Səsin sehri cazibəsi

 

Deyirlər, gözəl mahnı da məhəbbət kimidir. Qəlbin dərinliklərindən süzülür, iliyinə hopur, varlığına hakim kəsilir. Azərbaycanın dünya şöhrətli müğənnisi, möhtəşəm və əsrarəngiz səsli Müslüm Maqomayevin ifa etdiyi serenadalar da məhəbbət nağılları kimi hələ uzun illər onu tanıyanların qəlbinin fatehi tək yaşayacaqdır. Bu günlərdə redaksiyamıza Rusiya Federasiyasının Saratov şəhərində yaşayan Leonora Sirotadan Müslüm Maqomayev sənətinə və ölməz ruhuna, parlaq xatirəsinə ehtiram və məhəbbət dolu səmimi bir məktub gəlmişdir. Hələ 60-cı illərdən Müslüm Maqomayevin səsinin pərəstişkarı olduğunu yazan L.Sirota müğənniyə həsr etdiyi bir neçə şeiri və məqaləni "Azərbaycan"ın oxucularına göndərib. Onu oxucularımıza təqdim edirik:

Rusiyada gözəl səsli müğənnilər çoxdur, lakin Müslüm Maqomayevin qızıl səsi, yaraşıqlı xarici görkəmi və ifa mədəniyyəti təkrarsız idi. İllərlə ümumittifaq və Rusiya telekanallarının hazırladığı "Mavi işıq" verilişlərində Maqomayevin ifasını intizarla gözləmişik. Onun insanın ruhunu ucaldan, bir fateh kimi şahə qaldıran möcuzəli səsini eşidən kimi əlimizdə nə işimiz olsa buraxıb ailəlikcə televizorun qabağına cərgələnərdik. Maqomayevin büllur dağ şəlaləsi kimi göylərdən üstünə çırpılıb səni ağuşuna alan səsi, sözün həqiqi mənasında, insanı ovsunlayıb özünə ram edirdi. Fitrətdən yoğrulmuş, ilahidən verilmiş bu ehtiraslı və məlahətli ifa tərzi bizi Müslümün ölümündən sonra da heyrətə gətirir.

SSRİ xalq artisti M.Maqomayev hələ sovet dövründə iki dəfə Saratov şəhərinə konsert verməyə gəlib: 70-ci illərin əvvəlində idman sarayında müğənninin birinci konsertində mən bacımla ikinci sırada oturmuşdum. Müslümün gur səsi sarayı riqqətə gətirirdi, bu qeyri-adi səsin əfsunu insanı gah şənləndirir, gah da hönkürməyə məcbur edirdi. Onu hamı sevirdi, hamı ona aşiq olurdu, pərəstiş edirdi... Mən pərəstişkar kimi ona həsr etdiyim şeiri bacımın məsləhəti ilə Müslümə vermək üçün səhnəyə qalxdım. Sevginin sonsuzluğundan doğan həyəcan və qəlb çırpıntısı ilə böyük sənətkara yaxınlaşdım. Əlimdəki zərfi görüb bir qədər narahat oldu və baxışları çaşqınlıqla mənə dikildi. "Sizə həsr etdiyim şeirdir", - dedim. Gülümsəyərək zərfi məndən götürdü.

Maqomayevin Saratovda ikinci konserti isə 70-ci illərin sonuna təsadüf edirdi. Aradan 10 ilə yaxın vaxt ötürdü. Müğənni artıq bütün dünyada məşhurlaşmışdı. Opera ariyalarından ibarət bu parlaq konsert də çox təntənəli və gurultulu alqışlarla keçirdi. Müslüm növbəti mahnıya keçid alanda mən özümdən asılı olmayaraq qışqırdım: "Vdol po Piterskoy". O gülümsündü və royal arxasına keçib konsert zalını kükrətdi. Onun şəhərimizə hər gəlişi böyük bayram təntənəsi, xoşbəxtlik və səadət idi. Müğənni istedadı, zadəganlığı, zərif təbəssümü və nəhayət, ləyaqətli, təmtəraqlı kişi görkəmi ilə yüz minlərlə insanı aludə edirdi.

Heyhat, təəssüf ki... Ötən ilin qızılı bir payız səhəri vaxtsız əcəl gözəl səsli kumirimizi əlimizdən aldı. Azərbaycan kimi Rusiya və bütün dünya bu qəfil ölümdən sarsıldı, göz yaşları tökdü. Biz hamımız ölüm adlı körpünü keçəcəyik. Dünya şöhrətli bu böyük sənətkarların artıq aramızda olmamasını düşünəndə inanın ki, mənə bu gün də göz yaşlarımı saxlamaq çətindir. Hər dəfə efirdə "Melodiya" serenadası səslənərkən Maqomayev pərəstişkarları nostalji hisslərlə xəyalən keçmiş illərə qayıdırlar. Bütün Rusiya Müslüm Maqomayevi həm şəxsiyyət, həm də parlaq, ilahi bir səsin qüdrətli sahibi kimi sevdi. Sizin bir dövlət və bir xalq kimi öyünmək haqqınız var ki, dünya mədəniyyətinə bəxş olunan böyük dühaların sırasında Müslüm Maqomayevin də adı vardır. Qeyri-adi, füsunkar və məftunedici səsi ilə o, milyonlarla insanı heyran qoymuşdur. Bu melodiyaları unutmaq mümkün deyil.

Siz azərbaycanlılar Müslümü sevdiyiniz qədər biz ruslar da onu sevir, xatirəmizdə yaşadırıq. Bu gün də onun mahnılarını riqqətlə dinləyirik. O, iki xalqı və bütün dünyanı gür səsi ilə bir-birinə yaxınlaşdıran, birləşdirən ecazkar müğənni idi.

 

 

Leonora SİROTA,

Saratov şəhəri

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.