Buludların üstündə qanadlanan ömür

 

Bəzən insanın həyatında təsadüflərin böyük rolu olur. Və bu təsadüflər də gələcək taleyimizi həll edir. Əminə Fiqarova musiqiyə təsadüfən gəlmədi. İlk dəfə piano arxasına keçəndə heç 5 yaşı yox idi. Hər şey musiqi kimi axırdı qəlbinə. Əvvəlcə dinlədiyi musiqi parçalarını ifa edirdi. Sonra klassiklərin əsərlərini çalmağa başladı. Bülbül adına orta ixtisas musiqi məktəbinə gələndə artıq yaşıdlarından çox irəli getmişdi. İlk əsərlərini burada oxuduğu illərdə yazdı. 1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirdi. Həmin il Moskvada keçirilən gənc bəstəkarların yaradıcılıq müsabiqəsində iştirak etdi və müsabiqənin laureatı oldu. Onu Moskvaya dəvət etdilər. İstedadlı gənc bəstəkar kimi Bəstəkarlar İttifaqının üzvü oldu.

Konservatoriyanın vokal fakültəsində təhsilini davam etdirməyi təklif etdilər. Beynəlxalq radio Əminə haqqında proqram hazırladı. Az sonra Kislovodskda gənc musiqiçilərin festivalı keçirildi. Bir-birinin ardınca baş verənlər həyatında yeni səhifələr açdı. Müxtəlif ölkələrə dəvət olundu. O, Hollandiyanı seçdi. Çox şəhərlərdə konserti keçirildi. İlk konsertdən sonra Hollandiyada qalıb təhsilini davam etdirmək təklif olundu. O vaxtdan artıq 19 il keçir. Əminə Fiqarova Hollandiyada yaşayır və Azərbaycanı ləyaqətlə təmsil edir. Bu illər ərzində musiqiçi kimi hansı uğurları qazanıb?

Bakıda qonaq olan bəstəkar ifaçı Əminə Fiqarova ilə söhbətimiz bu barədə idi. O dedi:

- Mən bəstəkarlıq fakültəsində oxudum. Tanınmış pianoçu bəstəkar Rob Van Kreyqollddan dərs aldım. O vaxta qədər cazla məşğul olmamışdım. Solo konsertlərim olurdu. Həm klassiklərin, həm də öz əsərlərimi ifa edirdim. 1990-cı ilin sonunda qrup yaratdım. O biri il Lüksemburq festivalında ilk çıxışımız oldu. Sonra məni caz üzrə təhsil almaq üçün Amerikanın Boston şəhərinə - dünyanın ən məşhur caz məktəbinə göndərdilər. Oradan qayıdandan sonra caz üzrə ilk diskim çıxdı. O vaxta qədər bir neçə diskim çıxmışdı.

Hər uğurumdan sonra Moskvanı xatırlayıram. Və mənə elə gəlir ki, o müsabiqədən sonra bütün yollar üzümə açıldı. O vaxtdan bu günə qədər səfərdəyəm. Ürəyim Azərbaycanda, ayaqlarım müxtəlif yollarda. Əlbəttə, dünyanı gəzmək, görmək - bu da arzum olub. Ən yorucu turnedən qayıdandan sonra ən çoxu iki həftə evdə qala bilirəm. Onda da tələbələrimlə məşğul oluram. Sonra yenidən səfərə çıxırıq. Bəzən hər gün təyyarə ilə uçmalı oluruq.

- Sizi azərbaycanlı kimi tanıyırlar, yoxsa holland kimi?

- Hər konsertdə mən deyirəm ki, azərbaycanlıyam, amma Hollandiyada yaşayıram. 10-15 il qabaq çıxış etdiyim ölkələrdə Azərbaycanı tanımırdılar. Bu gün isə tanıyanlar daha çoxdur. Dünya ölkələri sırasında Azərbaycanın öz yeri var. Bu da çox xoşdur.

Qitələrdə məni dinləyiblər: Avropa, Asiya, Afrika, Amerika... Mənim əsərlərimi hər kəs özünəməxsus qəbul edir. Amma Amerika tamaşaçıları fərqlidir. Çünki orada tamaşaçıların hər ifama öz münasibəti olur. Məsələn, deyirlər ki, bu əsəriniz bizə filan filmi xatırladır və ya belə bir kitab oxumuşuq. Bilirsiniz, cazın yarandığı bir ölkədə tamaşaçılardan belə sözləri eşitmək çox xoş olur.

Mənim əsərlərim əslində ətrafımda baş verən, gördüyüm, eşitdiyim hadisələrə münasibətimdir. Bunlar mənim duyğularımdır. İndiyə qədər 15 diskim çıxıb. Hamısı da Amerikada çox böyük uğur qazanıb. Amerikanın ən populyar jurnallarından olan "Caz vaxtı" ("Djazovaya vremya") yazmışdı:

"Bu disk sübut edir ki, Əminə Fiqarova əsrin ən yaxşı, aparıcı bəstəkarlarından biridir". Beş ay ərzində bu disk Amerikada ən populyar 20 disk arasında ilk yerlərdən birini tutdu. Burada söhbət mənim sonuncu "Buludların üstündə" diskimdən gedir. Nə üçün buludların üstündə? Anamı itirəndən sonra mənə elə gəldi ki, hər şey bitdi. Daha heç nə yaza bilməyəcəyəm. Fikirləşirdim ki, artıq musiqi karyeramın sonu çatdı. Dinləyicilər, tamaşaçılar mənə yazırdılar, soruşurdular: "Təzə nə var?" Mən susurdum. Amma yazdım. Yerdə yox, göydə. Bakıya gəlirdim. Aşağıda buludlar, yuxarıda mavi səma məndə qəribə hisslər oyatdı. Elə bil bu yüksəklikdə anama yaxınlaşırdım. Tez not dəftərimi çıxarıb yazmağa başladım. Və evdə tamamladım. Nəticədə belə bir əsər yarandı.

Bu il Əminə Fiqarova üçün uğurlu il olub. Dünyanın ən böyük festivallarında minlərlə tamaşaçı qarşısında çıxış edib. Sentyabrda Amerikada caz festivalı olacaq. İndi ora ciddi hazırlaşır. Amerikanın bir çox ştatlarında konserti gözlənilir. Yaxın günlərdə Belqrada yola düşəcək. Buludlar üstündə qanadlanan ömrün bağlı olduğu yeganə məkan isə Azərbaycandır, onun doğma Vətəni...

 

 

Sədaqət YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.