Azərbaycan Teleradiosu sürətlə
inkişaf edir və yenilənir
Son üç il "Azərbaycan
Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin
(QSC) tarixində böyük yenidənqurma, müasirləşmə
dövrü kimi qalacaqdır. Bu amillər həm teleradio
kompleksinə daxil olan binaların görkəmində, həm
də verilişlərin məzmun, forma və keyfiyyətində
özünü göstərir.
Üç il əvvəl
Azərbaycan Teleradiosunda başlanılmış əsaslı
yenidənqurma işlərinin, köklü islahatların nəticələri
göz önündədir. Bu islahatların nəticəsidir
ki, burada hər addımda yeniliklə rastlaşırsan.
Studiyalar, çəkiliş pavilyonları, zəngin
maddi-texniki baza, ən müasir avadanlıqla təchiz
olunmuş montaj otaqları buradakı böyük yenidənqurmadan
xəbər verir.
"Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC sədrinin
müavini Faiq Hüsiyev demişdir ki, Prezident İlham Əliyevin
birbaşa diqqəti və qayğısı ilə QSC-də mərhələlərlə
aparılan islahatların məqsədi Azərbaycan
Teleradiosunun nüfuzunu daha da artırmaq,
tamaşaçılara və dinləyicilərə yüksək
səviyyəli proqramlar təqdim etməkdir.
Qarşıya qoyulan əsas
vəzifələr - köhnəlmiş avadanlığın
yenisi ilə əvəz olunması, tədricən rəqəmsal
və "lentsiz texnologiya"ya keçid, qeyri-xətti montaj
və kompüter qrafikası stansiyalarının
yaradılması, müasir proqram buraxılışı
qurğularının quraşdırılması və s.
işlər artıq başa
çatdırılmışdır.
Əvvəlcə ikinci
studiyanın avadanlığı yenilənmişdir. Burada
beş kameralı avadanlıq quraşdırılmış və
2006-cı ilin sonunda istismara verilmişdir. Televiziya kompleksinin əsas
texnoloji idarə sistemi olan mərkəzi aparat otağı ən
müasir texnoloji avadanlıqla təchiz olunmuş, burada
dörd proqram üçün nəzərdə tutulan rəqəmsal
qurğular dəsti quraşdırılmışdır.
Televiziyada aparılan
böyük yenidənqurma işlərindən biri də
"Xəzər" studiyasına aiddir. Uzun illər diqqətdən
kənarda qalmış bu studiya yüksək səviyyədə
yenidən qurulmuşdur. İndi qaynar iş rejimində fəaliyyət
göstərən studiya canlı yayımların, maraqlı
proqramların məkanına çevrilmişdir. Studiyaların
hamısında kompüterlə idarə olunan yeni müasir
işıq sistemi quraşdırılmışdır. Dublyaj
studiyası üçün ayrılan otaqlar təmir
olunmuş, müvafiq avadanlıqla təmin edilmişdir.
İndi "Azərbaycan
Televiziya və Radio Verilişləri" QSC-dəki dəyişikliklər
həm də verilişlərin məzmun və formatında
özünü göstərir, yaradıcılıq
imkanlarını artırır. 2007-ci ilin iyunundan bugünədək
televiziyada 215 adda proqram və veriliş hazırlanmış,
"Azəbaycantelefilm" Yaradıcılıq Birliyində
120 sənədli film çəkilmişdir.
Yenidənqurma işlərindən
biri də "Xəbərlər" proqramına aiddir. Televiziyanın
"Xəbərlər" İnformasiya Proqramları
Studiyasının yeni "Xəbər otağı"
müasir xəbərçilik standartlarına
uyğunlaşdırılmışdır. Studiya xəbərin
istehsalından tutmuş tamaşaçılara çatdırılmasına
qədər bütün prosesi bir məkanda cəmləmişdir.
Bu, xəbərlərin çevik istehsalına,
tamaşaçılara daha çox informasiyanın
çatdırılmasına imkan verir, vaxt itkisini aradan
qaldırır, operativliyi təmin edir. Artıq "Xəbərlər"
proqramı ölkə teleməkanında ön mövqedədir.
"Xəbərlər" proqramının əməkdaşları
dövlət tədbirlərini, ölkədə gedən
ictimai-siyasi, iqtisadi və mədəni quruculuq proseslərini,
cəmiyyətin aktual problemlərindən bəhs edən,
günün nəbzinə uyğun süjetləri, xaricdəki
müxbir məntəqələrinin, bölgə müxbirlərinin
ötürdüyü informasiyaları, idman həyatındakı
yenilikləri indi daha operativ və peşəkarlıqla
tamaşaçılara çatdırır.
1975-ci ildə fəaliyyətə
başlayan Teleteatrda indiyədək əsaslı təmir
aparılmamışdır. Vaxtilə burada musiqili, habelə
uşaq verilişləri çəkilmiş, həmçinin
yubileylər, kitab təqdimatları keçirilmişdir.
YUNİSEF-in hər il
uşaqlarla bağlı tədbirləri burada
keçirilmiş və canlı yayımlanmışdır. Ulu
öndər Heydər Əliyev də bu tədbirlərdə
iştirak etmişdir. İndi Teleteatr da yenidən qurulur. 2007-ci
ildən əsaslı təmirə dayanan Teleteatrda artıq son
tamamlama işləri gedir, burada da ən müasir texniki
avadanlıq, işıq sistemi quraşdırılır. Tezliklə
studiya yeni görkəmdə çəkiliş meydanına
çevriləcəkdir.
Verilişlərin daha yüksək səviyyədə hazırlanması üçün on dəst müasir qeyri-xətti montaj avadanlığı quraşdırılmışdır. Bu isə montaj olunan materialların birbaşa efir serverinə birləşdirilməsinə imkan yaratmışdır.
Səyyar Televiziya Stansiyası da (STS) təzələnmişdir. 2008-ci ildə 8 və 10 kameralı rəqəmsal avadanlıqla təchiz olunan Səyyar Televiziya Stansiyası alınmış, rəqəmsal avadanlıq və kameralarla modernləşdirilmişdir. Bu STS-lər mühüm əhəmiyyətli tədbirlərin tamaşaçılara yüksək səviyyədə çatdırılmasına imkan verir.
2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olmuşdur. Hər gün 12 saat yayımlanan bu kanalda dörd xəbər buraxılışı və 10-dək orijinal veriliş təqdim edilir.
Artıq Azərbaycan radiosunda da islahatlara başlanılmış və bu iş də uğurla aparılır. Radioya da gənc kadrlar cəlb olunmuşdur.
İndi istər radio, istər televiziyada proqramlar az qala hər gün yeniləşir, təkmilləşir. Ekrana vəsiqə alan yeni verilişlərdə bütün təbəqədən olan tamaşaçıların marağı, mənəvi tələbatı nəzərə alınır. Ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması prioritet istiqamətlərdir.
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisi də abadlaşdırılmışdır, fəvvarələr, dekorativ ağaclar, yaşıllıq zövq oxşayır. Yay pavilyonları təmir olunmuşdur. Təzə fəvvarə tikilmiş, işıqlandırma sistemi dəyişdirilmişdir.
"Kinoklub"un lentə alındığı məkan da orijinaldır. Studiya hovuzun üzərində yerləşir. Çəkiliş meydançası qeyri-standart tərtibatı ilə fərqlənir. Əsas binanın girişində 150 kvadratmetrlik sahə və fəvvarə yenidən qurulmuşdur. Üç ildən az müddətdə 4 studiya əsaslı təmir olunmuş, ən müasir texnologiyalarla təmin edilmiş, studiyaların havalandırma və işıq sistemi dəyişdirilmiş, yeni dekorasiyalar quraşdırılmışdır.
İndi Azərbaycan Teleradiosu olduqca geniş imkanlara malikdir. O, artıq inkişaf etmiş Qərb telestandartlarına uyğunlaşmaqdadır.
Sədr müavini F.Hüsiyev deyir: "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi olduqca yeni, müasir, gözəl iş şəraitinə, ümumilikdə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdardır. İslahatlar davam edir və Azərbaycan Teleradiosu tezliklə tamaşaçılara və dinləyicilərə bir sıra yeniliklərini təqdim edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 16 avqust.- S. 4.