Uşaqların sevdikləri şeirlər

 

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2009-cu il respublikamızda "Uşaq ili" elan edilmişdir. Bu səbəbdən də uşaqlara göstərilən diqqət və qayğı daha da artırılmışdır. Bu sərəncamın işığı uşaqlar üçün nəşr edilən kitabların da taleyində rol oynayıb.

"Beşik" nəşriyyatı xalq şairi Xəlil Rza Ulutürkün uşaqlar üçün yazdığı şeirləri təkrar nəşr etmişdir. "Marallar da duz yeyərmiş" adlı kitabın tərtibçisi şairin həyat yoldaşı Firəngiz xanım Ulutürk, rəyçisi Əlizadə Əsgərlidir. Uşaq ədəbiyyatının zəiflədiyi bir dövrdə belə kitabların nəşri həqiqətən təqdirəlayiqdir.

Topluda şairin vətənlə, təbiətlə bağlı, əməyi tərənnüm edən şeirləri toplanmışdır. Uşaq psixologiyasına, təfəkkür tərzinə uyğun olan bu nümunələr həqiqətən tez yadda qalır, kiçik oxucuların bilik və bacarıqlarının möhkəmlənməsində əhəmiyyət daşıyır. Məsələn, "Sual-cavab" adlı şeirə fikir verək.

 

- Kimdir ən böyük şair?

- Mənim babam Nizami!

- Ən qəhrəman sənətkar?

- İmadəddin Nəsimi!

 

- İldırım sürətli at?

- Koroğlunun Qıratı!

- Qısa qaynar bir həyat?

- Cabbarlının həyatı!

 

- Dünyada ən gözəl səs?

- Xanın, Bülbülün səsi!

- Ən doğma, yaxşı ölkə?

- Azərbaycan ölkəsi!

 

Göründüyü kimi, üç bəndlik bir şeirdə də kiçik oxucu ona lazım olacaq hər bir şeyi əxz edə bilir. Həqiqətən də məşhur uşaq şairlərinin yaradıcılığına müraciət edərək onların əsərlərini yenidən çap etdirmək çox gərəklidir. Çünki bu şeirlərdə hər şey yerli-yerindədir. İstər sənətkarlıq baxımından, istərsə də bədii cəhətdən. Təəssüf ki, bu gün dərsliklərdə elə şeirlərə rast gəlinir ki, onlar nəinki uşaqların yaşına, səviyyəsinə uyğundur, həm də mənasız, məzmunsuz söz yığınından ibarətdir.

Gərəkdir ki, Azərbaycan poeziyasında, xüsusilə də uşaq ədəbiyyatında öz sözünü demiş müəlliflər unudulmasın.

 

 

Bəhruz NİFTƏLİYEV,

Azərbaycan Dövlət

Mədəniyyət və İncəsənət

Universitetinin magistrantı

 

Azərbaycan.- 2009.- 19 avqust.- S. 6.