ABŞ qanunvericisi İsrail Prezidentinin Azərbaycana səfərinə görə dövlətimizin başçısına minnətdarlıq etmişdir

 

ABŞ-ın Kaliforniya ştatının Assambleya üzvü Bob Blumenfild Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulluğuna rəsmi məktub ünvanlamışdır. Məktubda B.Blumenfild iyunun 28-29-da İsrail Prezidenti Şimon Peresin respublikamıza rəsmi səfərinin baş tutması ilə bağlı Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını ifadə etmişdir. ABŞ qanunvericisi yazmışdır ki, bununla Prezident İlham Əliyev Yaxın Şərqdə sülh və əmin-amanlıq, eləcə də həmin bölgədə tolerantlıq və plüralizm prinsiplərinə sadiq qaldığını nümayiş etdirmişdir. Bob Blumenfildin məktubunda deyilir: "Mən bildiyimə görə, bu dəyərlər Azərbaycanın gündəlik həyatında öz əksini tapmışdır. Dünyəviliyin hökm sürdüyü cəmiyyətinizdə yəhudilər digər vətəndaşlar kimi bərabər dini hüquqlara malikdirlər".

Kaliforniya Assambleyasının üzvü diplomatik nümayəndəliyimizdən Prezident İlham Əliyevə dərin təşəkkürünü çatdırmağı xahiş etmiş və bildirmişdir ki, Şimon Peresi Bakıya dəvət etmək haqqında dövlətimizin başçısının qərarını ürəkdən alqışlayır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Los-Anceles

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 2.