Kvemo Kartli-Borçalı bölgəsinin Alget kəndində məscid binası əsaslı təmir olunmuş, iki kəndə su çəkilmişdir

 

Avqustun 17-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Alget kəndindəki qədim məscid binasında əsaslı təmir işləri başa çatdırılmışdır.

Təmir işləri Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Bununla əlaqədar Algetdə keçirilmiş tədbiri Marneuli Rayon Məclisinin (Sakrebulosunun) sədri Ayvaz İsmayılov açmış, kənd sakinləri və rayon rəhbərliyi adından Ramazan ayının başlanması ərəfəsində Marneulinin böyük kəndlərindən sayılan Algetdə belə bir xeyirxah tədbiri həyata keçirən Heydər Əliyev Fondunun rəhbərliyinə, fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq ifadə etmişdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun prezidenti Mehriban xanım Əliyevanın xoş arzularını mərasim iştirakçılarına çatdırmış, fondun gördüyü işlər və gələcək planlar barədə ətraflı məlumat vermişdir. A.Ələkbərov qeyd etmişdir ki, fondun rəhbərliyi gürcüstanlı soydaşlara xüsusi diqqət yetirir. O, belə xeyirxah tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulamışdır.

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Namiq Əliyev Heydər Əliyev Fondu rəhbərliyinin, fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xeyli problemin yoluna qoyulduğunu və Azərbaycan rəhbərliyinin ulu öndərin siyasətinə sadiqlik nümunəsinin ölkənin həm bölgədə, həm də dünyada nüfuzunun daha da artmasına gətirib çıxardığını qeyd etmişdir.

Həmin gün fondun dəstəyi ilə daha bir layihə gerçəkləşmişdir: 6,5 kilometrlik məsafədən Alget və onun qonşuluğundakı daha iki kəndə içməli su kəməri çəkilmişdir. Bununla da uzun illər ərzində içməli sudan korluq çəkən həmin kəndlərin problemi öz həllini tapmışdır.

El ağsaqqalı İmran Bayramov mərasim iştirakçıları adından fondun rəhbərliyinə minnətdarlıq etmiş və əsasını ulu öndər Heydər Əliyevin qoyduğu xaricdə yaşayan soydaşlara qayğı siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən məmnunluq duyduğunu vurğulamışdır.

Tədbirdə Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun birinci müavini Zakro Darçiaşvili, Marneuli rayon rəhbərliyi və digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 3.