Ağlımız kəsəndən
dünyadan çox şey umuruq. Heç kəs pisi
ağlına belə gətirmir. Hamı özü
üçün hər şeyin ən yaxşısını
istəyir. Amma axırda nəsibimiz elə alnımızda yazılanlar
olur. Bura sığınan insanların da heç biri
düşünməzdi ki, günlərin birində
hamıdan, hər kəsdən, ən əsası illər
uzunu qurub-yaratdığı ev-eşiyindən uzaq
düşüb Qocalar evinin adamı üşüdən, tənhalığın
xofundan soraq verən küncünə qısılacaq.
...Bu insanlar dünyanın hər naz-nemətini dadmasalar da, ac deyillər. Amma şirin bir sözə, kiçik bir təbəssümə, bir salama, qohuma, qonşuya ehtiyacları var. Onlar nankor balalarının boyunu oxşamaq, nəvələrinə qurban-sadağa getmək istəyirlər...
Burada - Qocalar evində illər öncə olmuşdum. Bir də indi uzaqdan gələn
rəfiqəmə qoşulub gəldim. Gəlməyimə
peşman olmasam da, burada gördüklərimin dağdan
ağır kədər yükü bir ömrə bəs edər.
Atılmaq pis şeydir. Ətrafımızda
bu sözü daşıyan o qədər insan var kiE Səbəbindən
asılı olmayaraq heç kimin haqqı yoxdur ki, valideynlərini
atsın. Bu, insanlığa sığmayan bir işdir.
Maştağadan Bilgəhə
təzə keçmişdik ki, dayanacaqda maşına əl
eləyən ağsaqqalı görən sürücü: -
İcazə verirsiz bu kişini götürüm? Qocalar evinə
gedir yəqin, - dedi və cavabımızı gözləmədən
maşını saxladı. Təşəkkür edib
maşına əyləşən qoca: - Siz hara kimi gedəcəksiz?
Mən Qocalar evinə gedirəm, - deyə söhbətə
körpü saldı. Bizim də ora getdiyimizi biləndə
yaxınlıqda mağazanın olmamasından, ora qədər
avtobusun işləməməsindən gileyləndi. Və
sözarası bizdən - Sizin də adamınız var? - deyə
xəbər aldı. Söz tapmadıq. Maşın qapıya
yaxınlaşanda: - Narahat olmayın, indi açarlar, -
söyləsə də, ardınca - Yatmısan, a bala, niyə
qapını açmırsan? - deyə ərklə dilləndi.
Bir cavan oğlan darvazanın bir tayını araladı və
biz həyətə daxil olduq. Çardağın altında əyləşən,
tək-tək həyətdə gəzişən və
bir-biri ilə söhbət edən insanları görsək də,
buranın hakimi elə tənhalıq idi. Onlar söhbətləşsələr
də, səsləri çıxmırdı. Elə bil səsləri
də doğma yurdda qalıb. Qocalar evi bizə xas olan bir yer
deyil. Çünki biz ailədə, toplum halında
yaşamağa öyrəşmiş insanlarıq. Ona görə
hər birimiz tənhalıqdan qorxuruq. Ancaq buranın sakinləri
buna məhkumdurlar. Və hamısının da gözləri
yol çəkir. Çünki kimisə gözləyirlər.
Bu insanlar dünyanın hər naz-nemətini dadmasalar da, ac
deyillər. Amma şirin bir sözə, kiçik bir təbəssümə,
bir salama, qohuma, qonşuya ehtiyacları var. Onlar nankor
balalarının boyunu oxşamaq, nəvələrinə
qurban-sadağa getmək istəyirlər. Buranın o qədər
miskin görkəmi vardı ki... Buranın sakinlərindən
- oğul-uşaqdan kimsəniz yoxdurmu? Axı burada sizin nə
işiniz var? - soruşa bilmədim. Onsuz da sınıq olan qəlbləri
qırmaqdan qorxdum.
Asta addımlarla bizə
sarı gələn qoca daha ürəkli çıxdı: -
Çox sağ olun, bizi yada salmısız. Allah sizdən
razı olsun, - dedi və kövrəldi. Ürəyim dolu olsa
da, bir kəlmə danışa bilmədim. Yaşından
asılı olmayaraq kişi ağlayanda elə bilirəm
dünyanın axırıdı. Nə deyəsən, kimi
qınayasan? Ata-anaları ahıl çağında yola-izə
salan naxələf övladlarımı, yoxsa bütün
bunlara biganə qalan insanlarımı?
Bəlkə onlar öz
hüquqlarını bilmədikləri üçün, ya bəlkə
hüquqları müdafiə olunmadığından
abırlarına qısılıb bura pənah gətiriblər,
- bunu bilmirik. Dahilərdən biri deyib ki, bütün
dünyanın pənah gətirdiyi və səcdə
qıldığı yeganə tanrı anadır. Anamın
qucağında öyrəndiyim dərsləri, atamın
verdiyi tərbiyəni və isti sobanın böyründə nənədən
dinlədiyim nağılları unutmaqmı olar?
Sonda sözüm Qocalar
evində bir-birinə həyan olan tənhaların etibarsız
övladlarınadır.
Uşaqlıqda ayrı
yaşaya bilmədiyiniz, indi isə atdığınız
evinizin ağsaqqalı, ağbirçəyi olan valideynlərinizi
bəlkə unutmayasınız? Unutmayın ki,
övladlarınız sonralar bu "töhfə"ni sizə
də qaytarar.
Sədaqət YUSİFQIZI
Azərbaycan.- 2009.- 19 avqust.- S. 6.