Avqustun 15-də Qəbələdə
Beynəlxalq musiqi festivalı çərçivəsində
pianoçuların müsabiqəsi başlamışdır. Birinci
çinli musiqiçi çıxış etmişdir. Qəbələ
rayon mədəniyyət evində keçirilən müsabiqənin
ikinci turu avqustun 17-də, finalı isə ayın 19-da
olacaqdır.
Həmçinin avqustun
15-də "Qafqaz Resort" otelinin qarşısında -
açıq havada Azərbaycan caz musiqisi axşamı təşkil
edilmişdir. Həmin gün festival
iştirakçılarından bir qrupu Ağdaş şəhərinə
gəlmişdir. Rayon mərkəzində Heydər Əliyev
Fondunun təşəbbüsü ilə bu yaxınlarda istifadəyə
verilmiş Habil Əliyev adına Musiqi Məktəbində
konsert təşkil olunmuşdur. Konserti izləyən yerli dinləyicilərlə
yanaşı, festival iştirakçıları bir daha Azərbaycanda
musiqiyə olan maraq, diqqət və qayğının
şahidi olmuşlar.
Konserti açan
musiqişünas Zəhra Əliyeva demişdir ki, bu məktəbin
binasına qədəm qoyanda qürur hissi keçirirsən. Çünki
regionda belə yüksək səviyyəli məktəb
heç də hər ölkəyə nəsib olmur. Qəbələ
festivalının özəlliyindən danışan professor
demişdir ki, bütövlükdə tədbir üç məramı
birləşdirir: festival çərçivəsində
müsabiqə keçirilir, müxtəlif janrlara aid konsertlər
təşkil edilir, dünya şöhrətli musiqiçilər
ustad dərsləri verirlər. Zəhra Əliyeva Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevaya və festivalın təşkilatçılarına
minnətdarlığını bildirmişdir.
Ağdaşda
keçirilən konsertdə korifey sənətkarlarla
yanaşı, gənc ifaçılar da çıxış
etmişlər. Dahi bəstəkarlardan Qara Qarayev, Üzeyir
Hacıbəyli, Səid Rüstəmov və Tofiq Quliyevin əsərləri
ifa olunmuşdur. Konsertdə məşhur pianoçu Fərhad
Bədəlbəylinin Şuşaya həsr etdiyi "İki
qadın duası" əsəri də alqışlarla
qarşılanmışdır. Sonda festival
iştirakçıları şəhərin mərkəzindəki
Heydər parkında ulu öndərin abidəsi önünə
gül dəstələri qoymuşlar.
Festivalın təntənəli
bağlanışı avqustun 22-də olacaqdır.
Azərbaycan.- 2009.- 16 avqust.- S. 4.