Oğuzda "Sağlam həyat tərzi və idman" layihəsinin açılışı
olmuşdur
Avqustun 18-də
Oğuzda Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurası, Gənclər və İdman Nazirliyi, BMT-nin
Uşaq Fondunun (YUNİSEF) təşkilatçılığı
ilə "Sağlam həyat tərzi və idman" adlı
"Həmyaşıddan-həmyaşıda" təhsil
layihəsi çərçivəsində Gənclərin Yay
Məktəbinin açılışı olmuşdur.
Gənclər Təşkilatları
Milli Şurasının mətbuat xidmətindən bildirmişlər
ki, açılış mərasimində gənclər və
idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları
Çingiz Əsədullayev, Rövşən Rzayev, Eyvaz
Qurbanov, Rauf Əliyev, Sabir Hacıyev, Fuad Muradov, BMT-nin Uşaq
Fondunun (YUNİSEF) ölkəmizdəki nümayəndəsi
Mark Hervord iştirak etmişlər.
Gənclər Təşkilatları
Milli Şurasının sədri, deputat Fuad Muradov ölkəmizdə
gənclər siyasətinin dövlətin əsas prioritetlərindən
biri olduğunu söyləmiş, Azərbaycanın bu sahədə
beynəlxalq təşkilatların və inkişaf etmiş
dövlətlərin təcrübəsinə yiyələnməkdə
maraqlı olduğunu bildirmişdir. O demişdir ki, gənclərin
sağlamlığı və idmanın təbliği istiqamətində
görülən bütün işlər dövlətimizin
başçısının gənclərin asudə
vaxtının səmərəli təşkili ilə
bağlı imzalandığı xüsusi proqramın tərkib
hissəsidir.
Gənclər və
idman naziri Azad Rəhimov çıxış edərək
sağlam həyat tərzi və idman sahəsində
aparılan işlərin nazirlik üçün çox vacib
istiqamət olduğunu vurğulamış, Milli Şuranın
təşkil etdiyi bütün tədbirlərin daim dəstəkləndiyini
bildirmişdir.
Rayon icra hakimiyyətinin
başçısı Aydın Əlihüseynov tədbirin
Oğuzda keçirilməsinin böyük əhəmiyyət
daşıdığını və inkişaf etmiş
ölkələrdə gənclərin sağlam həyatının
mühüm əhəmiyyətini vurğulamışdır.
YUNİSEF-in Azərbaycandakı
nümayəndəsi Mark Hervord təmsil etdiyi təşkilatın
bu cür tədbirlərin keçirilməsini hər zaman dəstəklədiyini,
dünyanın hər bir ölkəsində gənclər
arasında sağlam həyat tərzini təbliğ etdiyini
diqqətə çatdırmışdır. O, Azərbaycan
hökumətinin gənclər siyasətinə çox
böyük önəm verməsini, gənclərlə
bağlı imzalanmış Dövlət Proqramını
yüksək qiymətləndirmişdir.
Avqustun 23-dək davam edəcək
Yay Məktəbinin iştirakçıları "Sağlam
həyat tərzi və idman" mövzusunda təlimlər təşkil
edəcək, gənclər arasında sağlam həyat tərzinin
aşılanmasının səmərəli üsullarına
dair biliklərini artıracaq, əyləncə və idman tədbirləri
vasitəsilə maarifləndirmə metodlarını həyata
keçirəcəklər.
Yay Məktəbində
Bakı şəhərinin Əzizbəyov rayonu, Masallı və
Hacıqabuldan 16-24 yaş arasında 35 nəfər gənc
iştirak edir.
Qeyd edək ki, Yay Məktəbinin
davamı olaraq Gənclər Təşkilatlarının Milli
Şurasının gənc təlimçiləri tərəfindən
2009-cu ilin sentyabr-dekabr aylarında Əzizbəyov rayonu, Gəncə,
Quba, Lənkəran, Füzuli, Şirvan, Masallı və
Hacıqabulda 2 min 700 gəncə "Sağlam həyat tərzi
və idman" mövzusunda təlim sessiyaları təşkil
ediləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 19 avqust.- S. 3.