Türkiyə Azərbaycan xalqları ortaq gələcək qurmalıdırlar

 

Türkiyədə keçirilmiş sorğuda qardaş xalqın ən dost ölkə kimi Azərbaycanı gördüklərini şərh edən Orta Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) rəhbəri Həsən Kanbolat bildirmişdir ki, ölkələrimiz arasında dostluq, qardaşlıq və rifah zəminində təkcə dövlət və hökumət təmsilçilərini deyil, xalqları da əhatə edəcək ortaq bir gələcək qurulmalıdır.

Həsən Kanbolat demişdir ki, ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Türkiyə və Azərbaycan dövlət başçıları və hökumətlər səviyyəsində mükəmməl əlaqələr qurmuşlar. Bu əlaqələr iş adamlarının töhfələri ilə də uğurla inkişaf etməkdədir. Ticarətin həcmi 2 milyard dollardan artıq olsa da, bu rəqəm real potensialdan aşağıdır.

Rəsmi Ankaranın Türkiyə qeyri-hökumət təşkilatlarının Azərbaycandakı fəaliyyətinə daha çox dəstək verməsinin zəruriliyini vurğulayan ORSAM-ın rəhbəri əlavə etmişdir ki, bunun sayəsində Türkiyə ziyalıları siyasətçiləri qardaş ölkəni daha yaxından tanıyacaqlar. Bu gün azərbaycanlılar türk dilini öyrənmək üçün böyük səylər göstərirlər. Amma türklər Azərbaycan dilini öyrənməyə o qədər çalışmırlar. Türkiyəyə gələn azərbaycanlı turistlərin sayı artmaqda davam etsə , Azərbaycana gedən türk turistlərin sayı çox azdır. Türkiyə vətəndaşları qardaş ölkəyə əsasən biznes, yaxud hökumət xətti ilə gedirlər. Bütün bu amillər onu göstərir ki, iki qardaş xalq daha sıx əməkdaşlıq edərək ölkələrimiz arasında əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmalıdırlar.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 2.