Azərbaycan "Şərq tərəfdaşlığı"
çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığını
daha da dərinləşdirir
Avratlantik məkana
inteqrasiya ilə bağlı fəal siyasət yürüdən
Azərbaycanın bu istiqamətdə atdığı
addımlar Qərbdə geniş təqdir olunmaqdadır. Elə bunun nəticəsidir ki,
müxtəlif beynəlxalq təşkilatlar, eləcə də
ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın
daha da genişləndirilməsini xarici siyasətlərinin
prioritet istiqamətləri hesab edirlər. Belə vəziyyətdən
məharətlə istifadə edən Azərbaycanın milli
maraqları çərçivəsində atdığı
addımlar onun ümumilikdə Avratlantik məkana, buraya daxil
olan dövlətlərlə qarşılıqlı əlaqələrini
möhkəmləndirməkdədir.
Buna misal kimi Latviya
Prezidenti Valdis Zatlersin ölkəmizə rəsmi səfərini
və səfər zamanı müzakirə edilən məsələləri,
eləcə də iki ölkə arasında münasibətlərin
daha da inkişaf etdirilməsi məqsədilə imzalanan sənədləri
göstərmək olar. Azərbaycanla əlaqələrinin
daha da genişləndirilməsində maraqlı olan Latviya
ölkəmizin NATO və Avropa İttifaqı ilə əməkdaşlığına
da böyük dəstək verməkdədir. Bununla
bağlı Prezident İlham Əliyev demişdir: "Biz NATO
və Avropa İttifaqı ilə apardığımız əməkdaşlığa
Latviyanın verdiyi dəstəyə görə minnətdarıq.
Azərbaycan NATO-nun Fərdi tərəfdaşlıq və əməkdaşlıq
planında fəal iştirak edir. Biz, eyni zamanda, Avropa
İttifaqının "Şərq tərəfdaşlığı"
proqramının üzvüyük və təşkilatlar
çərçivəsində ölkələrimiz
arasındakı əməkdaşlıq, həmçinin bizim
müxtəlif sahələrdəki əlaqələrimizin
inkişafına yardım edəcəkdir".
Perspektivdə isə Azərbaycan
Avropa İttifaqı ilə əməkdaşlığın
yeni sahələrinin inkişafına xüsusi maraq göstərir
və "Şərq tərəfdaşlığı"
proqramı buna zəmin yaradır. Latviya isə "Şərq
tərəfdaşlığı" proqramına və bu
proqram çərçivəsində Azərbaycanla Avropa
İttifaqı arasında əməkdaşlığın
inkişafına və onun yeni sahələrinin
açılmasına dəstək verməyə hazır
olduğunu ən yüksək səviyyədə bəyan
edir. Ölkəmizə səfəri çərçivəsində
Lativiya Prezidenti Valdis Zatlers bununla bağlı bildirmişdir:
"Avropa İttifaqı ilə Azərbaycan arasında daha
geniş inteqrasiyanın baş tutmasına yönəlmiş
bu təşkilatın "Şərq tərəfdaşlığı"
proqramına mümkün qədər dəstək verəcəyik".
"Şərq tərəfdaşlığı"
proqramı Azərbaycanın Avropaya inteqrasiyasında
mühüm rol oynamaqla yanaşı, ölkəmizə
iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd
edir. Məlumat üçün bildirək ki, bu proqram 2008-ci
ilin may ayında Avropa İttifaqının üzvləri olan
Polşa və İsveç tərəfindən irəli
sürülüb. "Şərq tərəfdaşlığı"
proqramına oxşar sənədi isə Avropa İttifaqı
hələ 2004-cü ildə Polşa və Litva ilə
imzalayıb. Sonradan bu
dövlətlərin hər ikisi Avropa İttifaqına üzv
seçilib. Bu mənada hesab edilir ki, proqramın əsas məqsədi
iştirakçı dövlətlərin perspektivdə Avropa
İttifaqına üzvlüyünü sürətləndirmək
və bu istiqamətdə əməli addımlar atmaqdır.
Ümumiyyətlə,
"Şərq tərəfdaşlığı"
proqramı Avropa İttifaqının son illərdə Şərq
qonşuları ilə inkişaf etdirdiyi əlaqələrinin
dərinləşməsinə xidmət edir. Proqramda tərəflər arasında əlaqələr
(məsələn, Assosiasiya Sazişləri, Dərin Azad Ticarət
Məkanları, vizaların liberallaşdırılması)
aydın təsvir edilir və iqtisadi tənəzzülə
qarşı mübarizə aparmaq üçün əməkdaşlıq
sahəsini yenidən diqqət mərkəzinə çevirməklə
ona çoxtərəfli istiqamət verir. Bununla yanaşı,
proqrama əsasən, Avropa İttifaqı tərəfdaş
ölkələrdə aparılan islahat və müasirləşdirmə
prosesini dəstəkləmək və tərəfdaşların
müstəqilliyi və onların sabitliyinə töhfə
vermək üçün qonşularına sərmayə
qoymağı öz üzərinə götürür.
"Şərq tərəfdaşlığı"
proqramı irəli sürülərkən ilkin olaraq beş
ölkə üçün əməkdaşlıq nəzərdə
tutulmuşdu. Bunlar Azərbaycan,
Gürcüstan, Ermənistan, Ukrayna və Moldova idi. Lakin
sonradan Avropa İttifaqı Belarusu da bu proqrama qatmaq niyyətində
olduğunu açıqladı və rəsmi Minsklə
aparılan danışıqlar müsbət nəticə
verdi. Bütün bunlardan sonra əməli işə
keçmək məqsədilə ötən ilin dekabrın əvvəllərində
Avropa Komissiyasının beynəlxalq əlaqələr və
Avropa Qonşuluq Siyasəti üzrə komissarı Benita
Ferrero-Valdner təmsil etdiyi qurumun "Şərq tərəfdaşlığı"
kommunikesini Avropa Parlamentinə və Avropa İttifaqı
Şurasına təqdim etdi. Kommunikeyə əsasən, Avropa
Komissiyası Azərbaycan, Belarus, Gürcüstan, Moldova,
Ukrayna və Ermənistanla yaxın illər ərzində
assosiativ saziş imzalanmasını və bu ölkələrin
Avropa İttifaqına inteqrasiyası meyillərini dəstəkləməyi
təklif edirdi.
Kommunikedə o da qeyd
olunurdu ki, bu sazişlər 2004-cü ildə genişləndirmə
siyasətindən əvvəl Polşa və Litva ilə
imzalanmış sazişin təkrarı olacaq. Düzdür, burada o da bildirilirdi
ki, "Şərq tərəfdaşlığı"
proqramına daxil olan ölkələrin gələcəkdə
Avropa İttifaqına qəbuluna dair vədlər öz əksini
tapmayacaq. Lakin bu vədlərin olmamasına rəğmən, əslində,
"Şərq tərəfdaşlığı"
proqramının mahiyyəti elə bunun üçün təşəbbüslə
çıxış edən dövlətlərin Avropa
İttifaqına inteqrasiyasını sürətləndirməkdən
ibarətdir.
"Şərq tərəfdaşlığı"
proqramına daxil edilən ölkələrə, o cümlədən
Azərbaycana xeyli üstünlüklər vəd edilir. Məsələn, yuxarıda qeyd
olunan kommunikedə "Şərq tərəfdaşlığı"
proqramında iştirak edən ölkələrlə
ümumi daxili bazarın formalaşdırılması məqsədilə
tədbirlər planının hazırlanması nəzərdə
tutulur. Bu tədbirlər öncə vahid və hərtərəfli
azad ticarət zonalarının yaradılmasını
özündə ehtiva edir. Bildirilir ki, həmin zonalar ümumi
daxili bazarın inkişafı üçün baza olmalı və
Avropa İttifaqının İslandiya, Norveç və
Lixtenşteynlə mövcud xüsusi iqtisadi zonasına bənzəməlidir.
Kommunikedə daha bir
maraqlı məqam isə Azərbaycan, Belarus, Gürcüstan,
Moldova, Ukrayna və Ermənistanla Avropa İttifaqının dəqiq
və uzunmüddətli həmrəyliyə yönəlmiş
birgə tədbirlər həyata keçirməsi, həmçinin
tərəfdaş ölkələrin vətəndaşları
üçün müəyyən imtiyazların verilməsidir.
Belə imtiyazlara misal
olaraq "Şərq tərəfdaşlığı"nın
perspektivdə tərəfdaş ölkələrin vətəndaşları
üçün vizasız rejimin tətbiqinin nəzərdə
tutulması göstərilə bilər.
Bütün bunlar
"Şərq tərəfdaşlığı"
proqramının Azərbaycan üçün nə qədər
vacib olduğunu, həmçinin Avropa İttifaqı ilə əməkdaşlıqda
yeni səhifələr açdığını aydın
göstərir. Məhz
bu səbəbdən Avropa İttifaqına üzv ölkələrin,
o cümlədən də Latviyanın sözügedən
proqram çərçivəsində Azərbaycana tam dəstək
verməsi mühüm əhəmiyyət kəsb edir. Belə
dəstək qazanılması isə öz növbəsində
Azərbaycanın xarici siyasətinin uğurlarının daha
bir göstəricisi hesab olunur.
Avropa
Komissiyasının beynəlxalq əlaqələr və Avropa
Qonşuluq Siyasəti üzrə komissarı tərəfindən
təqdim edilən kommunikedə yer alan bəzi məqamlar isə
həm də Avropa İttifaqının Azərbaycanla
qarşılıqlı işbirliyini gücləndirməkdə
nə dərəcədə maraqlı olduğunu meydana
çıxarıb. Belə ki, sənəddə enerji sahəsində
əməkdaşlıq üzrə Avropa İttifaqının
bu sahədə təhlükəsizliyinin təmininə xidmət
edəcək qarşılıqlı anlaşma haqqında
memorandumlar imzalamaq təklif olunur. Belə əməkdaşlıq
ümumi idarəçilik, enerji hasilatçısı,
tranziti və istehlakçısı olan ölkələrin
birgə boru kəmərləri kompaniyalarına sahibliyini nəzərdə
tutur. "Şərq tərəfdaşlığı"na
daxil edilən ölkələr arasında isə yalnız Azərbaycanın
zəngin karbohidrogen ehtiyatlarına malik olması nəzərə
alınarsa, deməli, Avropa İttifaqının enerji təhlükəsizliyinin
təminində əsas rol oynaya bilən tərəf də məhz
ölkəmizdir. Latviyalı həmkarı ilə
görüşdə Prezident İlham Əliyev bununla əlaqədar
bildirmişdir: "Energetika əməkdaşlığı
bizim Avropa İttifaqı ilə münasibətlərimizin
xüsusi bir hissəsini təşkil edir.
Biz enerji məsələləri
ilə bağlı yüksək səviyyəli müzakirələr
aparırıq. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində mühüm rol oynayır. Biz enerji
ehtiyatlarımızı müxtəlif istiqamətlərdə
nəql edən boru kəmərlərini çəkmişik,
Avropa İttifaqının bazarlarına
çıxışı əldə etmişik və gələcəkdə
daşınan enerji ehtiyatlarının həcmi daha da
artacaqdır. Bu, hər iki tərəfə imkan yaradacaq ki, bu
məhsuldar əməkdaşlıqdan bəhrələnsin".
Latviya isə Azərbaycanın
Avropanın enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynamaqla yanaşı, Xəzər regionunun
enerjidaşıyıcılarının Qərbə
çatdırılmasında da əsas dövlətlərdən
biri kimi qəbul olunduğunu bəyan edir. Prezident Valdis Zatlersin sözlərinə
görə, Latviya Avropa İttifaqının üzv ölkəsi
kimi enerji marşrutlarının mənbə və
çatdırılmasının diversifikasiyasında
maraqlıdır: "Ona görə də biz Azərbaycana Xəzər
regionunun enerjidaşıyıcılarının Avropaya
çatdırılmasında aparıcı oyunçulardan
biri kimi baxırıq. Latviya "Nabukko" layihəsində
birbaşa iştirak etməsə də, onun uğur
qazanmasında maraqlıdır və ümid edirik ki, gələcəkdə
Azərbaycanın təbii qazı "Nabukko" qaz kəməri
vasitəsilə Avropaya çatdırılacaq". Yeri gəlmişkən
qeyd edək ki, Avropa İttifaqının xüsusi maraq dairəsində
olan "Nabukko" layihəsində Azərbaycana ayrılan
rol da Avropanın enerji təhlükəsizliyinin təminatında
Azərbaycanın nə dərəcədə vacib rol
oynadığını bariz şəkildə nümayiş
etdirir.
Bütün bunlar
"Şərq Tərəfdaşlığı"
proqramının Azərbaycanın Avropa İttifaqı ilə
əlaqələrinin daha da yaxınlaşmasına və
genişlənməsinə ciddi təkan verdiyini əyani şəkildə
təsdiqləyir.
Göstərilənlərlə
yanaşı, Azərbaycan və Latviya NATO çərçivəsində
də sıx əməkdaşlıq edir və burada da rəsmi
Riqa ölkəmizə tam dəstək verir. Hazırda Azərbaycan və Latviya
NATO-nun Əfqanıstanda İSAF missiyası çərçivəsində
əməkdaşlıq həyata keçirməkdədir.
Prezident Valdis Zatlers bu missiyaya verdiyi dəstəyə görə
ölkəsinin Azərbaycana minnətdarlığını
bildirərək bunu yüksək dəyərləndirdiyini qeyd
edib.
Beləliklə, Azərbaycan
və Latviya arasında qarşılıqlı əlaqələrin
kifayət qədər yüksək səviyyədə
olduğu və perspektivdə bunun daha da genişlənəcəyi
aydın görünür. İki ölkə arasında sıx surətdə
inkişaf edən bu əməkdaşlıq həm də
dövlətlərimizin müxtəlif beynəlxalq təşkilatlarda
bir-birinə dəstək verməsi ilə müşayiət
olunmaqdadır. Bu da öz növbəsində beynəlxalq
arenada hər iki dövlətin mövqeyinin güclənməsinə
xidmət edir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 16 avqust.- S. 3.