Unudulmaz yay günləri

 

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Quba Rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlarının iştirakı ilə aztəminatlı ailələrdən olan 150 uşaq üçün Qubanın Qımıl-Qazma kəndində təşkil olunmuş hərbi-vətənpərvərlik təmayüllü "Şahinlər" yay istirahət düşərgəsində keçən günlər uşaqların xatirində silinməz izlər buraxmışdır. Səbail rayon yeniyetmələri ilə yanaşı ümumrespublika "SOS" uşaq kəndində yaşayıb tərbiyə alan uşaqların bir qrupu, "Sodrujestvo" Həmrəylik Cəmiyyəti və Azərbaycandakı rus icması üzvlərinin uşaqları, Quba rayonu Zərdabi adına xüsusi internat məktəbin şagirdləri, UNİSEF-in Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin, Azərbaycan "Uşaqdan-uşağa" Sülh Şəbəkəsinin, həmçinin Səbail Rayon İcra Hakimiyyəti nəzdində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın nəzarətində olan balacalar da düşərgədə istirahət ediblər.

Yenicə təmir olunmuş Qımıl-Qazma kənd məktəbində Daxili Qoşunların Qubadakı hərbi hissəsinin komandanlığı tərəfindən hər dəstə üçün lazımi ləvazimatla təchiz olunmuş kazarmalar yaradılmış, həyətdə hərbi-səhra çadırları quraşdırılmışdır. Yeməyin hərbi səhra mətbəxində bişirilməsi, məşğələlərin dəstə rəhbərləri ilə yanaşı zabit və çavuşların da iştirakı ilə hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı etmişdir.

İstirahət dövründə uşaqlar üçün Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintilər də təşkil olunmuşdur. Qubada Heydər Əliyev Muzeyinin, şəhidlərin və soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidələrin ziyarəti uşaqların yaddaşında əbədi iz buraxmışdır. Quba Rayon İcra Hakimiyyəti uşaqların istirahətinin daha mənalı keçməsi üçün hər cür kömək göstərmiş, düşərgə yüksək kalorili yeməklə yanaşı gündəlik meyvə-tərəvəz, süd məhsulları ilə də təmin olunmuşdur.

Düşərgədə məktəblilərə xalqımızın tarixindən bəhs edən "Vətən sevgisi" dərsləri çərçivəsində "Müasir Azərbaycan ulu öndərimiz Heydər Əliyevin şah əsəridir", "Azərbaycanın tarixi və siyasi coğrafiyası", "Azərbaycanın bugünü və gələcəyi" mövzularında məşğələlər və idmanın müxtəlif növləri üzrə yarışlar keçirilmişdir.

Yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində "Azərbaycan Ordusu: nizam-intizam hərbçilərə xas olan vacib xüsusiyyətlərdir", "Dağlıq Qarabağ problemi və müasir dünya" mövzularında məşğələlər, Qarabağ savaşı zamanı qanlı döyüşlərdə həlak olmuş soydaşlarımızın anım mərasimləri keçirilmiş, hərbçilərin bilavasitə iştirakı ilə ibtidai hərbi hazırlıq, mülki müdafiə və ilk tibbi yardım təlimləri təşkil olunmuşdur. Ən yaddaqalan tədbirlərdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Bölüyünün üzvləri tərəfindən göstərilən nümunəvi çıxışlar və əlbəyaxa döyüş növləri olmuşdur. Şagirdlər hərbçilərin silahları və döyüş texnikası ilə yaxından tanış olmuş, əsgərlərin xidmət və məişət şəraiti barədə çoxlu suallar vermişlər.

Rumıniya Respublikasının paytaxtı Buxarest şəhərinin Səbail rayonu ilə qardaşlaşmış II sektorunun meri cənab Nikolay Ontsanunun başçılıq etdiyi nümayəndə heyətinin düşərgədə olması yeniyetmələrin xüsusi marağına səbəb olmuş, uşaqlar qonaqlara öz istirahət və təhsillərindən danışmış, qısa müddətdə əldə etdikləri nəzəri və əməli biliklər barədə məlumat vermişlər. Düşərgənin təntənəli bağlanışı ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - ombudsman Elmira Süleymanova, Daxili Qoşunlar Komandanının müavini general-mayor Fəxrəddin Səmədov, Səbail və Quba rayon icra hakimiyyətlərinin nümayəndələri və başqa qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

İdman yarışlarında qalib gəlmiş bir qrup şagirdə fəxri fərman və mükafatlar, uşaqların tərbiyəsində fərqlənmiş dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.

Respublikamızın tanınmış incəsənət xadimləri və gənc istedadların iştirakı ilə keçirilən bayram konsertində düşərgədə istirahət edən uşaqlar da öz məharətlərini göstərmişlər.

 

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 5.