparılır.

Naxçıvan şəhərindəki 1008 şagird yerlik 8 nömrəli təhsil ocağının əsaslı şəkildə təmir edilərək yenidən qurulması və müasir texnoloji avadanlıqlarla təmin olunması onu qabaqçıl məktəblər sırasına çıxardıb. 4 və 2 nömrəli orta məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işləri də təhsil ocaqlarının simasını tamamilə dəyişib. Şərur rayonunun ucqar yaşayış məskəni olan Havuş kəndindəki məktəb binasında aparılan əsaslı təmir işləri zövqlə başa çatdırılıb. Naxçıvan şəhərindəki Türk liseyinin, Şərur rayonunun Aşağı Daşarx, Tumaslı, Culfa rayonunun Ərəzin, Şahbuz rayonunun Badamlı kəndlərində müasir layihə əsasında inşa olunan təhsil ocaqları yeni dərs ilində istifadəyə veriləcəkdir.

Təhsil sahəsində aparılan quruculuq işləri məktəbdənkənar və məktəbəqədər tərbiyə müəssisələrini də əhatə edib. Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Sarayı yenidən qurulandan sonra şəhərin ən gözəl və yaraşıqlı obyektlərindən birinə çevrilib. Naxçıvan şəhərində 100 yerlik 15 saylı, 200 yerlik 12 saylı uşaq bağçaları da cari ilin təzə obyektlərindəndir. Şərur şəhərindəki 160 yerlik məktəbəqədər tərbiyə müəssisəsinin tikintisində işlər sürətlə davam etdirilir. Ordubad şəhərindəkiı 3 mərtəbəli uşaq musiqi məktəbində tikinti işləri tamamlanmaq üzrədir. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki 320 yerlik uşaq musiqi məktəbi isə ilin əvvəllərində qapılarını müəllim və şagirdlərin üzünə açıb.

Ali təhsil ocaqlarının və elmi tədqiqat mərkəzlərinin tikintisi də diqqət mərkəzində olub. Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və xarici dillər fakültəsi üçün inşa olunan 4 mərtəbəli tədris korpusu müasir standartlar əsasında inşa olunur. AMEA-nın Naxçıvan Bölməsi üçün biokimyəvi tədqiqatlar laboratoriyası daha bir yenilikdir.

Naxçıvan şəhərində müasir standartlara cavab verən 100 çarpayılıq Doğum mərkəzinin, Şahbuz rayonunda 40 çarpayılıq mərkəzi xəstəxananın tikintisi yüksək keyfiyyətlə başa çatdırılmış, həmin obyektər bu ilin avqust ayının əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmişdir. Doğum mərkəzinin açılışında "Körpələrin sağlam doğulması və gənc nəslin sağlam böyüməsi üçün çox böyük əhəmiyyəti olan bu doğum evi yüksək keyfiyyətlə tikilibdir, burada ən gözəl avadanlıqlar quraşdırılıbdır" - deyən dövlətimizin başçısı ictimaiyyət nümayəndələri ilə görüşündə onu da bildirib ki, bu mərkəz dünya standartları səviyyəsində inşa olunub, onu dünyanın istənilən ən inkişaf etmiş ölkəsindəki tibb müəssisəsi ilə müqayisə etmək olar.

Duzdağ Fizioterapiya Mərkəzində-yeraltı nadir müalicəxanada yeni sahələrin yaradılması, Onkoloji mərkəzin inşasının başa çatdırılması, Şərur rayonunun Tumaslı və Babək rayonunun Sirab kəndlərində həkim ambulatoriyalarının tikintisi də dövlətin öz vətəndaşlarına göstərdiyi qayğının nümunəsidir.

Hesabat dövrü ərzində mədəniyyət sahəsində görülən ən mühüm işlərdən biri Heydər Əliyev Sarayında və Cəlil Məmmədquluzadənin ev-muzeyində əsaslı təmir və yenidənqurma işlərinin başa çatdırılması olub. Prezident İlham Əliyev həmin sarayın əsaslı yenidənqurmadan sonra açılış mərasimində də iştirak edib, yüksək zövqlə həyata keçirilən quruculuq tədbirlərindən razılığını bildirib.

Heydər Əliyev Sarayında 943 yerlik konsert və 276 yerlik konfrans salonları var. "Gəmiqaya" MMC-nin yenidən qurduğu sarayın ikinci mərtəbəsindəki 198 nəfərlik konfrans zalında üç dildə sinxron tərcümə aparmaq üçün texniki vasitələr quraşdırılıb. Burada ali qonaqlar üçün ayrılmış otaq da vardır. İkinci mərtəbədəki iki foyedə minə qədər tamaşaçının istirahəti üçün hər cür şərait yaradılıb. Eni 35, uzunluğu 94 metr olan ikimərtəbəli səhnə böyük konsert proqramlarının, muxtar respublikanın və ölkəmizin həyatı ilə bağlı mərasimlərin keçirilməsinə imkan yaradır. Muxtar respublikanın 85 illik yubiley tədbiri də burada keçirilib. Yubiley mərasimindəki nitqində dövlətimizin başçısı bir daha muxtar respublikada görülən işlərdən razı qaldığını bildirərək deyib: "Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir." Cari ilin ilk yarısında Naxçıvan və Şərur şəhərlərində uşaq-gənclər idman məktəblərinin inşası, üzgüçülük mərkəzinin təmiri davam etdirilmiş, Şərur şəhərində Olimpiya-İdman Kompleksinin, Naxçıvan şəhərində Şahmat Mərkəzinin tikintisi başa çatdırılmışdır. Beynəlxalq standartlara uyğun inşa olunan bu obyektlər də ölkəmizin başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Dövlət başçısı bu obyektlərdə yaradılan şəraiti də yüksək qiymətləndirib: "Şərurda belə gözəl idman qurğusu açılıb. Böyük hadisədir. Həm idmançılar üçün, həm rayon sakinləri üçün burada bütün şərait yaradılıb. Həm idman mərkəzi, eyni zamanda, istirahət zonası vardır. Üzgüçülük hovuzu, gözəl mehmanxana, açıq meydançalar..." Prezident ona da əmin olduğunu bildirib ki, bu imkandan həm idmançılar, həm də Şərur rayonunun sakinləri səmərəli istifadə edəcəklər.

Ən müasir avadanlıqla təchiz edilmiş Şahmat Mərkəzində 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompüter otağı vardır. Böyük yarış salonundakı 65 şahmat masasından 12-si internetə qoşulub. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar. Kiçik yarış salonunda isə 25 masa yerləşdirilib.

Muxtar respublikanın əsas magistrallarından sayılan Naxçıvan-Sədərək yolunun beynəlxalq standartlara uyğun yenidən qurulması, burada əsaslı tikinti işlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bu yol Azərbaycanı qardaş Türkiyə ilə birləşdirən yeganə quru yoldur. Burada tikinti işlərinə 2008-ci ilin martında başlanmışdır. Yolun ümumi uzunluğu 78,5 kilometr, eni 23 metrdir. Cari ilin birinci yarısında onun əsas hissəsində tikinti işləri başa çatdırılıb. Yolda dördzolaqlı hərəkət xətti təmin olunmuş, müasir işıqlandırma sistemi yaradılmışdır, qalan hissədə tikinti işləri sürətlə davam etdirilir. İlin sonunadək həmin yol Sədərək-Türkiyə sərhəd-keçid məntəqəsinə qədər çəkiləcəkdir.

Muxtar respublika iqtisadiyyatındakı sabit artım tempi səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırıb. Bu ilin ilk altı ayı ərzində açılan 2474 iş yerindən 1833-ü və ya 76 faizi daimidir. Ümumiyyətlə, 2003-cü il oktyabr ayının 1-dən 2009-cu il iyul ayının 1-dək muxtar respublikada 39547 yeni iş yeri açılmışdır ki, onun da 25558-i və ya 65 faizi daimidir. Yeni açılmış iş yerlərinin tən yarısı son illərdə yaradılmış müəssisə, təşkilatların və fiziki şəxslərin yaratdıqları təsərrüfatların payına düşüb.

Cari ilin birinci yarısında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 260 manat təşkil edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. Əhalinin gəlirləri 42,1 faiz artaraq 401 milyon manatı ötüb. Muxtar respublika ərazisində fəaliyyət göstərən bank strukturlarında əhalinin əmanətinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 776 min manat artaraq 2,6 milyon manata çatması da iqtisadi inkişafın bariz nümunəsidir.

Demoqrafik göstəricilər artımla müşahidə olunub. 1 iyul 2009-cu il tarixə muxtar respublika əhalisinin sayı bir il əvvəlkinə nisbətən 13 min 4 nəfər artaraq 399 min 178 nəfərə çatıb. Cari ilin altı ayı ərzində 3 min 356 uşaq doğulmuşdur ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Araşdırmalar göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş bölgələrdə hüquqpozmaların sayı digər yerlərlə müqayisədə xeyli aşağı olur. Bunu Naxçıvan MR-in timsalında da aydın görmək olar. Bu, həm də hüquq-mühafizə orqanlarının profilaktik tədbirlərə üstünlük verməsi nəticəsində mümkün olub. Başqa sözlə, hesabat dövrü ərzində muxtar respublikanın inzibati ərazisində minimal həddə cinayət hadisəsi qeydə alınıb.

Bütün bunlar o deməkdir ki, Naxçıvan Muxtar Respublikasında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da uğurla həyata keçirilir.

Regionun təbii və əmək potensialından səmərəli istifadə olunur, sənaye və kənd təsərrüfatının inkişafı sürətlənir, infrastruktur təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir, əhaliyə göstərilən kommunal xidmətlər yaxşılaşdırılır, məşğulluq səviyyəsi artırılır, yeni sosial obyektlərin inşası və yenidən qurulması davam edir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 1, 2.