Azərbaycan irqi ayrı-seçkiliyin
olmadığı dövlətlərdəndir
Demokratiyadan
danışarkən daha çox insan hüquq və
azadlıqlarının önə çəkilməsi təsadüfi
deyil. Demokrtik dəyərlərin təsbit olunduğu cəmiyyətlərdə
ən mühüm amil məhz insan hüquq və
azadlıqlarının qorunmasıdır. İnsan hüquqları həm də
müxtəlif iqtisadi və siyasi sistemlərin,
ideologiyaların və mədəniyyətlərin mövcud
olduğu dünyada cəmiyyətləri birləşdirən
əsas meyardır. Bu hüquqların qorunması və ona
hörmət müasir dünyaya qovuşmağın əsas
yoludur.
Azərbaycanda insan
hüquqlarının demokratik dünyada qəbul edilmiş dəyərlər
çərçivəsində təmin edilməsi dövlətin
əsas prinsiplərindəndir. Ona görədir ki, bu gün
ölkəmiz insan hüquqlarının təmini sahəsində
mühüm nailiyyətlər qazanmış, cəmiyyətimiz
demokratik dünyaya tam inteqrasiya etmişdir. Söz, vicdan, sərbəst
toplaşmaq və digər azadlıqlar Azərbaycanın
demokratik inkişafının mühüm və ayrılmaz tərkib
hissəsi kimi qəbul edilmişdir. O da qeyd edilməlidir ki,
ölkəmiz bu uğurlara birdən-birə nail
olmamış, müstəqilliyimizin ilkin
çağlarında demokratikləşmə sahəsində
ciddi problemlər yaşanmışdır. Müstəqillik
qazandıqdan sonra Azərbaycan demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğunu özünün
inkişaf yolu seçsə də, ilkin dövrlərdə
hakimiyyətdə olan səriştəsiz qüvvələr
bu vəzifənin öhdəsindən gələ bilməmişdilər.
İnsan hüquq və azadlıqlarının demokratik dəyərlər
çərçivəsində təmini ilə bağlı
müxtəlif bəyanatlar səslənsə də, bu, real həyatda
təsdiqini tapmamışdır.
Azərbaycanda demokratikləşmə
və insan hüquqlarının real şəkildə təmini
yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra mümkün
olmuşdu. Ulu öndər Heydər Əliyevin tarixi
qayıdışından sonra Azərbaycanın adı Şərqdə
ilk olaraq ölüm hökmünü ləğv edən
ölkə kimi tarixə düşdü. Əvvəlcə,
1993-cü ildə ölüm hökmü üzərində
moratorium qoyuldu. Bir neçə il sonra, konkret olaraq 1998-ci ildə
isə bu cəza tamamilə ləğv edildi. Bu da qeyd edilməlidir
ki, ölkəmizdə ölüm hökmü tamamilə ləğv
edilərkən Azərbaycan Avropa Şurasına hələ
daxil olmamışdı və bu o zaman insan hüquqları sahəsində
atılan ən mütərəqqi addım kimi qiymətləndirildi.
Ölüm
hökmünün ləğvi ilə ölkəmiz Mülki və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci protokoluna
qoşuldu. Azərbaycan BMT-nin insan hüquqlarının
qorunmasına dair Bəyannaməsinə və digər
konvensiyalara da qoşulmaqla insan hüquqları sahəsində
beynəlxalq miqyasda təsbit olunmuş prinsiplərə
sadiqliyini nümayiş etdirdi.
Demokratikləşməni
hüquqi dövlət quruculuğunun əsas meyarı kimi qəbul
edən ölkəmizin insan hüquq və
azadlıqlarının təmin olunmasına xüsusi önəm
verməsini 1995-ci ildə ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi
ilə qəbul edilən Konstitusiya da təsdiqləyir. Əsas Qanun ilə Azərbaycan
demokratik, hüquqi və dünyəvi dövlət olaraq insan
hüquqlarına böyük önəm verdiyini bir daha
nümayiş etdirdi. Demokratik dəyərlərə və
prinsiplərə uyğun hazırlanmış
Konstitusiyanın üçdə ikisi insan hüquq və
azadlıqlarına həsr edilmişdir. Beynəlxalq təşkilatlar
tərəfindən dünyanın dəyərli
konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas
Qanunumuz Azərbaycanda demokratik quruluşun və hüquqi
dövlətin möhkəm təməlini qoydu, insan hüquq
və azadlıqlarının tam bərqərar olmasına zəmin
yaratdı.
Ölkəmizdə insan
hüquq və azadlıqlarına verilən böyük önəmin
daha bir təzahürü ulu öndər Heydər Əliyevin
1998-ci il fevralın 22-də imzaladığı "İnsan
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında" fərmandır.
Konstitusiyada təsbit
edilmiş insan hüquqlarının müdafiəsinin
gerçəkləşməsini təmin edən bu fərman
bir sıra kompleks tədbirlərin həyata keçirilməsinə
təkan verdi. Fərman əsasında Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı
ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi
sahəsində Dövlət Proqramı çərçivəsində
qanunvericilik və institusional islahatlar həyata keçirildi.
Bu Proqram əsasında və eləcə də ölkəmizin
sonralar Avropa Şurası qarşısında
götürdüyü öhdəliklərə uyğun olaraq
2002-ci ildə Azərbaycanda insan hüquqları üzrə
müvəkkil (Ombudsman) institutu təsis edildi. Ombudsman
institutunun yaradılması, vətəndaşların
Konstitusiya Məhkəməsinə, o cümlədən Avropa
İnsan Hüquqları Məhkəməsinə birbaşa
müraciət imkanı əldə etmələri demokratik dəyərlərin
əsasını təşkil edən insan hüquq və
azadlıqlarının təsbit olunması istiqamətində
atılan növbəti uğurlu addımlar idi.
Cəmiyyət həyatının
bütün sferalarını əhatə edən demokratik
islahatların qətiyyətlə və ardıcıl həyata
keçirilməsinin nəticəsi olaraq 2001-ci ilin
yanvarında ölkəmiz Avropa Şurasına üzv qəbul
olundu və Azərbaycanda insan hüquq və
azadlıqlarının inkişafı istiqamətində yeni mərhələ
başlandı. Ölkəmiz
ötən illər ərzində üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirmək
istiqamətində mühüm uğurlara imza atdı. AŞ
ilə əməkdaşlıq çərçivəsində
ölkəmizdə insan hüquqlarının inkişafı
ilə yanaşı, məhkəmə sisteminin islahatı, vəkillik
fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya
qarşı mübarizə və ictimai televiziyanın fəaliyyətə
başlaması ilə bağlı mühüm tədbirlər
görüldü. Azərbaycan AŞ ilə insan
hüquqlarının təmini sahəsində hərtərəfli
əlaqələrə böyük önəm verir və əməkdaşlığın
davam etdirilməsində maraqlıdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
ümummilli liderin insan hüquqlarının qorunması istiqamətində
müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam
etdirir. Ölkəmiz
insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə
qoşulmuş, onlardan irəli gələn müddəaların
həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla
səmərəli əməkdaşlığı daha da
inkişaf etdirmişdir. Bu təşkilatların
sırasında BMT-nin insan hüquqlarının təşviqi
və müdafiəsi sahəsində fəaliyyət göstərən
müxtəlif qurumları, ATƏT , Avropa Şurası və
Avropa İttifaqı mühüm yer tutur. Beynəlxalq təşkilatlarla
əməkdaşlıq çərçivəsində
növbəti uğurlardan biri Azərbaycanın BMT-nin yeni
yaradılmış İnsan Hüquqları Şurasına
üzv seçilməsi olmuşdur.
Azərbaycanın yeni
inkişaf mərhələsi, ölkə
iqtisadiyyatının dinamik yüksəlişi insan hüquq və
azadlıqlarının təmini sahəsində aparılan ardıcıl
islahatların davam etdirilməsini şərtləndirir. İnsan hüquqlarının
qorunmasını daim diqqətdə saxlayan Prezident İlham Əliyev
bu məqsədlə 2006-cı il dekabrın 28-də Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi
üzrə Milli Fəaliyyət Planını təsdiq
etmişdir. Milli Fəaliyyət Planındakı müddəalara
və tövsiyələrə əsasən normativ hüquqi
aktların tətbiqi zamanı insan hüquqlarının
müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə
riayət olunmasına nəzarət gücləndirilmiş,
Milli Məclisdə qanun layihələrinin hazırlanması və
qəbulu zamanı Konstitusiyada və ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq sənədlərdə
əks etdirilmiş insan hüquq və azadlıqları əsas
meyar kimi rəhbər tutulmuş, Azərbaycan
Respublikasının normativ hüquqi aktlarının beynəlxalq
hüquqi sənədlərə uyğunluğu, insan
hüquqlarının müdafiəsini tənzimləyən
beynəlxalq sənədlərin müddəalarının məhkəmə
təcrübəsində tətbiqi təmin olunmuşdur.
Bütün bunlarla
yanaşı ölkəmizdə insan hüquqlarının
qorunmasının əsas göstəriciləri olan
tolerantlığın yüksək səviyyədə təmin
edilməsi, irqi ayrı-seçkiliyə heç bir vəchlə
yol verilməməsi çox mühüm
uğurlarımızdır. Azərbaycan tarixin heç bir
dönəmində milli-dini zəmində
qarşıdurmanın və ayrı-seçkiliyin
olmadığı nadir ölkələrdən biridir. Müxtəlif
millətlərdən, dinlərdən olan, ayrı-ayrı adət-ənənələrə,
mədəniyyətlərə mənsub olan insanlar arasında
dostluq münasibətlərinin təmin edilməsi, milli-dini
tolerantlığın hökm sürməsi dövlətimizin
tarixi nailiyyətidir. İslam dini ilə fəxr edən azərbaycanlılar
heç vaxt başqa xalqlara və dinlərə qarşı mənfi
münasibət göstərməmiş, düşmənçilik
etməmiş, ədavət aparmamış və başqa
xalqın nümayəndəsini öz dininə və mədəniyyətinə
itaət etməyə məcbur etməmişlər. Ölkəmizdə
etnik-dini müxtəlifliyə, zəngin milli-mənəvi dəyərlərə
malik cəmiyyət formalaşmış, vətəndaş həmrəyliyi
pozulmaz yaşayış normasına çevrilmişdir. Bir
millətin və dinin nümayəndələrinin digərinin
adət-ənənələrinə, mənəviyyatına, mədəniyyətinə
hörmətsiz münasibət bəsləməsinə,
dözümsüzlük göstərməsinə dair
xoşagəlməz hal indiyədək müşahidə edilməmişdir.
Azsaylı millətlərin
hüquqları heç vaxt pozulmamış, onlar həyatlarında
antisemitizmin nə olduğunu bilməmişlər. Dünyada az ölkə
tapılar ki, orada hansısa mərasimdə müxtəlif dinlərə
mənsub insanlar bir yerə toplaşsınlar. Azərbaycanda isə
bunu hər zaman görmək olar. Ona görə Azərbaycan
bu məsələdə əksər demokratik dövlətlərə
nümunə göstərilir. Demokratik prinsiplərə
uyğun olaraq ölkəmizdə milli və dini
azlıqların hüquqlarının qorunması dövlət
siyasətinin prioritet istiqamətlərindəndir.
Təsadüfi deyil ki,
BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi
üzrə komitəsinin bu günlərdə Cenevrədə
keçirilmiş 75-ci sessiyası çərçivəsində
"İrqi ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında" Beynəlxalq
Konvensiya üzrə Azərbaycan Respublikasının beşinci
və altıncı dövri məruzəsinə baxılarkən
Azərbaycan hökumətinin götürdüyü öhdəliklərin
yerinə yetirilməsinə ciddi yanaşması, insan
hüquqları sahəsində bütün əsas beynəlxalq
sənədləri ratifikasiya etməsi, ölkədə insan
hüquqlarının qorunmasına dair Milli Fəaliyyət
Planının qəbul olunması, insan alverinə
qarşı mübarizənin gücləndirilməsi, məhkəmə
sisteminin müstəqilliyinin artırılması,
qaçqınların, məcburi köçkünlərin və
miqrantların vəziyyətinin
yaxşılaşdırılması üçün
mühüm işlərin görülməsi, milli azlıqların
dilinin, mədəniyyətinin və adət-ənənələrinin
qorunması üçün ardıcıl tədbirlərin həyata
keçirilməsi komitə üzvləri tərəfindən
yüksək qiymətləndirilmişdir.
Azərbaycanda insan
hüquqları sahəsində görülən işlər,
o cümlədən millətlərarası, dinlərarası
vəziyyət həqiqətən yüksək qiymətə
layiqdir. Azərbaycan
hakimiyyətinin yeritdiyi uğurlu siyasi xətt ölkəmizdə
insan hüquqlarının etibarlı təminatına və
milli-dini tolerantlığın daha da inkişafına
böyük töhfələr verməkdədir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 20 avqust.- S. 1, 2.