Türkiyə xalqı Azərbaycanı ən böyük dostu kimi qəbul edir

 

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan regionun inkişafına da mühüm töhfələr verməkdədir. İndiyə qədər sözügedən regionda reallaşdırılan bütün transmilli enerji, eləcə də digər layihələrin həyata keçirilməsində Azərbaycanın müstəsna rolu olmuş və bu da öz növbəsində Cənubi Qafqazın həm inkişafında, həm də beynəlxalq arenada daha yaxşı tanınmasında mühüm rol oynamışdır. Bundan sonra da regionda həyata keçirilməsi nəzərdə tutulan əsas layihələr Azərbaycanın iştirakı olmadan təsəvvür edilmir.

Bütün bunlar işğalçı Ermənistan istisna olmaqla region dövlətlərinin Azərbaycanla daha sıx əlaqələrinə, ölkəmizi özlərinin əsas və etibarlı tərəfdaşlarından biri kimi görməsinə gətirib çıxarmışdır. Azərbaycan da öz növbəsində qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan, ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir. Bu səbəbdəndir ki, mərkəzi qərargahı Ankarada yerləşən Türkiyənin Ulusal Strateji Araşdırmalar Kurumunun (USAK) Ankara, İstanbul, Bursa və İzmir şəhərlərində apardığı sorğunun nəticələrinə görə, Türkiyənin ən böyük dostu məhz Azərbaycandır.

1110 nəfər arasında üzbəüz söhbət əsasında keçirilən sorğuda iştirak edənlərin 23,64 faizi Türkiyənin ən böyük dostu kimi Azərbaycanı gördüklərini bildirmişlər. "Milliyyət" qəzetinin yazdığına görə, bu o deməkdir ki, türk xalqı özünün ən böyük dostu olaraq Azərbaycanı qəbul etməkdədir.

"Xarici siyasəti anlama anketi" adı altında keçirilən sorğuda rəyi soruşulanlar Azərbaycandan sonra ən yaxın dost ölkələr siyahısında Bosniya-Herseqovina və Türkmənistanı göstəriblər. Rəyi soruşulanların 56 faizi isə Türkiyənin gələcəyini Avropa İttifaqına üzvlükdə görüb, 49 faizi Türkiyənin xarici siyasətini uğurlu sayıb.

Türkiyənin Azərbaycanı özünün ən böyük dostu sayması isə təsadüfi sayıla bilməz və qeyd edildiyi kimi, bu qardaş xalqları ilk növbədə eyni tarixi kök, mədəniyyət, din və dil birləşdirir. Bu mənada, ötən əsrin son on illiyində yenidən öz istiqlaliyyətini qazanan Azərbaycanın dövlət müstəqilliyinin ilk olaraq Türkiyə tərəfindən tanınması da tam təbii xarakter daşıyıb. Hazırda iki dövlət arasında əlaqələr əvvəlki kimi bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir. Beynəlxalq arenada da Türkiyə və Azərbaycan daim bir-birinə sıx dəstək olmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri çoxşaxəlidir, bunun çox böyük tarixi var. Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq, əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir.

Bütün dövrlərdə bizim xalqlarımız bir yerdə yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq, həm ikitərəfli münasibətlərin inkişafı üçün çalışırıq, həm də ki, bölgədə sülhün təmin olunması üçün birgə səylər göstəririk".

Hazırda Azərbaycan özünün enerji ehtiyatlarını dünya bazarlarına çatdırılmaq üçün məhz strateji tərəfdaşı olan Türkiyə marşrutundan istifadə edir və bunun ən bariz nümunələri Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləridir. Perspektivdə də digər enerji layihələrinin, o cümlədən Nabukkonun reallaşmasında Azərbaycan analoji marşruta üstünlük verir və bu da Türkiyənin belə layihələrdə aparıcı oyunçu kimi çıxış etməsinə, daha çox iqtisadi mənfəət əldə etməsinə gətirib çıxarır. Bununla yanaşı, ölkəmiz Türkiyənin beynəlxalq aləmdə mövqeyini dəstəkləməkdə, onun maraqlarının müdafiəsində də fəal rol oynayır.

İkitərəfli münasibətlərin inkişafına da Azərbaycan daim xüsusi önəm verməkdə və xaricdə ən böyük investisiya yatırımlarından birini də məhz Türkiyədə həyata keçirməkdədir. Türkiyəli iş adamlarının isə Azərbaycanda fəaliyyətinə, onların maraq göstərdikləri bütün sahələrdə iş qurmasına hər cür şərait yaradılmışdır.

Eyni zamanda Türkiyə Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ölkəmizin mövqeyini tam dəstəkləyir və ərazilərimiz işğaldan azad olunmayana kimi Ermənistanla sərhədlərinin açılmasının mümkünsüzlüyünü bildirir. Cari ilin may ayında ölkəmizə səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bununla bağlı qeyd edib: "Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bugünə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bugünə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz. İnanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, Bakıda da bunu ifadə edirəm".

Bunlar bir daha Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduqlarını göstərməklə yanaşı, hər iki dövlətin bir-birlərinin maraqlarını da sıx müdafiə etdiyinin göstəricisidir. Deyilənlərin fonunda əminliklə söyləmək olar ki, bundan sonra da iki qardaş xalq arasında əlaqələrin daha da dərinləşəcəyi heç bir şübhə doğurmur və hər hansı qüvvənin bu əlaqələrə kölgə salmaq cəhdi birmənalı şəkildə uğursuzluğa məhkumdur, həmçinin Azərbaycan qarşıdakı dövr ərzində də Türkiyənin ən böyük dostu olaraq qalmaqda davam edəcək.

Regionun daha bir ölkəsi Gürcüstanda da keçirilən son rəy sorğularından belə məlum olur ki, burada Azərbaycanla əlaqələrin gücləndirilməsini istəyənlərin sayı sürətlə artır. Bunu ABŞ-ın məşhur "Gallup" təşkilatının keçirdiyi sorğunun nəticələri də təsdiq edir. Qeyd edək ki, "Gallup" təşkilatı Gürcüstan vətəndaşlarının region ölkələri ilə əlaqələrə münasibətlərini öyrənib. ABŞ-ın dünya üzrə insan təbiətini və davranışlarını öyrənən bu təşkilatı 2008-ci ilin iyununda və 2009-cu ilin mayında gürcüstanlılara belə bir sual verib: "Oxuyub-eşitdiklərinizdən gəldiyiniz fikrə əsasən deyə bilərsinizmi, Gürcüstanın sizin regionda, MDB məkanında hansı ölkə ilə daha sıx əlaqələri olmalıdır?".

Sorğunun nəticələrinə əsasən, Azərbaycanla əlaqələrin daha yaxşı olmasını istəyən Gürcüstan vətəndaşlarının sayı ötən illə müqayisədə 7 faiz çoxalıb. "Gallup" bu nəticələrə Gürcüstanda 1000 nəfərlə üzbəüz söhbət əsasında gəldiyini qeyd edir. Gürcü xalqının Azərbaycanla münasibətləri sıxlaşdırmasının tərəfdarı kimi çıxış etməsi də tam təbii qarşılanmalıdır. İlk növbədə ona görə ki, Azərbaycan birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməkdədir.

Bununla yanaşı, iki ölkə arasında dinamik inkişaf edən əməkdaşlıq nəticəsində bütün məsələlərdə mövqelər demək olar ki, üst-üstə düşür. Bu məqamla bağlı Prezident İlham Əliyev demişdir: "Gürcüstan-Azərbaycan münasibətlərinin bölgədə çox böyük əhəmiyyəti vardır. Dostluq və qardaşlıq əlaqələrimizin inkişafı həm xalqlarımız üçün, ölkələrimiz üçün vacibdir, həm də bölgədə sülhün, sabitliyin təmin edilməsi üçün böyük əhəmiyyət daşıyır".

İki ölkə arasında münasibətlərin belə dinamik inkişafı fonunda hazırda Azərbaycan Gürcüstanın ən böyük iqtisadi partnyoru hesab olunur. Bunun əyani göstəricilərindən biri kimi yenə də ilk növbədə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri qeyd oluna bilər ki, həmin kəmərlər Gürcüstana hər il yüz milyonlarla dollar vəsait qazandırır. Lakin iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq təkcə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri ilə məhdudlaşmır. Azərbaycan bu gün həm də Gürcüstana ən çox investisiya yatıran dövlət kimi çıxış edir. Ümumiyyətlə isə, son illərin analizi göstərir ki, xarici investisiya sahəsində Azərbaycanın diqqət yetirdiyi əsas ölkələr sırasında Gürcüstan və Türkiyə mühüm yer tutur. Bunun əsas səbəblərindən biri kimi Azərbaycanın dünya enerji bazarında mövqelərini daha da möhkəmləndirməsi üçün əsas tranzit ölkələr sırasında məhz adıçəkilən iki dövlətin çıxış etməsidir. Bu səbəbdən enerji məhsullarının tranzitinin davamlılığını tam təmin etmək, eyni zamanda bundan da gəlir götürmək üçün Gürcüstan və Türkiyənin xarici investisiya sahəsində əsas ölkələr olaraq seçilməsi Azərbaycanın uğurlu enerji strategiyasının tərkib hissəsi sayıla bilər. Bu ölkələrə investisiya yatırımı əsas etibarilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) vasitəsilə həyata keçirilməkdədir və proses indi də davam edir.

Azərbaycanın Gürcüstana böyük həcmdə investisiya yatırmasının əsası 2006-cı ilin sonlarından qoyulub. Həmin vaxt ARDNŞ Gürcüstandakı "Kulevi" terminalını alıb. 2008-ci il aprelin 25-də isə Dövlət Neft Şirkəti tərəfindən təsis olunmuş "SOCAR Energy Georgia" şirkəti Gürcüstanda "SOCAR" brendi altında ilk yanacaqdoldurma məntəqəsini açıb. Eyni zamanda, Gürcüstanda pərakəndə neft məhsulları satışı bazarının 75 faizi Azərbaycanın nəzarətindədir.

2008-ci il noyabrın 14-də isə Azərbaycan və Gürcüstan hökuməti arasında bu ildən başlayaraq beş il ərzində Azərbaycan qazının Gürcüstana nəqli ilə bağlı memorandum imzalanıb. Memorandumun şərtlərinə görə, ARDNŞ Gürcüstanın qaz resurslarının paylanması üzərində nəzarət hüququ əldə edib. Gürcüstan Prezidentinin 2008-ci il 26 may tarixli qərarı ilə ARDNŞ bu ölkənin 22 rayonunun qazpaylaşdırıcı şəbəkəsinin distribütorluğunu heç bir vəsait ödəmədən əldə edib. Ötən il dekabrın 26-da isə bununla bağlı olaraq müvafiq müqavilə imzalanıb. Müqaviləyə əsasən, ARDNŞ üç il ərzində Gürcüstanın qazpaylama şəbəkəsinə 40 milyon dollar məbləğində sərmayə qoyacaq. Bütün bunlar şirkətin 2011-ci ilədək Gürcüstanın qaz satışı bazarında öz payını 85 faizə çatdırmasına imkan verəcək.

Bunların nəticəsidir ki, Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycanı ölkəsinin ən yaxın dostu adlandırıb. O da qeyd edilməlidir ki, Azərbaycan Gürcüstanın təkcə enerji infrastrukturuna investisiya yatırmır. Rəsmi Bakı həm də qonşu ölkənin nəqliyyat sektoruna investisiya qoyuluşunu davam etdirməkdədir. Bu məqsədlə Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində Gürcüstanın payının maliyyələşdirilməsi məqsədilə bu ölkəyə məxsus "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon dollar məbləğində kredit ayırıb. Batumidə başlanılacaq böyük inşaat layihəsinin icrasında da Azərbaycan investisiyası əsas rol oynayacaq. İqtisadi sahədə Gürcüstan üçün Azərbaycanın əhəmiyyətini artıran məqamlardan biri bu gün ölkəmizin bir sıra gürcü məhsulları, xüsusən də mineral sular və limonad içkiləri üçün əsas satış bazarlarından birini təşkil etməsidir. Xüsusən də, Rusiya və Gürcüstan münasibətlərində yaranan müəyyən problemlər Gürcüstan məhsullarının daha geniş həcmdə Azərbaycana gəlməsinə səbəb olmaqdadır. Azərbaycan ehtiyac yarandığı təqdirdə, humanitar sahədə də daim Gürcüstana yardım etməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.

Qeyd olunanlar bir daha Azərbaycanın region dövlətləri üçün nə dərəcədə mühüm və etibarlı tərəfdaş olduğunu əyani şəkildə nümayiş etdirir. Bu səbəbdən Türkiyə xalqının ən böyük dostu kimi Azərbaycanı görməsi, ölkəmizlə əlaqələrin gücləndirilməsini istəyən Gürcüstan vətəndaşlarının sayının artması tam təbiidir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 1, 2.