Kosmik sənayenin yaradılması Azərbaycanın beynəlxalq informasiya məkanında mövqeyini gücləndirəcəkdir

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, kosmik sənayenin yaradılması və inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət proqramının icrası ölkəmiz üçün iqtisadi və siyasi cəhətdən xüsusi əhəmiyyət kəsb edir.

Proqramda kosmik sənayenin inkişafı, kosmik məlumatların əldə edilməsi və emalı, kosmik sənaye avadanlıqlarının respublikamızda istehsalı, ölkəmizin telekommunikasiya peyklərinin buraxılması, peyk məlumatlarının istifadəsi nəzərdə tutulur. Bundan başqa, Dövlət proqramının icrası Azərbaycanın istənilən qurumlarının dayanıqlı rabitə vasitələri ilə təminatına, təhsil, səhiyyə və digər müəssisələr arasında internetlə operativ əlaqələrin yaradılmasına şərait yaradacaqdır.

Proqramda əks olunmuş əsas məqsədlərə nail olmaq üçün bu sahədə kadr potensialının hazırlanması üzrə işlər də yerinə yetiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 2.