Naxçıvanda Sərhəd Qoşunları yaradılmasının
90 illik yubileyi qeyd olunmuşdur
Avqustun 18-də
"Naxçıvan" Sərhəd Diviziyasında Azərbaycan
Sərhəd Qoşunları yaradılmasının 90 illik
yubileyi qeyd olunmuşdur.
"Naxçıvan"
Sərhəd Diviziyasının komandiri Asəf Quliyev yubiley tədbirinə
gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri
şəxsi heyəti salamlamış, onları Azərbaycan Sərhəd
Qoşunları yaradılmasının 90 illik yubileyi
münasibətilə təbrik etmişdir.
Ali Məclisin Sədri və
tədbirin iştirakçıları diviziyanın həyətində
xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın
qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər
Əliyevin büstü önünə gül dəstəsi
qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra hərbi hissənin
döyüş bayrağı meydana gətirilmişdir.
Dövlət himni səsləndirilmişdir.
Asəf Quliyev muxtar
respublikada sərhədçilərə göstərilən
diqqət və qayğıdan danışmışdır.
Sonra əsgər
Elçin Rüstəmov çıxış etmişdir.
Vasif Talıbov əziz
bayram - Azərbaycan Respublikası Sərhəd
Qoşunlarının yaradılmasının 90 illiyi və sərhəd
qoşunları əməkdaşlarının peşə
bayramı münasibətilə dövlət sərhədimizin
etibarlı keşikçilərini, onların şəxsində
muxtar respublikanın ərazisindəki bütün hərbi
hissələrin heyətlərini, daim sərhədçilərimizlə
birlik nümayiş etdirən naxçıvanlıları və
şəhid ailələrini təbrik edərək demişdir
ki, ölkəmizdə sərhəd qoşunlarının
yaradılması möhtərəm Heydər Əliyevin ali
hakimiyyətə qayıdışından sonra dövlət
siyasətinin mühüm tərkib hissəsinə
çevrilmiş, peşəkar xarakter almışdır.
Milli dövlətçiliyin
əsas atributlarından olan dövlət sərhədlərinin
mühafizəsinə ulu öndərimizin göstərdiyi diqqət
və qayğının nəticəsidir ki, dövlət sərhədləri
boyu zəruri infrastruktur yaradılmış, Müstəqil
Dövlətlər Birliyinə daxil olan digər dövlətlərdən
fərqli olaraq Azərbaycan öz sərhədlərini
müstəqil qorumağa qadir olduğunu bütün
dünyaya nümayiş etdirmişdir.
Sonra xidmətdə fərqlənənlərə
Azərbaycan Respublikası Prezidentinin təltifləri və
Ali Məclis Sədrinin qiymətli hədiyyələri təqdim
olunmuşdur.
Şəxsi heyət təntənəli
marşın sədaları altında nizami addımlarla
tribunanın önündən keçmişdir.
Ali Məclisin Sədri və
tədbirin iştirakçıları əsgər yeməkxanasında
əsgərlərlə birlikdə nahar etmişlər.
Naxçıvan Dövlət
Filarmoniyasının "Gəmiqaya" instrumental ansamblı
konsert proqramı ilə çıxış etmiş, muxtar
respublikanın incəsənət ustalarının ifasında
ümummilli liderimizə, doğma vətənimizə həsr
olunmuş mahnılar səslənmişdir.
Azərbaycan.- 2009.- 19 avqust.- S. 3.