Palçıq vulkanlarımız "gözəllik müsabiqəsi"nin yarımfinalında

 

Bu müsabiqəni mənzil-qərargahı İsveçrədə yerləşən "Yeni 7 möcüzə" Fondu keçirir. Təbiət möcüzələrinə həsr olunmuş müsabiqədə Azərbaycanın palçıq vulkanları yarımfinala vəsiqə qazanıb. Rəqibləri isə Böyük Kanyon və Böyük Mərcan Hasarı daxil olmaqla 25 təbiət möcüzəsidir. Səslərin sayına görə Azərbayan vulkanları Kilimancarodan və Vezuvidən sonra üçüncü yeri tutur.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya-Mineralogiya İnstitutunun Palçıq vulkanizmi bölməsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev bunun ölkəmiz üçün sevindirici xəbər olduğunu bildirərək qeyd etdi ki, Azərbaycanın palçıq vulkanları dünyanın möcüzəsi sayılmağa layiqdir: "Azərbaycanın Xəzər akvatoriyasında bütün dünya palçıq vulkanlarının 40-45 faizi cəmlənib. Ölkəyə gələn əcnəbi turistlərin çoxu bu vulkanlara mütləq baş çəkir, onun gözəlliyinə heyranlıqla tamaşa edirlər. Azərbaycanın palçıq vulkanlarının qlobal turist marşrutlarına salınması vacibdir və hazırda bu istiqamətdə işlər görülür. Artıq Azərbaycan palçıq vulkanları ölkəsi hesab olunur".

Ölkəmizdə 350-yə yaxın palçıq vulkanı var və hər il 3-4 vulkan püskürür. Ən çox vulkan püskürmələri Qobustanda, Şamaxıda və Xəzər akvatoriyasındadır. Sayına, çeşidinə və fəallığına görə Azərbaycandakı vulkanlar dünyanın başqa ölkələrindəki vulkanlardan fərqlənir. Məsələn, Qobustanda elə vulkan var ki, daim fəaliyyətdədir, hər zaman qaynayır. Ən qəribəsi isə odur ki, müxtəlif bölgələrdə, məsələn, Şamaxıda, Salyanda, Abşeronda və Qobustanda püskürən vulkanların hərəsinin öz xüsusiyyəti, məxsusi tərkibi var. Bir vulkan məhsulunun tərkibi kərpic istehsalı üçün zəngin keramzitdirsə, digərinin tərkibi bir çox xəstəliklərin əlacıdır. Başqa birinin tərkibi isə kimyəvi elementlərlə zəngindir. Çox vaxt vulkan püskürməsi nəticəsində təbiətin təkrarolunmaz gözəlliyi yaranır. Mütəxəssislər deyirlər ki, Azərbaycanın palçıq vulkanları hər mənada faydalıdır. Onlardan müxtəlif məqsədlər üçün istifadə etmək olar, məsələn, tikintidə, təbabətdə, ekoturizmdə.

Azərbaycanın palçıq vulkanları dəri, sinir sistemi, ginekologiya, kosmetologiya, boğaz və başqa xəstəliklərin müalicəsində əvəzsiz müalicə vasitəsidir. Professor Adil Əliyev bildirir ki, əslində, hər bir palçıq vulkanı təbiət abidəsi kimi qoruq elan edilməlidir. Biz onları gələcək nəsillər üçün də mühafizə etməliyik. Bundan başqa, vulkan məhsulları külli miqdarda gəlir deməkdir. Xəzərdə 8 gözəl vulkan adası var.

Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci ildə "Bakı və Abşeron yarımadasında palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması" haqqında sərəncam imzaladı. Bu sərəncam təbii abidələr kimi qəbul edilən vulkanların mühafizəsində xüsusi rola malikdir. Sərəncamda xüsusi vurğulanmışdır ki, son illər Bakı və Abşeron yarımadasında olan palçıq vulkanları antropogen təsirlərin artması nəticəsində dağıdılır, yaxın ərazilərdə tikinti işləri aparılır, vulkanların püskürmə ehtimalı olan ərazilərdə yaşayış məskənləri salınır.

"Yeni 7 möcüzə" beynəlxalq müsabiqəsinin mütəxəssislərdən ibarət qrupu 28 yer seçib. Onların arasında Amazon düzənliyi, Ölü dəniz, Kilimancaro dağı, Ekvadordakı Qalanaqos adaları, Azərbaycanın palçıq vulkanları, Livandakı Jeita Grotto mağarası, İrlandiyadakı Moher uçurumu və Almaniyanın qara düzənlikləri kimi təbiət möcüzələri var. İnternet vasitəsilə aparılan səsvermənin son nəticəsi 2011-ci ildə elan ediləcək. Onu da qeyd edək ki, dünyada mövcud olan 700 palçıq vulkanının 300-ü Azərbaycandadır.

 

 

R.RZALI

 

Azərbaycan.- 2009.- 18 avqust.- S. 6.