Ömrü uzadan gülüş

 

Elə adlar var ki, ya yer bildirir, yürd yada salır, ya da insan ismidir, - fərq etməz, eşidilən kimi dodaqlara təbəssüm qonur, adamın eyni açılır. Bəzən də elə bu adların yaratdığı xoş əhvala qoşulub ürəkdən gülmək istəyirsən. Çünki yada o qədər atmaca, məzəli hadisə, rəvayət düşür ki, mənalı gülüşün cazibəsindən ayrıla bilmirsən. Məsələn, Molla Nəsrəddin, Abdal Qasım, Hacı dayıE kimi müdriklərin lətifələri Qabrovo, Şəki, Nehrəm və başqa yerlərdə pərvəriş tapmış gülməcələr, xoş əhvalatlar, qeyri-adi məzəli hadisələr ellər dolaşmaqda, dillərdən düşməməkdədir.

Şifahi xalq ədəbiyyatının çox maraqlı qollarından olan lətifələrin yaranması, yaşaması, sevilməsi, dillər əzbərinə çevrilməsi həm bu janrın lakonikliyində, həm də qeyri-adi sonluqla - xüsusən də məzəli formada tamamlanmasındadır. Dahilərdən kimsə deyib ki, gülmək ağlamaqdan çox üstündür. Gülüş həm insan ömrünü uzadır, həm də islah edir, tərbiyələndirir. Yəqin ki, çox sonralar yazılı ədəbiyyatda vətəndaşlıq hüququ qazanan komediya və novellanın da elə kökü məhz el arasında yaranan lətifələrdən mayalanıb. Gülüşün, yumorun təsiri həqiqətən böyükdür.

Yurdumuzun qədim guşələrindən olan Şəkinin adı çəkiləndə Molla Nəsrəddin kimi əfsanəyə, gülüş sərkərdəsinə çevrilmiş Hacı dayı yada düşür. Bu məzəli obrazı - böyük hikmət sahibini həqiqətən görən, tanıyan varmı? Bilmirik, bildiyimiz odur ki, Şəki özü bir gülüş oylağıdır. Buradan qanadlanan lətifələrin sorağı təkcə Azərbaycandan deyil, yaxın-uzaq ölkələrdən - xüsusilə də qardaş Türkiyədən də eşidilməkdədir. Əlbəttə, zaman-zaman çalışılıb ki, Şəki folklorunun bu qiymətli nümunələri toplanaraq çap edilsin. Təəssüf ki, bu topluların tərtibində, daha doğrusu, redaktəsində müəyyən qüsurlara yol verilirdi. Xüsusilə də sovet dövründə çap edilən gülməcələr, lətifələr yarandığı kimi yox, quru, sxematik bir dildə oxucuya çatdırılırdı. Təbii ki, Şəki lətifələrinə belə "əlgəzdirmə" onun şirəsini alır, fikrin gözəlliyinə, deyimin təsirinə, şirinliyinə xələl gətirirdi.

Ömrünü, gününü böyük fədakarlıqla, vətənpərvərlik və məhəbbətlə Şəki gülməcələrini, rəvayət və lətifələrini toplamaqla şifahi xalq ədəbiyyatına bağlayan folklorçu Hikmət Əbdulhəlimov bu sahədəki bəlli qüsurlara çox ustalıqla son qoydu. Ötən əsrin 60-cı illərindən başlayaraq xalqımızın mədəni sərvətini - folklor nümunələrini zərrə-zərrə topladı. Onları müntəzəm olaraq kitab şəklində oxuculara çatdırdı. "Şəkinin gülüş çələngi", "Saa quzu kəsərəm", "Şəki lətifələri", "Şəki gülməcələri" adlı kitablarda ön sözün müəllifi də, tədqiqçisi də, nümunələri toplayan da məhz Hikmət Əbdülhəlimovdur. Onun bu sahədəki axtarışları ardıcıl olaraq davam etdi. Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Azərbaycan Folkloru Antologiyası" (IV kitab), "Şəki folkloru" (I cild) kitablarının tərtibçilərindən biridir. Hikmət müəllim həm də "Azərbaycan folkloru antologiyası" VI və XVIII kitab, "Şəki folkloru"nun II və III cildlərinin tərtibçisi, toplayanı, qeyd və şərtlərin müəllifidir. Bu cəfakeş söz sərrafı həm də "Ünsiyyət körpüsü", "Qəhrəman ana, qayğıkeş qadın", "Əbədiyyətə qovuşan insan", "Müdrik sinədəftər" adlı kitabların müəllifidir. O, bir sıra ədəbiyyatşünas alimlərin, akademiklərin folklorla, eləcə də mənəviyyatla bağlı yazdıqları kitablara redaktorluq etmişdir.

Yazıçılar Birliyinin üzvü olan Hikmət Əbdülhəlimovun indi 70 yaşı tamamlanır. Adi ömür deyil. O, bir tərəfdən müxtəlif vəzifələrdə çalışıb, digər tərəfdən də ədəbiyyata, mədəniyyətə xidmət edib.

Unudulmaz yazıçı, satirik Cahangir Aslanoğlu 1989-cu ildə öz həmkarı haqqında belə yazırdı: "Yaxşı adamların yaxşısı, sənəti, yumoru sevən, vətəninə, xalqına hədsiz hörmət edən, onun keçmişini gələcəyə çatdırmaq üçün zərgər dəqiqliyi ilə sənət nümunəsi yaradan, "Şəkinin gülüş çələngi" kimi nadir kitab nəşr etdirən, Şəkidə keçirilən Gülüş bayramının böyük xeyirxahı olan Hikmət Əbdülhəlimov millətin yaratdıqlarını sevgi ilə toplayaraq təzədən ona qaytarır".

Unudulmaz ədəbiyyatşünas alim Yaşar Qarayev isə Hikmət Əbdülhəlimovun ədəbiyyata, folklora olan səngiməz sevgisini, sədaqətini belə dəyərləndirirdi: "Əlbəttə, Hacı dayının və Molla Nəsrəddinin Azərbaycanda ilk görüşü məhrəmlərin və doğmaların, bir-birini tanıyanların görüşü olub və şübhəsiz ki, bu ünsiyyətdən sonra Hacının çox lətifələri "mollalaşıb" və əksinə. Nəticədə zənginləşən və əlvanlaşan bütünlükdə obraz - lətifə qəhrəmanı olub.

Hikmət Əbdülhəlimov xatırladığımız toplulara şərhlərdə həmin prosesin əyaniləşdiyi səciyyəvi nümunələrin müqayisəsini verir. Məlum olur ki, müqayisə olunan iki lətifə arasında fərqin müəllifi onlardan ikincisinin şivəsidir. Molla Nəsrəddinin dünyada məşhur lətifəsinə şərikli, qoşa müəlliflik haqqı və hüququ üçün ən etibarlı səlahiyyəti də Hacı dayıya Şəkinin məhz şivəsi verir".

Hikmət Əbdülhəlimov özü də Şəkidə anadan olub, burada boya-başa çatıb. Uzun illər doğma şəhərdə müxtəlif məsul vəzifələrdə çalışıb. Əməyi müxtəlif təltiflərlə qiymətləndirilib. Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və "Rəşadətli əməyə görə" medalına layiq görülüb.

Onun hazırladığı gülməcələri, rəvayətləri oxuduqca gülürsən. Bu, adi gülüş yox, insanı düşündürən, təzələşdirən, paklaşdıran bir vasitədir. Həmin gülməcələrdən ləçəklər.

 

* * *

 

Bir oğlan qonşusunun bağına alma oğurluğuna keçir. Oğlanı ağacda görən qonşu acıqlanır, qarğış tökür və onu atasına deyəcəyi ilə hədələyir: "Dayan, səni dədənə tapşıracağam". Oğlan tez cavab verir ki, narahat olma, dədəm də o biri budaqdadı.

 

* * *

 

Bir gün Molla Nəsrəddin Hacı dayıdan soruşur:

- Siz şəkililər niyə başqa yerə qız vermirsiniz?

Hacı dayı deyir:

- Şəkililər haqq-hesablarını bilən adamlardır. Yaxşısını vermirlər ki, hayıfdı, pisini də vermirlər ki, ayıfdı.

 

* * *

 

Bizi qəşş edənəcən uğundurmağı bacaran Hikmət Əbdülhəlimov, bax beləcə, yaxşıların yaxşısı kimi folklorumuza xidmət göstərir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.