Tanınmış rus yazıçı-publisisti, professor Yuri Pompeyev Heydər Əliyev Fondunda olmuşdur

 

Avqustun 17-də tanınmış rus yazıçı-publisisti, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, məşhur "Qarabağ qan girdabında" kitabının müəllifi, professor Yuri Pompeyev Heydər Əliyev Fondunda olmuşdur.

Qonağa ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış fondun tarixi, məqsədləri barədə məlumat verildi.

Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən rusiyalı professor görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərdi.

Məlumat verildi ki, fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir.

Fond genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Qonaq fondla tanışlıqdan zəngin təəssüratla ayrıldı.

 

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.