Gənc əsgərlər Vətənə sədaqət
andı içdilər
Bu gün Azərbaycanda
sərhəd mühafizəsi bir çox ölkələrə
nümunə olacaq səviyyədədir. Sərhəd
Qoşunları qısa zamanda çevik, dövlət sərhədlərinin
etibarlı mühafizəsi üzrə qarşıya qoyulan
tapşırıqları yerinə yetirməyə qadir olan bir
qurumdur. Sərhəd Qoşunları ölkənin və vətəndaşlarımızın
təhlükəsizliyinin təmin olunması üçün
qaçaqmalçılığa, narkotik maddələrin
qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya, silah-sursat
qaçaqmalçılığına və terrorizmə
qarşı mübarizə aparır.
Azərbaycan Sərhəd
Qoşunları 2002-ci ilin iyul ayının 31-də ulu öndər
Heydər Əliyevin fərmanı ilə Dövlət Sərhəd
Xidməti kimi fəaliyyətini davam etdirməyə
başlamışdır. Bununla da dövlət sərhədlərinin
etibarlı mühafizəsinin önəmliliyi daha da
artmışdır.
Azərbaycan sərhəd
mühafizəsi yaradılmasının 90 illiyinin qeyd
olunduğu gündə Zaqatala Sərhəd Dəstəsinin gənc
əsgərləri Vətənə sədaqət andı
içdilər. Təntənəli mərasimdə Zaqatala,
Balakən və Qax rayonları icra hakimiyyətlərinin,
hüquq-mühafizə orqanlarının nümayəndələri,
valideynlər, müharibə veteranları və digər
qonaqlar iştirak edirdilər. Hərbi hissənin komandiri,
polkovnik Elşən Verdiyev tədbir
iştirakçılarını salamladıqdan sonra Sərhəd
Dəstəsinin döyüş bayrağı meydana gətirildi
və gənc əsgərlər təntənəli şəkildə
hərbi and içdilər. Azərbaycanın Dövlət
himni oxundu. Dövlət Sərhəd Xidmətinin rəisi,
general-leytenant Elçin Quliyevin təbrik telefonoqramı səsləndirildi.
Zaqatala Sərhəd Dəstəsinin
komandiri, polkovnik Elşən Verdiyev ölkəmizdə sərhəd
mühafizəsinin yaranma tarixi ilə bağlı
çıxış etdi. Bildirdi ki, 1919-cu il avqustun 18-də
Azərbaycan Parlamenti "Azərbaycan Respublikasının
gömrük baxımından sərhəd mühafizəsinin
təsis edilməsi haqqında" qanun qəbul etmişdir. Bununla
da Azərbaycan tarixində ilk dəfə sərhəd
qoşunlarının müstəqil dövlət strukturu kimi
yaradılmasına başlanılmışdır.
Bu tarixin
yaşadılması isə ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu öndərin 16 avqust
2000-ci il tarixli sərəncamı ilə 18 avqust Sərhəd
Qoşunlarının peşə bayramı günü kimi təsis
edilmişdir.
Ölkəmizin
şimal-qərb sərhədlərinin mühafizəsini həyata
keçirən Zaqatala Sərhəd Dəstəsinin fəaliyyətindən
söz açan polkovnik E.Verdiyev vurğuladı ki, sərhəd
dəstəsinin hərbi qulluqçuları qətiyyətlilik
və şücaət göstərərək öz vəzifələrinin
öhdəsindən layiqincə gəlmək üçün
səy və bacarıqlarını əsirgəməmiş,
yüksək nəticələr göstərmişlər. Polkovnik
demişdir: - Bir neçə gün öncə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sərhəd
Qoşunlarının yaranmasının 90-cı
ildönümü münasibəti ilə Dövlət Sərhəd
Xidmətinin 3 hərbi qulluqçusunun ali zabit rütbəsi
ilə və 55 hərbi qulluqçusundan orden və medallarla təltif
olunması barədə sərəncam imzalamışdır. Təltif
olunanların sırasında bizim sərhəd dəstəsinin
15 hərbi qulluqçusundan birinin "Azərbaycan
Bayrağı" ordeni ilə, üçünün "Vətən
uğrunda", ikisinin "İgidliyə görə" və
doqquzunun "Hərbi xidmətlərə görə"
medalları ilə təltif edilməsi Ali Baş Komandanın
qayğısının təzahürü və kollektivimiz
üçün böyük fərəhdir. Bu bizi xidmətdə
daha da yüksək nailiyyətlər əldə etməyə
ruhlandırır.
Hərbi hissə
komandirinin çıxışından sonra Zaqatala Rayon
İcra Hakimiyyəti başçısının müavini
Ramazan Məmmədov mərasim
iştirakçılarını təbrik edərək sərhədçilərə
uğurlar arzuladı. Əsgər V.Süleymanov isə sərhədçi
adını şərəflə qoruyacaqlarından söz
açdı.
Təltiflər və hədiyyələr
təqdim edildikdən sonra çıxışlar oldu.
Şəxsi heyət
nizamlı addımlarla tribuna önündən keçdi.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 20
avqust.- S. 3.