Azərbaycanın ərzaq təminatı
ilə bağlı problemi yoxdur
"İqtisadiyyatı
güclü olan dövlət hər şeyə qadirdir" -
bu sözləri bir neçə il öncə ulu öndər
Heydər Əliyev demişdir. Azərbaycanın müstəqilliyinin
ilk illərində kəndlinin əli işdən soyumuşdu.
Əyalətdəki insanlar şəhərə üz
tutmuşdular. Cəmiyyətdə ələbaxımlılıq
psixologiyası yaranmışdı. Respublikanın
iqtisadiyyatı çökmüşdü.
Böyük dövlətçilik
təcrübəsi olan siyasi xadim isə çox gözəl
bilirdi ki, dünyanın hər yerində istənilən siyasi
və diplomatik müzakirələrdə iqtisadi cəhətdən
güclü olanın mövqeyi daha çox səs qazanır.
Deməli, səsimizin eşidilməsi üçün ilk
növbədə iqtisadiyyatımız dirçəlməli,
onun sənayesi, aqrar sahəsi inkişaf etməli idi. Odur ki,
ulu öndər bütün çıxışlarında bu
fikri vurğulayır, insanları aqrar sahənin, kənd təsərrüfatının
inkişafına istiqamətləndirirdi. Bunun üçün
kəndlidə stimul yaratmaq lazım idi. Stimul isə əkib-becərdiyi
torpağın sahibi olmaq, bir də texnikası, gübrəsi
ilə becərdiyi məhsulu bazarda yaxşı qiymətə
satmaqdır.
Ulu öndər Heydər
Əliyev kəndlini torpağa qaytardı və ona torpaqdan
şəxsi mülkiyyəti kimi istifadə etmək hüququ
verdi. Bundan başqa torpağa can yandırması, keyfiyyətli
məhsul yetişdirməsi üçün kəndli-fermerlərə
dövlət dəstəyi də verildi.
Aparılan bu uğurlu
iqtisadi siyasət indi bəhrəsini verməkdədir. Azərbaycanın
kənd təsərrüfatı sürətlə inkişaf
edir. Dünyanın inkişaf etmiş dövlətləri Azərbaycanla
aqrar sahədə əməkdaşlığı artırmaq
istəyir. Beynəlxalq mütəxəssislər etiraf edirlər
ki, qlobal iqtisadi böhranın davam etdiyi bu dövrdə Azərbaycan
o dövlətlərdəndir ki, hələ ərzaq təminatı
ilə bağlı problemlə üzləşməyib. Əlbəttə,
bu uğurların əsasında kənd təsərrüfatının
inkişafı və bu sahəyə ayrılan diqqət
dayanır. Üç il ərzində iqtisadi artımın
sürətinə görə dünyada birinciliyi əldən
verməyən Azərbaycanın əldə etdiyi uğurlarda əsasən
neft-qaz hasilatı önə çəkilirdisə, son bir-iki
ildə aqrar sahənin inkişafından da söhbət gedir. Çünki
Azərbaycanın kənd təsərrüfatı doğrudan
da son illər sürətlə inkişaf edir. Bu barədə
ölkə Prezidenti İlham Əliyev də birmənalı
demişdir: "Neft məqsəd yox, vasitə
olmalıdır. İqtisadiyyatımızın
inkişafını yalnız neft amili ilə bağlamaq
düzgün deyil..."
Kənd təsərrüfatının
aparıcı sahələrindən biri də
heyvandarlıqdır. Kəndli bilir ki, yaxşı
yaşayışın və dolanışığın yolu
torpaqla ünsiyyət yaratmaq və mal-qaranın sayını
artırmaqdır. Maldarlığın gəlirli sahə
olduğunu söyləməyə ehtiyac yoxdur. İndi
hansı kəndlinin qapısını açsan, həyətində
onlarla iri və xırda buynuzlu mal-qara görərsən. Son
zamanlar bu sahənin inkişafı da dövlətin diqqətindədir.
Belə ki, xaricdən bol südlü iribuynuzlu cins heyvanlar gətirilir,
Azərbaycanın iqliminə uyğunlaşması
üçün zəruri zootexniki tədbirlər
görülür. Bu tədbirlər heyvandarlıq məhsullarının
artmasına güclü təsir edir. Aqrar sahənin
inkişafında fəaliyyətini genişləndirən
"Aqrolizinq" ASC də kənd təsərrüfatının
səmərəli inkişafında fermerlərə dəstək
olur. Son illər Dövlət Taxıl Fondunun yaradılması
ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində
atılmış ən uğurlu addımlardan biridir. Çünki
ərzaq məhsulları deyəndə ilk növbədə
taxıl və taxıl məhsulları nəzərdə
tutulur. Taxıl məhsullarının ildən-ilə sürətlə
artması ölkə əhalisinin ərzaqla təminatının
yaxşılaşmasından xəbər verir. Tarixdə ilk dəfə
bu il Azərbaycanda taxıl istehsalının 3 milyon ton, o
cümlədən buğda istehsalının 2,2 milyon ton
olacağı bildirilir. Bu da o deməkdir ki, ölkəmiz
özünün taxıla olan ehtiyacını tamamilə
ödəyəcək.
2009-2013-cü illəri əhatə
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı, həmçinin ölkə Prezidentinin sərəncamı
ilə təsdiq edilmiş 2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramının
uğurlu icrası nəticəsində ölkəmizin ərzaq
təminatı məsələsi tam həllini tapmış
olacaq. Bütün yerli və xarici mütəxəssislərin
Azərbaycan haqqında qənaətləri belədir.
R.RZALI
Azərbaycan.- 2009.- 20 avqust.- S. 2.