Audiologiya sahəsi üzrə
israilli mütəxəssislər
Azərbaycana səfərə
gəlmişlər
Heydər Əliyev Fondu,
İsrailin Azərbaycandakı səfirliyi və İsrailin
"Tsiondan göz" Qeyri-Hökumət Təşkilatının
dəstəyi ilə bu ölkənin audiologiya sahəsi
üzrə mütəxəssisləri respublikamıza səfərə
gəlmişlər.
Avqustun 23-dək davam edəcək
səfər çərçivəsində eşitmə
qabiliyyəti zəif olan insanların müayinəsi və
onlara 250 min ABŞ dolları dəyərində eşitmə aparatlarının
paylanması nəzərdə tutulmuşdur. Mütəxəssislər
Bakı ilə bərabər bölgələrdəki xəstələri
də müayinə edəcəklər. İsrailli mütəxəssislər,
həmçinin yerli ekspertlər üçün peşəkar
treninqlər təşkil edəcəklər. Bu treninqlər
zamanı iştirakçılar eşitmə reabilitasiyası
və eşitməyə yardım aparatlarında innovasiya
haqqında ətraflı məlumat alacaq, müasir eşitmə
aparatlarını qoşmaq və ondan istifadə etmək
qaydalarını öyrənəcəklər.
Səfər çərçivəsində
İsrailin "Davidin qırmızı ulduzu" humanitar təşkilatının
təcili tibbi yardım ekspertləri Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin (AQAC) könüllüləri
üçün təxirəsalınmaz ilk tibbi yardım
göstərilməsinə dair beşgünlük
treninq-seminarlar keçirəcəklər.
Avqustun 17-də 1
saylı xəstəxananın inzibati binasında treninqlərin
başlaması ilə əlaqədar keçirilən
tanışlıq xarakterli görüşdə Səhiyyə
Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin
müdiri Samir Abdullayev, İsrailin Azərbaycandakı səfiri
Mixael Lavon-Lotem və İsraildən olan nümayəndə
heyətinin üzvləri çıxış edərək
ölkələrimiz arasında əlaqələrin müxtəlif
sahələrdə, o cümlədən səhiyyə və
humanitar sahələrdə sürətlə inkişaf etdiyini
bildirmişlər.
Qarşılıqlı
əməkdaşlığın daha da möhkəmləndirilməsi
üçün Azərbaycan səhiyyə işçilərindən
ibarət nümayəndə heyətinin də yaxın
vaxtlarda İsrailə səfərinin nəzərdə
tutulduğu diqqətə
çatdırılmışdır.
Sonra treninq-seminar öz
işinə başlamışdır.
Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.