Azərbaycan iqtisadiyyatı davamlı inkişaf tempini qoruyub saxlayır

 

Ötən ilin sonlarından etibarən, özünü daha qabarıq şəkildə büruzə verən qlobal maliyyə böhranı hələ də dünya iqtisadiyyatı üçün əsas problem olaraq qalmaqdadır. Aparıcı beynəlxalq maliyyə və iqtisadiyyat institutları, məsələn, Beynəlxalq Valyuta Fondu böhranın təsirlərinin gələn ildən başlayaraq aradan qalxacağını proqnozlaşdırır. Həmin vaxta qədər isə böhran dünyanın ayrı-ayrı dövlətlərinə müxtəlif dərəcədə təsir göstərməkdə davam edəcək.

 

Tikinti sektorunda görülən işlərin həcmi artır

 

Aparılan araşdırmalar göstərir ki, qlobal iqtisadi böhran yenə də dünya üzrə fond birjalarına, müxtəlif dövlətlərin bank, tikinti, avtomobil, sənaye, ticarət və digər sektorlarına mənfi təsirini gücləndirməkdədir. Bunu, dünya iqtisadiyyatında cari ilin ilk yarısının göstəricilərinin təhlili də göstərir. Elə bu səbəbdən dünyanın əksər ölkələrinin iqtisadiyyatı da artım əvəzinə geriləmə qeydə alınıb. Ancaq Azərbaycanda böhranın dünya üzrə ən dağıdıcı təsir göstərdiyi sahələrində də inkişaf tempi qorunub saxlanmaqdadır. Bunun əsas səbəblərindən biri iqtisadi sferada həyata keçirilən siyasətin dəqiq düşünülməsi, ölkənin maddi rifah halının yüksəldilməsinə xidmət etməsi, milli maraqların əsas götürülməsidir. Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bizim üstünlüyümüz ondan ibarət olmuşdur ki, dünya iqtisadiyyatına sürətlə inteqrasiya etməklə yanaşı, eyni zamanda öz milli maraqlarımızı heç vaxt unutmamışıq. Biz ancaq o sahələrdə inteqrasiya etmişdik ki, daxili iqtisadi sabitliyimizə problemlər yaratmasın. Hər halda son bir ilin təcrübəsi onu göstərir ki, Azərbaycanın seçdiyi yol uğurlu və düzgün yoldur".

Qeyd olunduğu kimi, böhranın dünya üzrə dağıdıcı təsirə məruz qoyduğu sferalarda da Azərbaycanda inkişaf qeydə alınmaqdadır. Belə sahələrdən biri tikinti sektorudur. Ümumiyyətlə, MDB məkanında bu sahədə yaranan vəziyyət göstərir ki, sabiq sovet ölkələrində tikinti sektoru hələ ki, böhran qarşısında aciz vəziyyətdədir və inkişafdan geri qalır. Məsələn, qonşu Rusiyada tikinti şirkətlərinin təqribən 80 faizinin fəaliyyəti dondurulub. Rusiya Tikinti İttifaqının (RTİ) prezidenti Vladimir Yakovlev də etiraf edib ki, dünya maliyyə böhranı ölkənin tikinti sahəsində mənfi istiqamətdə çox ciddi təsir edib və bu, mənzillərə tələbatın kəskin azalmasında, inşaatçılar üçün verilən kreditlərin faiz dərəcələrinin artmasında və əhali üçün ipoteka kreditlərinin alınmasının çətinləşməsində öz əksini tapıb.

Onun sözlərinə görə, cari ilin ilk altı ayının yekunu üzrə ölkədə tikinti-montaj işlərinin ümumi həcmi 20 faiz azalaraq 1,5 trilyon rubla düşüb: Bu tikilən obyektlərin əhəmiyyətli dərəcədə azalmasından xəbər verir, yeni obyektlər isə sadəcə olaraq inşa olunmur. Analoji vəziyyət daha pis şəkildə Ermənistanda da qeydə alınmaqdadır. Ermənistan Milli statistik xidmətinin məlumatına görə, 2009-cu ilin ilk altı ayında tikinti sahəsində 54,5 faizlik geriləmə qeydə alınıb.

Bir sıra digər MDB, eləcə də dünya dövlətləri eyni problemdən əziyyət çəkdiyi vaxt Azərbaycanda əks vəziyyət müşahidə olunur.

Cari ilin ilk yarısının təhlili göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda fəaliyyət göstərən tikinti müəssisələri gördükləri işlərin həcmini 2,2 faiz və ya 1 milyard 362 milyon manatadək artırıblar. Hesabat dövründə özəl inşaat müəssisələri tərəfindən 989 milyon manat, dövlət müəssisələri tərəfindən 373 milyon manat məbləğində iş görülüb. Hesablamalara görə, tikinti sektoru və ona bağlı sahələrdə 500 minə qədər insan çalışır. Aparılan araşdırmalar göstərir ki, tikinti sektorunda orta aylıq əməkhaqqı təxminən 450 manat təşkil edir.

 

İpoteka Fondunun istiqrazlarına tələbat yenə böyükdür

 

Qarşıdakı dövr ərzində isə tikinti sektorunda inkişaf səviyyəsinin daha yüksək olacağı gözlənilir. Bunun əsas səbəblərindən biri cari ilin iyunun 1-dən adi ipoteka kreditlərinin verilməsi, həmçinin sosial ipotekanın bərpa olunmasıdır. Xatırladaq ki, Azərbaycan İpoteka Fondu (AİF) iyunun 18-dən sosial ipotekanın verilməsini bərpa edib.

İpoteka kreditlərinin bərpası artıq daşınmaz əmlak bazarında fəallığı nəzərəçarpacaq dərəcədə artırıb. Azərbaycan İpoteka Fondunun Bakı Fond Birjasında yerləşdirdiyi istiqrazlar isə öz növbəsində qiymətli kağızlar bazarının inkişafına ciddi təkan verib. Bu vaxta qədər isə AİF Bakı Fond Birjasında üç dəfə istiqrazların yerləşdirilməsini həyata keçirib və onlara hər dəfə tələbat yüksək olub. İlk dəfə bu il iyunun 16-da Bakı Fond Birjasında İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsinə başlanılıb. Hərraca 15 milyon manat həcmində adlı, faizli istiqraz çıxarılıb. Bir istiqrazın nominal satış qiyməti 1000 manat təşkil edib. İllik gəlirliyi 3 faiz olan istiqrazlar 7 illiyə buraxılıb və onların son ödəmə tarixi 2016-cı ilin mayına qədərdir. İpoteka Fondunun istiqrazları elə hərraca çıxarıldığı ilk gündən onlara tələbatın böyük olduğu məlum olub. İyulun 14-də növbəti dəfə AİF-in daha beş milyon manatlıq istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi həyata keçirilib və onlara tələbat yerləşdiriləndən iki dəfəyədək çox olub.

Nəhayət, iyulun 27-də Bakı Fond Birjasında İpoteka Fondunun daha 5 milyon manatlıq istiqrazları hərraca çıxarılıb və yenə də həmin istiqrazlara 2 dəfə artıq məbləğdə, yəni 10 milyon manatdan çox sifariş daxil olub. Beləliklə, indiyə qədər İpoteka Fondunun yerləşdirdiyi istiqrazların həcmi 25 milyon manata çatıb və bu pullar bütünlüklə ipoteka kreditlərinin verilməsinə sərf ediləcək.

İpoteka Fondunun istiqrazlarının ümumi həcmi isə 55 milyon manatdır. Ekspertlər bildirirlər ki, bu kağızlar dövlət təminatlı olduğundan investorların onlara marağı çox böyükdür və yerdə qalan 30 milyon manatlıq istiqrazlar da Bakı Fond Birjasında çıxarılan kimi dərhal satılacaq. İpoteka kreditləri almaq üçün müraciət edən vətəndaşların sayının da kifayət qədər çox olması nəzərə alınarsa, bu, daşınmaz əmlak bazarında mənzillərə tələbatın daha da artacağından xəbər verir və belə bir vəziyyət istər-istəməz tikinti sektorunda fəallığın artmasını, görülən işlərin həcminin çoxalmasını stimullaşdırır.

 

Digər növ kreditlərin həcmi artır, bank sektorunun inkişafı sürətlənir

 

Böhran şəraitində Azərbaycan iqtisadiyyatı üçün daha bir müsbət cəhət digər növ kreditlərin də həcminin artan xətt üzrə inkişaf etməsidir. Araşdırmalar göstərir ki, ölkəmizdə bankların verdiyi kreditlər artan xətt üzrə inkişaf edir. Xüsusən də son 3 ayda ölkənin kredit bazarında daha böyük canlanma qeydə alınıb. Hesablamalara görə, cari ilin iyun ayında da kreditlər artaraq 6 milyard 463 milyon manata çatıb. Bu da may ayına nisbətən kreditlərin həcminin daha 107 milyon manat artması deməkdir. Əsas artım ticarət və xidmət sektorunda qeydə alınıb. Bu sahəyə verilən kreditlər 46 milyon manat çoxalıb. Kreditlərin ən çox artdığı ikinci sahə nəqliyyat və rabitə sektorudur. Həmin sahələrə qoyulan kreditlərin həcmində 22 milyon manat artım var. Kənd təsərrüfatına verilən kreditlər 7 milyon manat, sənaye və istehsala qoyulan kreditlər 10 milyon manat artıb.

Ümumiyyətlə, araşdırmalardan məlum olub ki, bu ilin ilk yarısında təkcə fərdi şəxslərə verilən kreditlərin həcmində ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 faizlik artım var. Bankların məcmu kredit portfeli isə hesabat dövründə 4,5 faiz artıb.

Bununla yanaşı, ölkəmizdə bank sektoru da böhranın təsirlərindən kənardadır. Elə bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən banklar 2009-cu ilin ilk yarısında filiallarının sayını 8,1 faiz artıraraq 613-ə çatdırıb. 2009-cu il iyunun 30-na olan məlumata görə, Azərbaycanda dövlət kapitalının iştirak etdiyi bir bank və 45 kommersiya bankı fəaliyyət göstərir. Birinci yarım ilin sonuna dövlət bankının filiallarının sayı 38-ə çatıb ki, bu da 2,7 faiz artım deməkdir. Özəl bankların filiallarının sayında ciddi artım qeydə alınıb və hazırda belə bankların filiallarının sayı 575-dir.

Ümumilikdə, respublikada fəaliyyət göstərən 46 bankdan 38-i filiala malikdir. 2009-cu il iyulun 1-nə olan məlumata görə, yerli bankların 106 şöbəsi vardır. Bu da cari ilin ilk yarısında 7,07 faiz artım deməkdir. Bütün bunlar bank sektorunun inkişafı istiqamətində Azərbaycanda lazımi şəraitin mövcud olduğunu və sözügedən sektorun qlobal böhrandan sığortalandığını göstərir. Məhz buna görə də bir müddət əvvəl tanınmış beynəlxalq reytinq agentliyi "Standard & Poor's" bəyan edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dünya iqtisadi və maliyyə böhranına reaksiyası adekvat və vaxtında olub: "Azərbaycan Mərkəzi Bankı böhrana adekvat və vaxtında reaksiya verib. Təkrar maliyyələşdirmə dərəcəsi və öhdəliklər üzrə rezerv tələbləri bir neçə dəfə azaldılıb ki, bu da bank sektorunda 350 milyon manat (sektor öhdəliklərinin həcminin 3,5 faizi) məbləgində likvidliyi təmin edib. Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı bəzi kommersiya banklarında likvidliyə birbaşa dəstək göstərib".

"Standard & Poor's" agentliyinin "Bank sektorunda risklərin təhlili adlı hesabatında o da bildirilib ki, AMB müxtəlif tədbirlər, o cümlədən əmanətlərin sığortalanması mexanizmlərindən istifadə sayəsində əmanətçilərin bank sisteminə inamını adekvat səviyyəsini saxlaya bilib. Xatırladaq ki, Milli Məclisin qəbul etdiyi yeni qanunla sığortalanan əmanətlərin məbləği 6 min manatdan 30 min manatadək artırılıb. Bu da öz növbəsində əmanətçilərin banklara inamının daha da çoxaldıb. Görülən bu tədbir nəticəsində bankların maliyyə vəsaiti cəlb edilməsilə bağlı durumları daha da yaxşılaşıb.

Bununla yanaşı, hesabatda o da xüsusi olaraq qeyd edilir ki, Azərbaycanda bankların filial şəbəkələri sürətlə inkişaf edir: "Azərbaycanın bank sistemi indiyədək digər MDB ölkələri ilə müqayisədə dünya bazarında iqtisadi sarsıntılara qarşı xeyli davamlılıq göstərib. Bir neçə bank risk-menecment sistemini inkişaf etdirməyə hazır olduğunu nümayış etdirib. Onların sırasında xarici iştiraka malik banklar da var".

Banklarla yanaşı, ölkəmizdə digər kredit təşkilatlarında da dinamik inkişaf qeydə alınmaqdadır. Belə ki, cari ilin ilk yarısının yekunları üzrə Azərbaycanda 96 qeyri-bank kredit təşkilatı (artım 2,1 faiz), o cümlədən 77 kredit ittifaqı (artım 2,66 faiz), eləcə də beynəlxalq humanitar təşkilatların maliyyələşdirdiyi 18 kredit təşkilatı fəaliyyət göstərir.

Bütün bunlar bir daha göstərir ki, ölkəmizdə iqtisadiyyatın ən müxtəlif sahələrində əvvəlki kimi dinamik inkişaf mövcuddur. Qlobal iqtisadi böhranın dünya üzrə ən böyük mənfi təsir göstərdiyi sahələrdə də Azərbaycanda inkişaf qeydə alınmaqdadır. Bu da ölkə iqtisadiyyatının böhran şəraitində dayanıqlılığının daha da güclənməsi deməkdir.

 

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 1, 3.