Ermənistanın dövlət səviyyəsində terroru dəstəkləməsi dünya üçün ciddi təhlükəyə çevrilir

 

Beynəlxalq arenada işğalçı və daim özgə torpaqlarında gözü olan dövlət kimi tanınan Ermənistan dünya miqyasında terrorçu ölkə imici də qazanmışdır. Hazırda Ermənistanın öz siyasətində terrordan istifadə etməsi və beynəlxalq miqyasda terrora dəstək verməsi dünya birliyini narahat edir. O da məlumdur ki, Ermənistan müxtəlif terrorçu təşkilatların silahla təmin edilməsində, belə təşkilatlara müxtəlif mənbələrdən silah çatdırılmasında tranzit nöqteyi-nəzərindən də fəal rol oynayır.

Qeyd edilənlər fonunda isə İsrailin bu ilin fevralında Ermənistana təyin olunmuş, amma iqamətgahı Təl-Əvivdə yerləşən səfiri Şemi Surun bu ölkəyə səfəri və səfərin məqsədi haqda elə erməni media orqanlarında yayılan məlumatlar xüsusi maraq doğurur. Şemi Surun bir neçə gün əvvəl Ermənistana baş tutmuş səfəri barədə Yerevan rəsmiləri əvvəlcədən ictimaiyyətə heç bir açıqlama verməyiblər. Səfər barədə İsrail mətbuatında məlumat gedəndən sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan belə açıqlama verib ki, Ermənistan XİN rəhbəri hər gün onlarla səfiri qəbul edir və onların hamısı barədə ictimaiyyətə məlumat verməyə ehtiyac yoxdur. Amma nəzərə alsaq ki, İsrail diplomatik nümayəndəliyin mərkəzi ofisi Təl-Əvivdə yerləşir, onda bu səfərin hansı məqsədlə gizli saxlanılması maraq doğurur.

Ermənistanın bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, İsrail səfirinin səfəri əslində Ermənistanın Livanın "Hizbullah" hərəkatı üçün silah daşınmasında vasitəçi dövlət kimi çıxış etməsi ilə əlaqədar olub. Ermənistanın sözügedən hərəkat üçün silah daşınmasında vasitəçi funksiyası rolunu yerinə yetirməsinə dair məlumatlar isə bir müddət əvvəl İtaliyanın aparıcı mətbu orqanlarından biri olan "Corriere della sera" qəzetində yer alıb.

Düzdür, Ermənistan rəsmən Şemi Surun səfərinin bilavasitə qeyd edilən məsələ ilə əlaqədar olduğunu təsdiqləmir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan qeyd edir ki, səfər zamanı israilli diplomatın xarici işlər nazirinin müavini Arman Kirakosyanla görüşü baş tutub və iki ölkə arasındakı münasibətlər müzakirə edilib. Tiqran Balayan Ermənistanın "Hizbullah" hərəkatı üçün silah daşınmasında vasitəçi dövlət kimi çıxış etməsinə dair isə hər hansı müzakirələrin olmadığını bildirib. Lakin Ermənistan mediasında yer alan fikirlərdən belə aydın olur ki, əslində Şemi Surun səfəri məhz Ermənistanın İsrailə qarşı çıxan qüvvələrə silah çatdırılmasına yardım etməsi ilə əlaqədar olub. Hələlik bu məsələ ilə bağlı əlavə məlumat verilməsə də, aydındır ki, Ermənistanın belə hərəkətləri cavabsız qalmayacaq və bu, Ermənistan-İsrail əlaqələrinə təsirsiz ötüşməyəcəkdir.

Gizli deyil ki, Ermənistanın terrorçu qüvvələrə silah yardımı etməsi və dəstək göstərməsi halı artıq bu ölkənin həyata keçirdiyi siyasətin ana xətlərindən birini təşkil edir. Bunun regionda ən bariz nümunələrindən biri də Ermənistanın uzun illərdən bəri Türkiyə əleyhinə mübarizə aparan PKK terror təşkilatı ilə sıx işbirliyidir. Türkiyə mediasında da dəfələrlə yer alan məlumatlardan məlum olur ki, PKK-nın əsas düşərgələrindən biri də məhz Ermənistanda yerləşir. PKK-çıların bəzi hallarda Türkiyə ərazisinə Ermənistandan müdaxilə etdiyinə dair faktlar da mövcuddur.

Yayılan məlumatlardan belə aydın olur ki, İraqın şimalında sıxışdırılan PKK yaraqlılarının bir hissəsi əsas etibarı ilə 2007-ci ilin sonlarından başlayaraq Ermənistana və Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşməkdədir. Həmçinin bildirilir ki, çox vaxt silahsız olaraq mülki geyimdə Ermənistana keçən PKK-çılar bu ölkədən aldığı silahlarla Türkiyənin sərhəd bölgələrinə keçməyə çalışırlar. Artıq Ermənistanın yardımı ilə PKK terrorçularının bir hissəsinin Azərbaycanın işğal edilmiş bölgələrində düşərgə qurması da məlumdur. PKK üzvlərinə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin və polisinin hərtərəfli yardım göstərməsinə dair indiyə qədər xeyli fakt toplanıb. Bildirilir ki, əvvəlki kimi PKK-çılar Ermənistanda çox rahat gəzib dolaşır və fəaliyyət göstərirlər. Türkiyədən Ermənistana keçmiş terrorçuların maliyyə qaynağının biri kimi isə məhz rəsmi Yerevan özü çıxış edir. Ermənistanın rəsmi hakimiyyət strukturları ilə yanaşı, ASALA terror təşkilatını yaradıb Türkiyəyə qarşı terror aksiyaları təşkil edən qatı millətçi "Daşnaksütyun" və "Hnçak" partiyalarının mənsubları da PKK ilə sıx təmaslardadır.

Məlumatlara görə, PKK-çılar Yerevanın yaxınlığındakı düşərgələrdə də təlim keçirlər. PKK-çılara bunu Ermənistan ordusunun zabitləri və ya Qarabağ müharibəsinin veteranları həyata keçirir və onlara silahlar verilir. Rəsmi sənədlərdə bu silahlar istismardan çıxarılmış kimi göstərilir. Silahlandırılan və təlim görən PKK-çılar isə daha sonra Türkiyəyə, yaxud İraqın şimalına göndərilir. Onu da qeyd edək ki, Türkiyə tərəfinə təslim olan PKK-çılar da Ermənistanla əlaqələrinin olduğunu təsdiq ediblər. Hətta onlar etiraf ediblər ki, PKK Ermənistandan daşınan və stasionar hava hücumundan müdafiə texnikası alırlar. Təslim olan PKK-çılar bildirirlər ki, hava hücumundan müdafiə texnikası ilə necə davranmağı onlara Ermənistan ordusunun zabitləri başa salıblar. Xaricdəki erməni lobbisi də sözügedən terror təşkilatına müntəzəm olaraq yardım göstərməkdədir.

Bütün bunlar Ermənistanın terrorçu dövlət mahiyyətini bir daha açıq şəkildə təsdiqləyir və dövlət səviyyəsində terror həyata keçirən bu ölkənin təkcə region yox, bütün dünya üçün nə dərəcədə təhlükəli olduğunu əyani nümayiş etdirir. Həmçinin o da aydın görünür ki, erməni terrorundan təkcə Azərbaycan və Türkiyə yox, bütün dünya əziyyət çəkməkdədir. Bu səbəbdən beynəlxalq birliyin terrorçu Ermənistana qarşı müvafiq tədbirlər görməsi artıq zəruri tələbə çevrilib.

O da xüsusi olaraq qeyd edilməlidir ki, Ermənistanda dövlət səviyyəsində dəstəklənən terror müxtəlif vaxtlarda bu ölkənin hakimyyəti tərəfindən öz xalqına qarşı da istifadə olunmaqdadır. Buna misal olaraq ötən ilin martın 1-də Ermənistanda baş verən hadisələri göstərmək olar. Elə indi də Ermənistan iqtidarı rəqiblərini sıradan çıxarmaq üçün siyasi təqiblərlə yanaşı terrordan da istifadə edir.

Tezliklə Ermənistan daxilində yeni təqiblərin, terror dalğasının başlanması barədə xəbərlər yayılır. Çünki Ermənistanda siyasi hadisələr yenidən kifayət qədər gərgin məcrada inkişaf etməkdədir. Buna əsas səbəb ölkə müxalifətinin fəallaşması, regionlarda keçirdikləri görüşlər, iqtisadi tənəzzül, eləcə də rəsmi Yerevanın diplomatik məğlubiyyətidir. Sonuncu səbəbə görə, Ermənistanın Marksist Partiyası Prezident Serj Sarkisiyanın istefası tələbiylə çıxış edib. Partiyanın sədri David Akopyan bildirib ki, ermənilər bundan sonra da xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin prioritet təşkil etməsini istəyirlərsə, dövlət başçısının istefaya göndərilməsi tələbi ilə çıxış etməlidirlər. Çünki artıq beynəlxalq aləm Sarkisyana təzyiq göstərərək, onu Azərbaycanla razılığa gəlməyə məcbur edir.

İşğalçı siyasətinə görə beynəlxalq arenada qınaq obyektinə çevrilən Ermənistanda dünyanın aparıcı dövlətləri ittiham obyektinə çevrilib. Ermənilər həmin dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması barədə razılığa gəldiklərini bildirirlər. Ölkə parlamentində təmsil olunan "İrs" partiyasından olan millət vəkili Vardan Xaçaturyan qeyd edir ki, Ermənistan nəhəng dövlətlərin böyük oyununun qurbanına çevrilə bilər. Onun sözlərinə görə, regionda marağı olan dövlətlər artıq bir sıra məsələlərdə razılığa gəliblər. Xaçaturyan Ankara-Moskva münasibətlərinin yüksələn xətt üzrə davam etməsinin Ermənistanda narahatlıqla qarşılandığını da bildirib. Konstitusiya Hüquqları İttifaqı Partiyasının sədri Ayk Babuxanyan isə amerikalı diplomat Mətyu Brayzənin Ermənistanda persona-non-qrata elan olunmasını təklif edib. O, Azərbaycanın 7 rayonunun qaytarılması barədə Brayzənin açıqlamasını yada salaraq bildirib ki, Ermənistan hakimiyyətinin buna reaksiya verməməsi, pərdəarxasında hansısa razılaşmanın əldə olunmasından xəbər verir.

Belə bir vaxtda isə erməni müxalifətinin radikal qanadı olan Ermənistan Milli Konqresi cümə aksiyalarını və yürüşlərini bərpa etdiyini açıqlayıb. Bununla bağlı konqresin bəyanatında deyilir ki, müxalifət qəzetinin redaktoru Nikol Paşinyan həbsdə olduğu müddətdə tərəfdarları onun səsinin hər bir vətəndaşa çatması üçün nə lazımdırsa edəcək.

Qeyd edək ki, müxalif meyilli "Aykakan jamanak" qəzetinin redaktoru Nikol Paşinyana qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmədə və kütləvi iğtişaşların təşkilində ittiham olunur. Xatırladaq ki, 2008-ci il 19 fevral tarixində Ermənistanda prezident seçkisi keçirilib. Seçkinin nəticələrinə etiraz edən müxalifət fevralın 20-dən Yerevanın mərkəzində mitinq keçirib səsvermənin nəticələrinə etiraz edib. 1-2 mart tarixində hüquq-mühafizə orqanları mitinq iştirakçılarına qarşı silahla zor tətbiq ediblər. Nəticədə 10 nəfər ölüb, 200 nəfərdən çox adam yaralanıb. Bir çox müxalifətçi isə həbs edilib. Buna görə Ermənistan hələ beynəlxalq tənqid obyekti olaraq qalmaqdadır.

Bütün bunlar onu göstərir ki, mahiyyət etibarı ilə terrorçu işğalçı dövlət olan Ermənistan həm qeyri-sabit bir ölkədir. Həmçinin beynəlxalq təhlükəsizliyə hədə yaradan Ermənistanda yaşayan əhalinin özü bu ölkədə iqtidarda olan qüvvələrin, eləcə hakimiyyətin himayəsi ilə fəaliyyət göstərən təşkilatların terrorundan digər növ təqiblərindən sığortalanmayıb. Ermənistanın terroru dövlət səviyyəsində dəstəkləməsi isə Qərbin ciddi etirazına səbəb olub.

 

 

R.MƏZAHİROĞLU

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 2.