ABŞ və Avropanın regionda əsas tərəfdaşı
Azərbaycanın
aparıcı Qərb dövlətləri ilə əlaqələrinin
genişləndirilməsi, bu istiqamətdə həyata
keçirdiyi fəal siyasət ölkəmizin Avratlantik məkana
inteqrasiya prosesini xeyli dərinləşdirmişdir. Bu da
öz növbəsində həm iqtisadi, həm siyasi sahələrdə
böyük nailiyyətlərin əldə edilməsinə gətirib
çıxarmışdır.
Görülən
işlərin nəticəsidir ki, bu gün Avropa Azərbaycana
əsas strateji tərəfdaşlarından biri kimi
yanaşır və xüsusən də özünün
enerji təhlükəsizliyinin təmin edilməsində
ölkəmizi ən etibarlı təminatçılardan biri
hesab edir. Bütün bunlar Azərbaycanla Avratlantik məkanda
yerləşən aparıcı ölkələrin müxtəlif
sferalarda qarşılıqlı əlaqələrinin
günü-gündən daha da möhkəmlənməsi ilə
müşayiət olunmaqda, tərəflərin işbirliyini
gücləndirməkdədir.
Bu işbirliyi fonunda daim
milli maraqlarını əsas tutan Azərbaycanın diqqət
yetirdiyi başlıca məqamlardan biri də dinc yolla öz ərazi
bütövlüyünü beynəlxalq birliyin, o cümlədən
Avropanın yardımı ilə bərpa etmək və
işğalçı Ermənistanın zəbt etdiyi əraziləri
azad etmək üçün dünya miqyasında bu dövlətə
qarşı təzyiqlərin daha da güclənməsinə
nail olmaqdır. Bu istiqamətdə Azərbaycan diplomatiyası
artıq kifayət qədər ciddi uğurlar əldə edib
və bunun əsas göstəricisi Ermənistanın dünya
miqyasında işğalçı olduğunun mühüm
beynəlxalq rəsmi sənədlərlə təsdiqlənməsi,
Azərbaycanın ərazi bütövlüyünün birmənalı
şəkildə tanınmasıdır. Artıq beynəlxalq
səviyyədə Ermənistanın mümkün qədər
tez müddətdə işğal altında
saxladığı Azərbaycan ərazilərini azad etməsinin
vacibliyi rəsmi Yerevana daha çox xatırlanmaqda və
bununla əlaqədar təzyiqlər artmaqdadır.
Bu günlərdə
ölkəmizdə səfərdə olan Beynəlxalq Avropa Hərəkatının
baş katibi Dieqo Pinto da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən
danışarkən ölkəmizin ərazi
bütövlüyünün bərpa edilməsinin vacibliyini
bildirib. Onun sözlərinə görə, Avropa
İttifaqı (Aİ) Azərbaycanın ərazi
bütövlüyünə hörmət etməyin vacibliyini
bildirir və münaqişənin sülh yolu ilə həllini
istəyir: "Dağlıq Qarabağ münaqişəsi həssas
məsələdir, mən vəziyyətin gərginləşməsini
deyil, münaqişənin həll olunmasını istəyirəm".
Xatırladaq ki, Dieqo
Pintonun Bakıya səfəri bu təşkilatın Azərbaycandakı
nümayəndəliyinin dəvəti ilə həyata
keçib.
Səfərin məqsədi
Azərbaycan və Avropa İttifaqı arasında imzalanan
"Şərq tərəfdaşlığı"
proqramının tətbiqi üsulları və inkişaf
yollarının müəyyən edilməsi, bu məsələlərin
hökumət və ictimaiyyət ilə müzakirəsi olub. O,
eyni zamanda ölkəmizin Avropaya inteqrasiyası üzrə fəaliyyət
göstərən ictimai təşkilatlara qurumun tövsiyələrini
çatdırıb. Səfər çərçivəsində
Dieqo Pintonun bir sıra rəsmi görüşləri də
keçirilib. Azərbaycana səfərindən və burada
qarşılanmağından, keçirdiyi görüşlərdən
böyük məmnunluq duyduğunu ifadə edən Dieqo Pinto
onu da vurğulayıb ki, təmsil etdiyi hərəkat Azərbaycanın
Avropaya daha da yaxınlaşması üçün öz
imkanlarından maksimum dərəcədə istifadə edəcək.
Onun sözlərinə görə, Azərbaycanın Qərbə
inteqrasiyası prosesində heç bir maneə yoxdur. Dieqo
Pintonun fikrincə, bunun əsas səbəblərindən biri
də ölkədə Avropa məkanına inteqrasiyanın tərəfdarı
olan insanların sayının çoxluq təşkil etməsidir.
Məlumat
üçün onu da bildirək ki, beynəlxalq sferada ciddi nüfuza
malik olan Beynəlxalq Avropa Hərəkatı 1948-ci ildə
yaradılıb. İlk əvvəl əsas məqsədi
Avropa İttifaqının və Avropa Şurasının
yaradılması olan təşkilatın əsas hədəfi
hərəkatın ideyalarının bütün dünya
üzrə yayılmasıdır. Azərbaycanın Avropaya
inteqrasiyasına və ölkəmizin Avropa İttifaqına
üzv olmasına öz töhfələrini verməyə
çalışan hərəkat Avropa Parlamentinə
seçkilərin təşkili, konstitusiyanın və bir
çox layihələrin hazırlanması ilə də məşğul
olur.
Hazırda sözügedən
hərəkatla ölkəmiz arasında sıx əlaqələr
mövcuddur. Ümumiyyətlə isə, Azərbaycan Avropa
İttifaqı ilə işbirliyini gücləndirməkdədir.
Elə bunun nəticəsidir ki, Azərbaycanın Avropa
İttifaqı üçün əsas tərəfdaş
olması və sözügedən qurumun Cənubi Qafqaz siyasətində
mühüm əhəmiyyət daşıması bu təşkilatın
özündə də ən yüksək səviyyədə
etiraf edilməkdədir. Bunu Avropa İttifaqını təmisl
edən ayrı-ayrı yüksək vəzifəli şəxslərin
açıqlamalarında, həmçinin qurum tərəfindən
reallaşdırılan müxtəlif proqramların
icrasında, hazırlanan hesabatlarda da aydın görmək
mümkündür.
Məsələn, bir müddət əvvəl
açıqlanan Avropa Qonşuluq Siyasəti Fəaliyyət
Planının İcrası üzrə illik hesabatda qeyd olunur
ki, Xəzər dənizinin neft və qaz ehtiyatları
baxımından Azərbaycan həm hasilatçı, həm də
tranzit ölkə olaraq Avropa İttifaqının mühüm
tərəfdaşıdır.
Cari ilin aprel ayında
Prezident İlham Əliyevin Belçikaya rəsmi səfəri
zamanı onunla görüşən Avropa Komissiyasının
sədri Joze Manuel Barrozunun sözlərinə görə, Azərbaycan
Cənubi Qafqaz regionunda olduqca mühüm tərəfdaşdır.
Bu səbəbdən Avropa İttifaqı ölkəmizlə
qarşılıqlı maraqlara söykənən əməkdaşlığın
daha da dərinləşməsini istəyir: "Əminəm
ki, dialoq və əməkdaşlığımızın
intensivləşdirilməsi hər iki tərəfə
böyük fayda gətirəcəkdir. Artıq on ildir ki, həyata
keçirilən Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi möhkəm bünövrədir. Avropa
İttifaqı Azərbaycanın ümumi xarici ticarətində
təxminən 30 faizi təşkil edərək bu ölkənin
əsas ticari tərəfdaşıdır. Biz etiraf edirik ki,
münasibətlərimizi irəliyə doğru aparmaq istəyirik
və bunu edə bilərik. Biz Avropa ilə daha sıx əməkdaşlığın
aparılması məqsədilə Azərbaycan tərəfindən
atılmış bütün addımları
alqışlayırıq. Hesab edirəm ki, bu, həm Azərbaycanın,
həm də bütövlükdə Avropa
İttifaqının marağındadır".
Azərbaycanın Avropa
İttifaqı ilə münasibətlərinin dinamik
inkişafı təkcə iqtisadi və enerji sahələrində
yox, digər sferalarda, o cümlədən siyasi əlaqələrdə
də özünü aydın büruzə verir. Bu xüsusda
isə tərəflərin qarşılıqlı əlaqələrinin
daha da möhkəmlənməsinə xidmət edən Avropa
Qonşuluq Siyasəti Fəaliyyət Planı və "Şərq
tərəfdaşlığı" proqramı xüsusi əhəmiyyət
kəsb edir. Bu məqamlara toxunan Prezident İlham Əliyev
bildirmişdir: "Biz öz siyasi sistemini, sosial problemlərin
həllini və iqtisadi azadlıqları Avropa
İttifaqının meyarlarına uyğunlaşdıran
müasir ölkəni, müasir Azərbaycanı qurmaq istəyirik
və hesab edirəm ki, Avropa İttifaqı, xüsusən də
Qonşuluq Proqramı və "Şərq tərəfdaşlığı"
bu müsbət meyli gücləndirəcəkdir".
Avrora İttifaqı ilə
əməkdaşlığın inkişaf etdirilməsi
fonunda ölkəmizin ərazi bütövlüyünün bərpası
ilə bağlı həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində təşkilat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini
gücləndirmək və bu problemin beynəlxalq hüququn
norma və prinsipləri əsasında həlli istiqamətində
səylərini gücləndirməkdədir.
Avrora İttifaqı ilə
yanaşı, Azərbaycan Avratlantik məkanın
aparıcı ölkəsi olan ABŞ-la da münasibətlərinin
miqyasının genişlənməsinə xüsusi önəm
verir və bu sahədə də əldə edilən nailiyyətlər
çoxalmaqdadır. ABŞ da Cənubi Qafqazın lider ölkəsi
olan Azərbaycanla əlaqələrin güclənməsi məqsədilə
regionda fəal siyasət yürütməkdə, ölkəmizi
mühüm tərəfdaşı kimi qəbul etməkdədir.
ABŞ dövlət katibinin köməkçisinin müavini
Mətyu Brayzə Bakı səfərində bununla
bağlı demişdir: "Prezident Barak Obama hesab edir ki, Azərbaycan
ABŞ-ın çox mühüm strateji tərəfdaşıdır
və Staynberq, Qordon kimi ABŞ Administrasiyasının bir
çox yüksəkvəzifəli nümayəndələri
artıq ölkənizə səfər ediblər. ABŞ
Administrasiyası ölkələrimizin əlaqələrinin
və əməkdaşlığının möhkəmləndirilməsi
prosesini davam etdirəcək". Onun sözlərinə
görə, bu illər ərzində ABŞ və Azərbaycan
ölkədə demokratiya məsələləri üzərində
xeyli və uğurla işləyib.
ATƏT-in Minsk qrupunun həmsədri
kimi Azərbaycana son səfərində Mətyu Brayzə onu
da vurğulayıb ki, ABŞ və Azərbaycanı,
onların xalqlarını bir çox maraqlar, o cümlədən
təhlükəsizlik maraqları birləşdirir: "Bu
maraqlar həm də Dağlıq Qarabağ münaqişəsi
konteksində birləşir".
Qeyd edilənlər bir
daha Azərbaycanın Avropa İttifaqı, ABŞ-la sıx əməkdaşlığının
formalaşdığını, Avratlantik məkana inteqrasiya
istiqamətində mühüm nailiyyətlər əldə
etdiyini nümayiş etdirir.
Azərbaycanla münasibətlərinin
daha da dərinləşməsini istəyən ABŞ və
Avropa dövlətləri isə həm də birmənalı
şəkildə ölkəmizin ərazi
bütövlüyünün bərpa olunması istiqamətində
səylərini artırmaqda, bu məsələdə Azərbaycanın
haqlı mövqeyinə tam dəstək verməkdədirlər.
Elə bu da bir daha Azərbaycan diplomatiyasının
böyük uğurunun əyani göstəricisi kimi qəbul
olunur.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 19
avqust.- S. 1, 3.