Yeni Azərbaycan
Partiyası sədrinin müavini - icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov ABŞ-ın nüfuzlu
"Gallup" təşkilatının postsovet məkanında
keçirdiyi sorğunun nəticələrinə münasibət
bildirərkən demişdir ki, "Gallup" bütün
dünyada tanınan nüfuzlu təşkilatdır.
Təşkilat öz
sorğularının nəticələrinə hörmətlə
yanaşır və bu sorğularda ictimai rəyi dəqiqliklə
ortaya çıxarmaq təcrübəsi vardır. Azərbaycan
vətəndaşları qonşu dövlətlərdə
baş verən prosesləri izləyirlər və müqayisə
nəticəsində bu qənaətə gəlmişlər
ki, ölkəmizdə sabitlik, əmin-amanlıq, inkişaf
vardır, insanların həyat səviyyəsi yüksəlir.
Azərbaycan Prezidentinə dərin inam da bütün
bunların fonunda formalaşmışdır.
Əli Əhmədov
qeyd etmişdir ki, xalqın hakimiyyətə münasibəti
hakimiyyətin fəaliyyətinin əsasında müəyyənləşir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
son illər əhəmiyyətli dərəcədə dəyişmiş,
inkişaf etmişdir. Həyatımız tanınmaz dərəcədə
müasirləşmişdir. Azərbaycanın hər bir
guşəsində inkişaf hiss olunmaqdadır. Bu, sadəcə,
abstrakt şəkildə yeniləşmə deyil, hər bir
insanın həyatının dəyişməsidir,
yaxşılaşmasıdır. Bu yaxşılaşmanı
insanlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətlə
bilavasitə əlaqələndirir. Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətin nəticələri
yalnız insanlara xidmət edir.
YAP sədrinin müavini
vurğulamışdır ki, bu sorğunun nəticələrini
şübhə altına almaq qeyri-ciddi hərəkətdir. Onun
fikrincə, təşkilatın Azərbaycan iqtidarına xidmət
etməsi haqqında iddialar tamamilə cəfəng fikirlərdir.
"Gallup" bütün dünyada nüfuzlu təşkilat
kimi tanınır və kiməsə xoş gəlmək
üçün öz nüfuzunu şübhə altına
almaz.
AzərTAc
Azərbaycan.- 2009.- 20 avqust.- S. 2.