Ziyarətgah - ərəb
dilində işlənən "ziyarət" sözündən
yaranaraq, mənası peyğəmbərlərin,
övliyaların, şeyxlərin məzarlarına baş
çəkmək adəti deməkdir.
Qəlbində
Tanrıya diləyi olan mömin insanlar ziyarətgahlara getməyi
özlərinə mənəvi borc bilirlər. Burada
insanın sirr saxlayıb, heç kəsə deyə bilmədiyi
kəlmələr dilə gəlir. Azərbaycanda müqəddəs
ziyarətgahlar çoxdur. Bunlardan Gəncə İmamzadə
ziyarətgahı, Pir Hüseyn xanəgahı, Bibiheybət
ziyarətgahı, Diri Baba piri, Həzrət Şeyx Mənsur
piri, Sofi Həmid piri, Axund Baba ziyarətgahı, Nardaran piri,
Bülbülə İmamzadə ziyarətgahı, Dədəgünəş
piri, Ağbil piri və digər müqəddəs ocaqlar
yüz illərdir ki, inanc ocağı kimi tanınır. Təəssüf
ki, 1937-ci ildə ateizm təbliğatı nəticəsində
mədəni irsimizin bu sahəsi - ziyarətgahlar, pirlər,
xanəgahlar məhv edildi. Bülbülə İmamzadə
ziyarətgahı da təlatümlü 37-ci illərin
qurbanı olaraq dağıdıldı.
Deyilənə görə,
ötən əsrlərdə İslam dininin banisi Məhəmməd
Peyğəmbərin (s.ə.) ailəsinə olan təzyiqlərdən
sonra "Baqir ül-ülum", yəni "elmləri
yaran" təxəllüsü alan Əhli-Beyt nümayəndəsi
V imam Mühəmməd Baqirin (ə.) 5 oğlundan biri imamzadə
Mühəmməd Sadiq və onun xanımı, nökəri
Bülbülə kəndinə qədəm qoyurlar. Ehtimal etmək
olar ki, Azərbaycanın zəngin təbiəti o illərdə
bu müqəddəs insanları da
maraqlandırmışdı. Məlumdur ki, imam
övladları Gəncədə, Şamaxıda, Bakıda məskən
salmış, elə həmin ərazilərdə də dəfn
olunmuşlar.
XIX əsrdə
Bakının Əmircan kəndində dünyaya gəlmiş,
Azərbaycanın görkəmli simalarından olan
tarixçi-alim, filosof Abbasqulu Ağa Bakıxanov
"Gülüstani-İrəm" (1841) əsərində
yazırdı: "Bir çox cəhətcə kənd
xarabaları, aran şəhərlərində yüksək dərəcəli
üç imamzadənin Şamaxı, Gəncə və Bərdə
şəhərlərində olan türbələri,
Bülbülə kəndindəki İmamzadəE göstərir
ki, bu ölkə həmişə din böyüklərinin vətəni
olmuşdur". Bülbülə kəndinə də Məhəmməd
Peyğəmbərin ailəsi pənah gətirirsə,
tarixçi-alim A.A. Bakıxanovun fikirlərinə istinad edərək
deyə bilərik ki, ötən yüzilliklərdə
Bakının Bülbülə kəndində qaynar həyat,
tərəqqi olub. Məlumdur ki, Bakının Şıx kəndində
Bibiheybət məqbərəsində VIII imam Rzanın
bacısı Həkimə xanım dəfn olunub. Tədqiqatçıların
yazdığına əsasən, bir vaxtlar bu məqbərənin
yaxınlığında minarə, məscid, kitabxana,
sandıqvari sərdabələr, qədim əlyazmalar, daş
kitabələr, Şərq üslubunda divar
naxışları vardı. 1937-ci ilin ağır
repressiyası nəticəsində Bülbülə və
Bibiheybət ziyarətgahlarına ağır zərbə
vurulmuşdu. Yalnız Gəncə İmamzadəsi, yəni,
imam Mühəmməd Baqirin oğlu İbrahimin dəfn
olunduğu məqbərə 1937-ci ilin qara buludundan yan
keçə bilmişdi.
1936-1937-ci illərdə
İslam dininin əleyhdarları olan "Allahsızlar" cəmiyyəti
İmamzadə ziyarətgahının sökülməsinə
sərəncam verdi. Dağıstandan cəlb edilən yüz
nəfər ləzgi ədalətsiz qərardan - ziyarətgahı
sökməkdən imtina etdi. Belə olduqda hakimiyyətə
qarşı narazılıq yaranacağından ehtiyat edərək
hökumət adamları kəndə qəddar fərmanı
yerinə yetirmək üçün əcnəbi millətdən
olan məhbuslar gətirir. Müqəddəs ocaq söküləndən
sonra yerində uşaq evi inşa edilir.
1988-ci ildə
Bülbülə sakinləri İmamzadə
dağıdılan zaman əmanət kimi qoruyub
saxladıqları əşyaları ziyarətgaha təhvil
verirlər. Burada, az da olsa, ziyarətgahın bərpası
naminə təmir işlərinin təməli qoyulur. 1993-cü
ildən Bülbülə İmamzadəsi "Mühəmməd
Sadiq İmamzadəsi" kimi rəsmi fəaliyyət göstərməyə
başlayıb. İndi Bülbülə İmamzadəsinin əvvəlki
vəziyyətinə qayıtması üçün
böyük maliyyə vəsaitinə ehtiyac var. Milli-mənəvi
dəyərlərimizin - xüsusən dinimizin
özümüzə qayıtdığı zamanda müqəddəs
ocaqlar bərpa edilərkən əməlisaleh insanlar Allah
qarşısında mənən ucalırlar. Neçə əsr
öncə Bülbülə kəndini İmam Mühəmməd
Baqirin (ə.s.) ailəsi də özünə əbədi məskən
seçdi. Allahın qüdrəti ilə Bülbülə
müqəddəs torpağa çevrildi. Təəssüf
ki, 37-ci ilin amansız repressiyası nəticəsində
xalqımızın tarixinə, soykökünə zərbə
vurularaq, bir çox müqəddəs ziyarətgahlarla
yanaşı, Bülbülə İmamzadəsi də yerlə
yeksan edildi. Hal-hazırda Gəncə İmamzadəsi, Bibiheybət
məqbərəsi yenidən dini inanc yerinə, müqəddəs
məkana çevrilib. Bülbülə İmamzadəsi isə
rəvayətlərdə, foto-şəkillərdə, rəssamların
çəkdiyi sənət əsərlərində
yaşayır. Bu gün dinimizə hörmət edən
xeyirxah insanların Allahın hökmü ilə Bülbülə
İmamzadəsini bərpa etməsini, həm də müqəddəs
ocağın, ötən yüzilliklərdə olduğu kimi,
Şərq memarlıq üslubuna qaytarılmasını indi
Bülbülə sakinləri ilə yanaşı,
bütün zəvvarlar ürəkdən arzu edirlər.
Təranə CƏBİYEVA,
tarixçi
Azərbaycan.- 2009.- 16 avqust.- S. 5.