Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi başa çatmışdır

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində gənc pianoçuların müsabiqəsi başa çatmışdır.

Avqustun 19-da Qəbələdəki "Qafqaz Resort" otelində müsabiqənin final mərhələsi keçirilmişdir. Müsabiqənin mükafatları uğrunda Azərbaycan, Rusiya, Xorvatiya və Yaponiyanı təmsil edən 5 pianoçu mübarizə aparmışdır.

Rusiya pianoçusu İlya Maksimov müsabiqənin ən yüksək mükafatına - "Qran-pri"yə sahib olmuşdur. Azərbaycan, ABŞ, İtaliya, İspaniya, Meksika və Rusiya mütəxəssislərinin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə finalda mübarizə aparan digər gənc pianoçulardan xorvatiyalı Qoran Filipets birinci, rusiyalı Aleksandr Yakovlev ikinci, azərbaycanlı Toğrul Hüseynli dördüncü və yaponiyalı Şimomura Misako beşinci mükafata layiq görülmüşlər. Münsiflər heyəti iştirakçıların heç birini 3-cü mükafata layiq bilməmişdir. Nəticələri musiqi festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli və müsabiqənin münsiflər heyətinin sədri Oksana Yablonskaya elan etmişlər.

Həmçinin Azərbaycan bəstəkarlarının əsərlərini ən yaxşı ifa etmək nominasiyası üzrə mükafata Nərgiz Kəngərli və Nataliya Landfed (ABŞ) layiq görülmüşlər.

Mükafatlar avqustun 20-də təqdim olunacaqdır.

Xatırladaq ki, müsabiqəyə müxtəlif ölkələrdən ümumilikdə 22 gənc pianoçu qatılmışdı və onlardan 7-si azərbaycanlı idi.

Qəbələ Beynəlxalq musiqi festivalı çərçivəsində avqustun 20-də pianoçuların müsabiqəsinin münsiflər heyətinin qala konserti, ayın 21-də isə muğam axşamı təşkil ediləcəkdir. Festivalın təntənəli bağlanışı avqustun 22-də olacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 3.