Azərbaycan iqtisadiyyatının yüksəlişi davam edir

 

Ölkə vətəndaşlarının mənafeyinə hesablanmış iki təmayülün - demokratikləşmə və iqtisadi inkişaf xəttinin uğurla davam etdirilməsi Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin etibarlı tərəfdaşına, Cənubi Qafqazın lider dövlətinə çevirmişdir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların etibarlı sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə səxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi məqsədilə təsdiq etdiyi mühüm dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanda son beş il yarımda həyata keçirilən islahatlar iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına imkan vermişdir. Dövlət başçısı respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. Ötən müddət ərzində respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün tədbirlər görülmüş, mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, maliyyə vəsaitlərini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Bütün bunlar kiçik və orta sahibkarlığın inkişafına imkan yaratmışdır. Belə subyektlərin normal fəaliyyəti üçün "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanuna bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqli təşviqinə və qorunmasına əsaslı zəmin yaratmışdır.

Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Fond yarandığı vaxtdan ötən dövr ərzində ölkədə sahibkarlığın inkişafına maliyyə vəsaiti ayırmaqla, müvəkkil banklar vasitəsilə güzəstli kreditlər verilməsini təmin etməklə is adamlarının səmərəli biznes layihələrinin reallasmasına yardımçı olmuşdur. Cari ilin altı ayında Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 41 şəhər və rayonda 770 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 45 milyon manat güzəştli kredit verilmişdir ki, bu da regionlarda 3400-ə yaxın yeni iş yerinin açılmasna imkan verəcəkdir.

Hökumətin sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı keçid iqtisadiyyatlı ölkələrin siyasi, sosial-iqtisadi sisteminin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Dövlət başçısı tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında (2008-2013-cü illər) da bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına xüsusi diqqət ayrılır. Prezident İlham Əliyev bildirmişdir: "Regionların inkişafında ümidverici meyillər davam edir. Baxmayaraq ki, son beş il ərzində, demək olar, işsizliyin böyük əksəriyyətini aradan götürdük, bu məsələ ilə bağlı konkret tədbirlər yenə də davam edir. Ötən altı ayda Azərbaycanda 35 min yeni iş yeri açılmışdır ki, onlardan 25 mini daimidir. Regional inkişaf proqramının ikinci mərhələsi başlanmışdır. Bu, böyük və çox konkret proqramdır. Şübhə etmirəm ki, proqramın icrası nəticəsində 2013-cü ilə qədər Azərbaycanın regionlarında mövcud olan bütün problemlər öz həllini tapmalıdır.

Bu il sahibkarlığın inkişafı üçün daha böyük vəsait nəzərdə tutulur. Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Ötən altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni, Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir".

Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Sahibkarların vergi yükü azaldılmış, bu sistem xeyli dərəcədə sadələşdirilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin "mavi yanacaq"la təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi siyasətinin davam etdiriməsi mühüm nəticələrə gətirib çıxarmışdır. Cari ilin ilk altı ayında da bütün əsas investisiya layihələrinin və proqramlarının həyata keçirilməsi uğurla davam etdirilmiş, bu məqsəd üçün dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilmişdir. Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına da ayırmalar olmuşdur.

Bu ilin yeddi ayının göstəriciləri də fərəhlidir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul istehsalı 2,7 faiz artmışdır. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 63,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 48,2 faizi sənayedə, 8,8 faizi inşaat kompleksində, 6,3 faizi kənd təsərrüfatında yaradılmışdır.

Azərbaycanda sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkənin hərtərəfli inkişafını təmin etmişdir. Paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının düzgünlüyünü təsdiq edir və bu siyasətə alternativin olmadığını sübuta yetirir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 1.