İştirakçılar
arasında azərbaycanlı ifaçılar müsabiqənin
favoritlərindən sayılır. Müsabiqədə 15
ölkədən 22 ifaçı iştirak edir. Onlardan
4-ü Azərbaycanı təmsil edir. Müsabiqənin ən
gənc ifaçısı Prezident təqaüdçüsü
Toğrul Hüseynlidir. Doqquz yaşından beynəlxalq
festivallarda iştirak edən və qələbələr
qazanan gənc pianoçu bu dəfə də qalib olmağa
iddialıdır. Digər azərbaycanlı pianoçu
Züleyxa Şıxıyeva da müsabiqənin favoritlərindən
sayılır. Amma o öz ifasından o qədər də
razı qalmamışdır.
Pianoçuların
müsabiqəsinə qatılan ABŞ, Fransa, Bolqarıstan,
Rusiya və Çin təmsilçiləri Bax və
Şopenin əsərlərini səsləndirmişlər. Münsiflər
heyəti müsabiqənin ilk turunu yüksək qiymətləndirmişlər.
Dünya şöhrətli
musiqiçilər Beynəlxalq festivalı və
pianoçuların müsabiqəsini bu ilin mart ayında Azərbaycanda
keçirilmiş muğam festivalının davamı
adlandırmışlar.
Beynəlxalq musiqi
festivalı çərçivəsində Azərbaycan,
Rusiya və İsrail ifaçılarının klassik musiqidən
ibarət konserti olmuşdur. Klassik musiqi həvəskarları
axşam saatlarında beynəlxalq festivalın keçirildiyi
açıq meydançaya toplaşmışdılar. Onlar
İsrailin "Ranaana" simfonik orkestrinin müşayiəti
ilə dünya şöhrətli solist Oksana Yablonskayanın
ifasında, Azərbaycanın xalq artisti Rauf Abdullayevin
dirijorluğu ilə möhtəşəm konsert
proqramını maraqla dinləmişlər. Konsertdə dünya şöhrətli bəstəkarların
əsərləri səsləndirilmişdir.
Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.