İqtisadi yüksəliş mərhələsi

 

Azərbaycanda uğurla aparılan iqtisadi inkişaf strategiyası nəticəsində son beş il yarımda ümumi daxili məhsul artmış, ölkə iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə fəal transformasiyası təmin edilmiş, qlobal enerji layihələri uğurla həyata keçirilmişdir. Dünyanın əksər ölkələrində ciddi iqtisadi və maliyyə problemləri yaşanmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı uğurlu inkişafında davam edir. Qeyri-neft sektorunda artım dinamikasının müşahidə edilməsi reallaşdırılan iqtisadi siyasət xəttinin düzgünlüyünü bir daha təsdiq edir.

Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxışını təmin etmək məqsədilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin çəkilməsi ölkəmizdə yeni neft strategiyasının uğurla həyata keçirildiyini sübuta yetirdi. Neft gəlirlərindən düzgün istifadə olunması və qeyri-neft sektorunun inkişafı məqsədilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətini artırmışdır. Azərbaycan bu il də ümumi daxili məhsulun artım tempinə görə dünyada birinciliyini qoruyub saxlayıb. Qlobal maliyyə böhranının ölkəmizə ciddi təsir etməməsi hakimiyyətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və uğurlu iqtisadi siyasət xəttinin nəticəsində mümkün olmuşdur.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərman, eləcə də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı (2004-2008-ci illər) əhalinin sosial rifah halının yüksəlməsinə, bölgələrin tarazlı inkişafına, yeni infrastrukturların yaradılmasına, sahibkarlıq mühitinin genişləndirilməsinə böyük imkan açmışdır. Son beş ildə ölkə üzrə yeni yaradılan müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşmüşdür. Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi və son beş il yarımda bütün sahələrdə əldə olunmuş yüksək nailiyyətlər 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramının hazırlanmasını zəruri etmişdir. İkinci Dövlət Proqramının təsdiq edilməsi növbəti beş ildə ölkəmizdə dinamik inkişafın davam etdirilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, əhalinin sosial rifahının daha da artmasına geniş imkanlar yaradacaqdır. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurlu icrası nəticəsində Azərbaycanda təxminən 800 min yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 49 faizdən 13 faizə düşmüşdür.

Prezident İlham Əliyev bugünlərdə Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda bildirmişdi: "Ölkəmizdə özəl sektor ÜDM-in 85 faizini təşkil edir. Biz geniş özəlləşdirmə proqramını həyata keçirmişik və ümumi iqtisadi vəziyyət, Azərbaycandakı iqtisadi islahatlar, həmçinin Dünya Bankının qiymətləndirilməsində də əks olunubdur. Bu qurum ötən ilin "Douing Business" hesabatında Azərbaycanı ən islahatçı ölkə kimi tanımışdır və hesab edirik ki, bu illərdə, xüsusuən də bu böhran dövründə biz əgər iqtisadi göstəricilərimizə baxsaq görərik ki, cari ilin altı ayında iqtisadiyyatımız 3,6 faiz, sənaye istehsalı isə 4,1 faiz artmışdır. Biz infrastruktura, qeyri-enerji sektoruna böyük sərmayələr yatırmışıq. Dövlətimizin birbaşa qoyduğu sərmayələrin həcmi artmışdır və biz, eyni zamanda, yerli sahibkarlara da yardım etmişik. Biz onlara - yerli şirkətlərə güzəştli, yəni aşağı faizlə kreditlər ayırırıq ki, iqtisadiyyatımız daha şaxələnmiş olsun. Bu il biz öz ölkəmizi kənd təsərrüfatı malları ilə demək olar ki, yüz faiz təmin edəcəyik. Bu il Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından vacib bir ildir. Biz müxtəlif kənd təsərrüfatı mallarının həm ixracçısı, həm də keçmişdə idxalçısı olmuşduq. Bu il, demək olar ki, biz bütün daxili tələbatlarımızı təmin edəcəyik. Bu isə öz növbəsində, iqtisadiyyatın şaxələndirilməsinə imkan yaradır".

Dünya Bankının 2009-cu il üzrə "Qlobal iqtisadi perspektivlər" adlı hesabatında ümumi daxili məhsulun artımına görə ölkəmiz yenə də birinciliyini qoruyub saxlamışdır. Hesabatda beynəlxalq maliyyə böhranının təsirlərinin bu il də davam edəcəyi bildirilir və bunun dünya dövlətlərində ümumi daxili məhsulun artım tempinə təsirsiz ötüşməyəcəyi vurğulanır. Bankın proqnozlarına görə, 2009-cu ildə dünya iqtisadiyyatının artımı 0,9 faizə çatacaq, gələn il isə bu rəqəm 3 faiz artacaq. Bank ekspertləri onu da bildirirlər ki, bu il Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım 2,7 faiz, gələn il isə 5 faiz proqnozlaşdırılır. Belə şəraitdə isə Azərbaycan yenə də böyük iqtisadi artım göstəricilərinə malik ölkələr sırasında yer alacaq.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2009-cu ildə Azərbaycanda ÜDM-in 15 faizlik artımını proqnozlaşdırır. Ötən ilin noyabrında açıqlanan bu proqnoz, bankın hesabatına daxil edilmiş qalan 27 ölkə üçün göstərilən digər nəticələrlə müqayisədə daha yüksəkdir. Həmin dövlətlərdə orta iqtisadi artım cəmi 4,5 faiz səviyyəsində qeyd edilir. Beynəlxalq Maliyyə Korporasiyası isə ötən ilin oktyabrında açıqladığı proqnozlarda Azərbaycanın yenə də ümumi daxili məhsulun artımında liderliyini qoruyub saxlayacağını bildirdi və cari il ərzində ölkəmizdə iqtisadi artımın azı 16,4 faiz təşkil edəcəyini açıqladı. Beynəlxalq təşkilatların açıqlamalarından aydın görünür ki, Azərbaycanda iqtisadi artım göstəriciləri yenə də dünyanın aparıcı dövlətlərindən yüksək olacaq.

Bu yaxınlarda ABŞ-ın nüfuzlu "Gallup" təşkilatının elan etdiyi yeni sorğunun nəticələrindən də məlum olur ki, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır. Son beş il yarımda əhalinin sosial durumunun daha da yaxşılaşması, bütün sahələr üzrə dinamik inkişaf ölkə rəhbərliyinə olan inam və etimadı daha da artırmışdır.

Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin yüksək olması və dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, iqtisadiyyatda artım tempinin qorunub saxlanması böyük uzaqgörənliklə həyata keçirilən iqtisadi islahatların məntiqi nəticəsidir. Dünyanın nüfuzlu maliyyə qurumlarının ölkə iqtisadiyyatının növbəti illərdə də davamlı inkişafı barədə nikbin proqnozları daha böyük iqtisadi nailiyyətlər əldə ediləcəyindən xəbər verir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 1.