Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının məlumatı
Son vaxtlar mətbuatda əsir
və itkin düşmüş, girov
götürülmüş şəxslərlə
bağlı həqiqətə uyğun olmayan məlumatların
yayılması, bu problemi dərindən bilməyən
"ekspertlər"in əsassız fikirlər söyləyərək
ictimai rəyi çaşdırması halları yenə də
intensiv xarakter almışdır. Bunlar Dövlət Komissiyasını
narahat etsə də, uzun müddət reaksiya verməməyə
çalışdıq. Lakin hazırda heç bir fəaliyyət
göstərməyən Qarabağ münaqişəsi
zonasında itkin və girovların axtarışı, əsirlərin
azad olunması üzrə Beynəlxalq İşçi
Qrupunun (BİQ) Azərbaycandakı koordinatorunun 2009-cu il
avqustun 13-də mətbuatdakı əsassız
çıxışı ilə bağlı fikir bildirməyi
məqsədəuyğun saydıq.
Əvvəlcə qeyd
etmək istəyirik ki, bu qurum fəaliyyətə
başladığı 1997-ci ildən etibarən Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyası onunla əməkdaşlıq
etmiş, itkinlərin axtarışı, əsir-girovların
azad olunması işində onların imkanlarından istifadə
etməyə çalışmışdır. Əslində Almaniyada fəaliyyət
göstərən Henrix Bell Fondu tərəfindən BİQ-ə
maliyyə məhz biz onlarla əməkdaşlıq etdiyimiz
üçün, başqa sözlə, əsir-girov və itkinlər
probleminin həllinə yardım məqsədi ilə
ayrılırdı. Lakin 2006-cı ildən Dövlət
Komissiyası bu qurumla əməkdaşlıqdan imtina
etmişdir. Buna səbəb koordinatorun mətbuata verdiyi məlumatda
dediyi kimi, heç də əsirlikdən azad olunmuş şəxslərin
həbs edilməsi ilə bağlı deyildir. Əvvəla,
özünü hüquq müdafiəçisi adlandıran
şəxs bilməli idi ki, Dövlət Komissiyası
hüquq-mühafizə orqanı deyildir və buna görə
də kiminsə həbsini həyata keçirə bilməz.
O, çox yaxşı bilir ki, əməkdaşlığı
Dövlət Komissiyası dayandırmışdır. Ona
görə ki, Dövlət Komissiyası sadəcə
danışıq və gəzinti xatirinə əməkdaşlığı
qəbul etmir. Əgər bu qurum bütün əməkdaşlıq
dövründə azərbaycanlı əsir-girovların
saxlanma yerləri barədə komissiya tərəfindən
onlara təqdim olunmuş onlarca konkret faktdan heç olmasa
birini sonadək icra edib, itkinlərin taleyinə aydınlıq
gətirə bilməyibsə, verdiyimiz sorğularda əksini
tapan məlumatlar araşdırılmayıbsa, hansı əməkdaşlıqdan
söhbət gedə bilər. Nümayəndə heyəti
yaradaraq Ermənistana və Dağlıq Qarabağa səfərlər
etmək, orada "rəsmilər"lə səmərəsiz
danışıqlar aparmaq, sonra isə gəzintiyə
çıxmaq problemin həlli demək deyildir. Dövlət
Komissiyası bir neçə dəfə bildirmişdir və
yenidən bəyan edir ki, bu qurumun fəaliyyəti yalnız
bölgəyə turist səfərindən ibarət
olmuşdur. Bunu sübut etmək çətin deyildir, əgər
çox istəsələr Dövlət Komissiyası
BİQ-in hesabatlarını ictimaiyyətə açıqlaya
bilər.
Bir məqamı da diqqətə
çatdırmaq yerinə düşər ki, hazırda bu
qurum maliyyə çatışmazlığı üzündən
fəaliyyətini dayandırmışdır. Bu da təbiidir, çünki
qrant müqabilində həyata keçirilən layihə
yalnız səmərə verdikdən sonra fond tərəfindən
yenidən maliyyələşdirilir və
davamlılığı təmin edilir. BİQ isə üzərinə
götürdüyü vəzifələri yerinə yetirə
bilmədiyi üçün onu maliyyələşdirən
fond qrant ayırmaqdan imtina etmişdir. Lakin qeyd olunanlara
baxmayaraq, Dövlət Komissiyası humanizm prinsiplərini əsas
götürərək 2005-ci ildə bu qurumun fəaliyyətinin
maliyyələşdirilməsi üçün Almaniyanın
Xarici İşlər Nazirliyinə məktub da
ünvanlamışdır.
Əsirlikdən azad
olunduqdan sonra həbs edilmiş Azərbaycan hərbçiləri
barədə məsələnin şişirdilməsi və
bundan istifadə edərək "humanist qurum" imici
qazanmağa uğursuz cəhdə heç bir əsas yoxdur. Çünki məsələ
heç də qeyd olunduğu kimi deyildir və əsirlikdən
azad olunmuş bütün hərbçilər cinayət məsuliyyətinə
cəlb edilməmişdir. Bununla bağlı Dövlət
Komissiyası ictimaiyyəti dəfələrlə məlumatlandırmışdır.
Bir daha bəyan edirik ki, münaqişə başlanandan indiyədək
əsir və girovluqdan azad olunmuş 1396 azərbaycanlıdan
yalnız 28 nəfər əsirlikdə törətdiyi konkret
cinayət əməlinə görə məsuliyyətə cəlb
edilmişdir. BİQ koordinatorunun haqqında söhbət
açdığı Anar Allahverdiyev isə, ümumiyyətlə,
erməni əsirliyində olmamışdır. Bu şəxs
sadəcə qoşunların təmas xəttində xidmət
keçərkən ermənilərlə əməkdaşlıq
etdiyi üçün cinayət məsuliyyətinə cəlb
olunmuşdur.
Məsələ
aydındır, bu qurum fəaliyyət göstərə bilmir
və artıq onun haqqında yalnız keçmiş zamanda
danışmaq olar. Onun
həmsədrlərindən çoxdandır ki, xəbər
yoxdur. Yəqin anlayıblar ki, əsir-girov azad etməkdən,
itkin axtarmaqdan daha asan yol "insan haqlarını
qorumaqdır". Ermənistan üzrə koordinator bu ölkənin
əsir-girov və itkinlərin işi üzrə Dövlət
Komissiyasının üzvü kimi fəaliyyət göstərir,
Azərbaycan üzrə koordinator isə vəziyyətdən
çıxış yolunu çox güman ki, əsassız
bəyanatlar verməklə gündəmdə qalmaqda
görür.
Azərbaycan.- 2009.- 20 avqust.- S. 3.