Küveytin nüfuzlu "Əl-Ray" qəzetində Azərbaycanın
inkişafı barədə
məqalə dərc edilmişdir
Küveytin nüfuzlu
"Əl-Ray" qəzetinin 15 avqust nömrəsində Azərbaycanın
bu ölkədəki səfiri Şahin Abdullayevin müsahibəsi
dərc olunmuşdur.
Azərbaycanın
Küveytdəki səfirliyindən bildirmişlər ki,
müsahibədə Prezident İlham Əliyevin uğurlu daxili
və xarici siyasi kursu, bu siyasətin məntiqi nəticəsi
olaraq ölkəmizdə bütün sahələri əhatə
edən sürətli inkişaf barədə geniş məlumat
verilmişdir.
Cari ilin fevralında
Prezident İlham Əliyevin Küveytə rəsmi səfəri
də müsahibənin əsas məqamlarındandır. Müsahibədə
bildirilir ki, rəsmi səfər çərçivəsində
Azərbaycan dövlətinin başçısının
Küveyt rəhbərliyi ilə səmərəli
görüşləri və müxtəlif sahələrlə
bağlı beş mühüm sənədin imzalanması
dost xalqlarımız arasında tarixi, dini, mənəvi
bağlılıqdan qaynaqlanan siyasi və iqtisadi əlaqələrin
inkişafı üçün münbit şərait
yaratmışdır.
Bundan əlavə,
müsahibədə Küveyt əmirinin Azərbaycan
Prezidentinin dəvəti ilə ölkəmizə səfərinin
gözlənildiyi barədə məlumat verilmiş, bu cür
yüksək səviyyəli səfərlərin dövlətlərimiz
arasında əlaqələrin daha dinamik inkişafına
güclü təkan verdiyi qeyd olunmuşdur.
İkitərəfli
münasibətlər kontekstində Azərbaycan
xalqının Küveyti yalnız bir neft ölkəsi kimi
deyil, hərtərəfli - tarix, mədəniyyət, incəsənət,
ədəbiyyat baxımından da tanımaq arzusu barədə
də məlumat verilmişdir. Bu istiqamətdə atılan
addımlardan biri kimi Bakının 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan edilməsi ilə bağlı
keçirilmiş tədbirlər çərçivəsində
cari ildə Azərbaycanda Küveyt mədəniyyət həftəsinin
təşkil olunması məqsədilə Küveytin Mədəniyyət,
İncəsənət və Ədəbiyyat Milli
Şurası nümayəndə heyətinin Bakıya dəvət
olunduğu bildirilir.
Müsahibədə, həmçinin
Azərbaycanda həyata keçirilən genişmiqyaslı
islahatlar, layihələr, əlverişli investisiya mühiti və
turizm sektoru barədə məlumatlar da öz əksini
tapmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 19 avqust.- S.1.