Braziliyada "Xocalıya ədalət" kampaniyasının
təqdimatı olmuşdur
Avqustun 15-də
Braziliyanın ən iri şəhəri olan San-Pauluda Qlobal Gənc
Yaşıllar ("Global Young Greens") Hərəkatının
beynəlxalq tədbiri çərçivəsində
"Xocalıya ədalət" kampaniyasına dəstək
deklarasiyasına imzatoplama aksiyası başlamışdır.
Bir həftəlik təqdimat zamanı "Xocalıya ədalət"
tələbi ilə deklarasiyanı yüzlərlə adam
imzalamışdır.
İslam Konfransı Təşkilatı
Əməkdaşlıq və Dialoq uğrunda Gənclər
Forumunun mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə təşkil
olunan aksiya "YAŞIL PLANET" adlı layihə çərçivəsində
keçirilir.
Təhsil ocaqlarında və
qeyri-hökumət təşkilatlarının
yığıncaqlarında baş tutmuş tədbirlərdə
kampaniya haqqında videoklipin təqdimatı olmuş və
Xocalı qırğını haqqında materiallar
paylanmışdır. Daha sonra aksiyanın təşkilatçısı
olan "Global Young Greens" Hərəkatı tədbir
iştirakçılarından müsahibə
götürmüş və iştirakçılar baş verən
hadisəyə və kampaniyaya münasibət bildirmişlər.
You Tube saytında yerləşdirilməsi
nəzərdə tutulan klipdə müxtəlif millətləri
təmsil edən gənc YAŞILLAR kampaniya zamanı
Qarabağ münaqişəsi haqqında aldıqları məlumatdan
irəli gələn təəssüratlarını belə
ifadə etmişlər: "Mən Xocalı faciəsi ilə
tanış oldum, belə zorakılığa etiraz edirəm və
ədalət tələb edirəm", "Yaşıllar
bizə "Xocalıya ədalət" kampaniyasını təqdim
etdi, mən də başsağlığı verirəm və
onlara qoşulub ədalət tələb edirəm", "Mən
Xocalı faciəsi barədə daha əvvəl
eşitmişdim və baş verənlərə təəssüf
edirəm. Bu vəhşiliyi törədənlər cavab verməlidirlər".
Tədbir
iştirakçıları Ermənistanda kampaniyanın rəsmi
saytına girişə qadağan qoyulmasına da
etirazlarını bildirmişlər və kampaniya tərəfindən
BMT, Avropa Şurası, ATƏT və Ermənistan hökumətinə
ünvanlanan müraciət formasına imza ataraq rəsmi
Yerevanın bu addımına beynəlxalq təşkilatların
diqqətini cəlb etmişlər.
Aksiyanın sonunda
"Xocalıya ədalət" kampaniyasını dəstəkləyənlərin
hamısı təşkilatçılar tərəfindən
təqdim olunan müvafiq dəstək formasına imza
atmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 19 avqust.- S.1.