Gənc pianoçuların müsabiqəsinin finalçıları məlum olmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsinin II turuna avqustun 18-də yekun vurulmuşdur. Finalda iştirak etmək hüququ qazanan beş gənc pianoçu arasında azərbaycanlı Toğrul Hüseynli də vardır.

Avqustun 19-da keçiriləcək finalda T.Hüseynli ilə bərabər Aleksandr Yakovlev və İlya Maksimov (hər ikisi Rusiyadandır), Şimomura Misako (Yaponiya), Qoran Filipets (Xorvatiya) məharətlərini nümayiş etdirəcəklər.

Müsabiqənin II turunda müxtəlif ölkələri təmsil edən 13 gənc pianoçu iştirak etmişdir. İkinci turda Azərbaycanı Nərgiz Kəngərli, Abuzər Manafzadə, Toğrul Hüseynli və Günel Kazımova təmsil etmişlər. Həmin turda gənc pianoçuların hər biri 4 əsər ifa etmişdir. Onlar dünya və Avropa bəstəkarlarının, eləcə də Qara Qarayevin, Cövdət Hacıyevin əsərlərini də səsləndirmişlər. Ayın 19-da müsabiqəyə yekun vurulacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 5.