Lənkəran Sərhəd
Dəstəsinin N saylı hərbi hissəsində Sərhəd
Qoşunlarının yaranmasının 90-cı
ildönümü qeyd edilmiş, gənc əsgərlərin
andiçmə mərasimi keçirilmişdir.
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov, rayon ictimaiyyətinin nümayəndələri, Sərhəd
Dəstəsinin zabitləri əvvəlcə ümummilli lider
Heydər Əliyevin hərbi hissənin həyətində
ucaldılmış abidəsinin önünə gül dəstələri
düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Hərbi hissənin
komandiri Mehman Hüseynov əsgər və zabitləri Sərhəd
Qoşunlarının yaranmasının 90-cı
ildönümü münasibətilə təbrik etmişdir.
Təntənəli
marşın sədaları altında hərbi hissənin
döyüş bayrağı meydana gətirilmış, Azərbaycan
Respublikasının dövlət himni ifa olunmuşdur.
Sonra gənc əsgərlər
Vətənə sədaqət andı içmişlər.
Hərbi hissə
komandirinin "Sərhəd Qoşunlarının yaranması
və inkişaf mərhələləri" mövzusunda məruzəsi
dinlənilmişdir. Məruzəçi bildirmişdir ki,
iyirminci əsrin əvvəllərində Azərbaycanda sərhəd
mühafizəsi qüvvələrinin formalaşmasının
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin adı ilə bağlıdır. Azərbaycan
sərhəd mühafizəsinin inkişaf tarixi dörd mərhələdən
keçir. 1969-1987-ci illəri əhatə edən birinci mərhələdə
ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
SSRİ-nin Sərhəd Qoşunlarında azərbaycanlı
zabitlərin yüksək vəzifələrə irəli
çəkildiyini vurğulayan natiq, Sərhəd
Qoşunlarının Moskvadan maliyyələşdirilməsinə
baxmayaraq, məhz ulu öndərin təşəbbüsü
ilə Azərbaycan Respublikasının büdcə vəsaiti
hesabına Naxçıvan, Göytəpə, Lənkəran
Sərhəd Dəstələrinin ərazilərində sərhədçilər
üçün yaşayış evləri tikilmiş, sərhəd
xidmətinin maddi-texniki bazası möhkəmləndirilmiş,
cənub sərhəd xətti boyunca zastavalar, sərhəd
komissarlarının görüş evləri, sərhəd
gözətçi gəmilər dəstəsində yeni tədris
korpusları, hərbi hospital inşa edilmişdir.
Sərhəd mühafizəsi
tarixinin 1988-1992-ci illəri əhatə edən ikinci mərhələsi
xüsusilə ağır bir dövrə təsadüf
etmişdir. SSRİ-nin süqutu ilə müşayiət
olunan həmin illərdə erməni separatçıları
tərəfindən Qarabağa dair iddiaların irəli
sürülməsi, ölkədə milli dirçəliş
hərəkatının başlanması, Moskvanın cərəyan
edən hadisələrə biganə münasibəti və
respublika rəhbərliyinin ölkədə baş verən
prosesləri nəzarətdə saxlamaq bacarığına
malik olmaması müxtəlif təxribatçı qüvvələr
tərəfindən dövlət sərhədində mühəndis
və mühafizə qurğularının sıradan
çıxarılması ilə nəticələnmişdir.
Sərhədlərimizin
mühafizəsinin 1993-2002-ci illəri əhatə edən
üçüncü mərhələsində
dağıdılmış sərhəd infrastrukturun müstəqil
Azərbaycan Respublikasının Prezidenti, ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə yenidən bərpa
olunduğunu bildirən M.Hüseynov dövlət sərhədlərinin
etibarlı mühafizəsinin təşkili sahəsində
görülən tədbirlər nəticəsində Risiya
Federasiyası və Gürcüstan ilə dövlət sərhədində
Xudat, Zaqatala və Şəmkir sərhəd dəstələri,
Şəki əlahiddə sərhəd
komendantlığının yaradıldığını
bildirmişdir.
Məruzəçi
2002-ci ildən başlayaraq dövlət sərhədlərinin
mühafizəsinin inkişafı və müasir standartlar əsasında
təşkili ilə xarakterizə edilən hazırkı,
dördüncü mərhələnin sərhəd mühafizəsi
üçün son dərəcə əlamətdar bir
dövr olduğunu vurğulamışdır. O, 2002-ci il iyulun
31-də ümummilli liderin imzaladığı fərmanla
Dövlət Sərhəd Xidmətinin yaradılmasının
Sərhəd Qoşunlarının tarixində yeni mərhələnin
başlanğıcı kimi qiymətləndirmiş, bu gün
ulu öndərin müdrik siyasətinin Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır.
Toplantıda
çıxış edənlər, o cümlədən əsgər
valideynləri əlamətdar gün münasibətilə hərbi
hissənin şəxsi heyətini təbrik etmiş, sərhədlərimizin
etibarlı mühafizəsinə, sərhəd
qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə
və sərhədçilərin sosial vəziyyətinin
yaxşılaşdırılmasına göstərilən
qayğıya görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirmişlər.
Tədbirdə hərbi
hissənin bir qrup əsgər və zabitinə fəxri fərmanlar,
medallar, təşəkkürnamələr, pul
mükafatları, hərbi rütbələr təqdim
edilmişdir.
Mərasimin sonunda hərbi
hissənin çevik hərəkət bölüyünün
nümunəvi çıxışları olmuş, şəxsi
heyət nizami addımlarla tribuna önündən
keçmişdir.
Respublikanın incəsənət
ustaları Lənkəran şəhərindəki Heydər Əliyev
Xatirə parkında bayram konserti vermişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 19 avqust.- S. 3.