Milli-mənəvi dəyərlərin etibarlı hamisi

 

Hər bir xalqın taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunun, mükəmməl dövlətçilik və siyasi irsinin, zəngin təcrübəsinin öyrənilərək gənc nəslə təbliğ edilməsi sosial zərurət kimi meydana çıxır. Azərbaycan xalqı da taleyində misilsiz rol oynamış ümummilli lider Heydər Əliyevi daim yüksək ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl addımlar atır. 2004-cü ildən ictimai qurum kimi fəaliyyətə başlayan Heydər Əliyev Fondu da məhz bu ali məqsədi qarşısına məqsəd qoyaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində məqsədyönlü iş aparır.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ümummilli liderin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışmışdır. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə məhz genefondun qorunması, milli dəyər və duyğuların ictimai şüurda intişar tapmasıdır. Azərbaycanın birinci xanımı informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Bu baxımdan fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında milli-mənəvi irsə qayğının xüsusi yer tutması təsadüfi olmayıb xalqın milli kimliyinin qorunması məqsədinə xidmət edir.

Tarixi təcrübə sübut edir ki, hər bir millət ictimai-iqtisadi formasiya dəyişkənliyində müxtəlif yad təsirlərə, yabançı neqativ dəyərlərin, ictimai şüurda həzm olunmayan "ənənələrin" hücumuna məruz qalır. Qarşısıalınmaz qloballaşma əsrində hər bir xalqın formalaşmış milli mənəvi-əxlaqi dəyərlərini sıradan çıxarmağa yönələn "universal" və ya "kosmopolit" dəyərlərin təbliği daha geniş vüsət almışdır. Şübhəsiz, sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən milli dəyərlərin mütərəqqi mahiyyətindən uzaqlaşmasına, eləcə də milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilməsinə gətirib çıxarır.

Belə bir şəraitdə xalqın milli "mən"inin, mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və aktual problem kimi önə çıxır. Bu baxımdan Azərbaycan mədəniyyəti YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapmışdır.

Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaratmış Mehriban xanım Əliyeva o dövrdən məhz bu nəcib missiyanı qarşıya məqsəd qoymuş, yüksək təşəbbüskarlığı, ictimai fəallığı ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və inkişafına töhfəsini vermişdir. Qədim ənənələrə malik Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması və dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən nəşrə başlamış "Azərbaycan-İrs" jurnalının fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də ciddi dəstək verir.

Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Bu xətti fəaliyyətində əsas tutaraq uğurla davam etdirən Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak etməyə çalışır. Fondun təşəbbüsü ilə son 5 ildə Gəncə şəhərindəki Cavad xan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva hələ 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri kimi çıxışında Azərbaycanı Üzeyir Nacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostroroviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətəni olaraq tərənnüm etmiş, bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş Azərbaycan xalqının həqiqətən də böyük xalq olduğunu dünya ictimaiyyətinə çatdırmışdır: "Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi ÜUNESKO çərçivəsində qeyd olunmuş "Kitabi-Dədə Qorqud" erosu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün, yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə ÜUNESKO-nun rolu, şübhəsiz ki, çox böyükdür. Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bugünə qədər qoruyub saxladığı və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir".

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Bundan başqa, Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileyinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində daha bir uğurlu addım görkəmli bəstəkar Firəngiz Əlizadənin Parisdə yaradıcılıq gecəsinin keçirilməsi olmuşdur. Dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin səhnələşdirilməsi haqqında Vyana Kamera Teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

2008-ci il sentyabrın 17-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı da milli mədəniyyətə qayğı siyasətinin tərkib hissəsidir. Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları və musiqili komediyalarının klavir, libretto və SD-ləri daxildir.

YUNESKO çərçivəsində "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış etməsi isə Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıması ilə şərtlənir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. "Qafqaz ənənələri evi"nin yaradılması tarix boyu Azərbaycanın təkcə ərazisinə deyil, həm də maddi mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından önəmlidir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində də böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. Əslində, bütün Azərbaycana məxsus muğamların toplandığı alboma məhz "Qarabağ xanəndələri" adının seçilməsinin fonunda dayanan incə siyasi məqamı sezməmək mümkün deyil. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının verilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin də ararıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdıran Mehriban xanım Əliyeva bu janrın gənc ifaçılarının sayının xeyli azaldığını narahatlıqla bildirmişdir. "Balaca muğam ifaçılarını adətən "Qarabağ bülbülləri" adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torrağı lazımdır.

Azərbaycan mədəniyyətinin Üzeyir Nacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir" deyən Heydər Əliyev Fondunun prezidentinin şəxsi təşəbbüsü ilə son illərdə keçirilən və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliği baxımından təqdirəlayiqdir. Yeri gəlmişkən, 2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini dirçəldib yaşadan, istehsal etdiyi malları dünya bazarına çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənətin inkişafına yeni ruh vermişdir. Xalqımızın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri bütün dünyada məşhurlaşmışdır. Yüksək bədii və texnoloji səviyyədə toxunan "Şeyx Səfi" xalçasının hanadan kəsilməsi mərasimində YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva iştirak etmişlər.

Cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Fəqət, məhz bu cür insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da iri şirkət rəhbərlərinin, iş adamlarının xeyriyyəçilik tədbirlərində yaxından iştirakı onlara yalnız nüfuz qazandırar.

Azərbaycanın birinci xanımı bu həssas məqama xüsusi diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir. Söhbət indiki mərhələdə iri biznes strukturlarının, yüksək imkanlı iş adamlarının müəyyən sosial layihələrin gerçəkləşdirilməsində iştirakından gedir. "Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası ilk növbədə insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır", - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Azərbaycan bu gün paralel olaraq həm Qərbə, həm də Şərqə inteqrasiya etməklə bərabər, hər iki sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi çıxış edir, mədəniyyətlərarası yaxınlaşmaya öz töhfəsini verir. Bu reallığı düzgün dəyərləndirən YUNESKO Azərbaycanın sivilizasiyalararası dialoq prosesindəki yerinin və rolunun daha da güclənməsinə çalışır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə 2008-ci ildə Bakıda keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. "İndi, kütləvi mədəniyyət stereotirlərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. ÜUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, rlanetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "mən"ini daha rarlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışır.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 3.