Üçrəngli
bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən qəbul edilmişdi. Həmin bayraq 1988-ci
il noyabrın 17-də qeyri-rəsmi olaraq Bakıda, Azadlıq
meydanında qaldırılmış, rəsmi şəkildə
1990-cı il yanvarın 19-da ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin
binası üzərində ucaldılmışdı.
Prezident İlham Əliyevin
dediyi kimi: "Dövlət atributu olaraq Azərbaycan
bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının
müqəddəs borcudur". Respublikamızın çox
yerində olduğu kimi, Samux rayonunda da bu inamla, bu amalla 33
metrlik bayraq ucaldılır. Yanında da yerlərdə
dövlət idarəçiliyinin qərargahı sayılan
icra hakimiyyəti üçün müasir görkəmli,
milli üslublu idarə binası tikilir.
Bunlara baxdıqca istər-istəməz
ötən əsrin doxsanıncı illərinin əvvəlləri
yadıma düşdü. Azadlıq uğrunda mübarizə
fonunda yaxşı-yaman bir-birinə qarışmış
müxtəlif qüvvələr meydan sulayır, silahlı
quldur dəstələri at oynadırdı. Yenicə yaranmış Samux rayonu
çalxalanırdı. Mürəkkəb, keşməkeşli
dövr idi. Qətl, qarət adi hal almışdı. Dörd
il ərzində burada icra hakimiyyətinin
başçısı 6 dəfə dəyişildi. Yeddi dəfə
polis rəisi, 3 dəfə prokuror, 8 dəfə kənd təsərrüfatı
idarəsinin rəisi vəzifəni tərk eləməli oldu.
Vəziyyət o yerə çatmışdı ki, iki nəfər
icra başçısı həbs edildi, iki nəfər
prokuror vəzifə başında qətlə yetirildi. Bir nəfər
polis rəisi qaçıb gizləndi.
Bir sözlə,
ağır, çox ağır bir dövr idi. 1993-cü ildə
xalqın təkidli tələbi ilə ulu öndər Heydər
Əliyevin hakimiyyətə gəlişi ilə Samuxda da yeni
günlər başlandı. Silahlı dəstələr ləğv edildi. Hər yanda
sabitlik, əmin-amanlıq bərqərar olundu. İslahatlar
aparıldı, əmlak özəlləşdirildi, torpaq
öz sahibinə verildi, yerli özünüidarəetmə
orqanı - bələdiyyələr yaradıldı.
Beləliklə,
bütün ölkədə olduğu kimi, Samux rayonunda da həyat
öz təbii axarına düşdü. Müstəqillik
uğrunda odlu-alovlu yollardan keçən samuxlular xalqın
xilaskarı Heydər Əliyevə, onun yaratdığı
dövlətə, dövlətçiliyə, ulu öndərin
layiqli davamçısı İlham Əliyevə sədaqəti,
məhəbbəti hər sahədə öz əməli
işləri ilə nümayiş etdirirlər. Rayonda iqtisadiyyat sürətlə
inkişaf edir. Abadlıq-quruculuq getdikcə geniş miqyas
alır. Sosial məsələlərə, mənəvi
problemlərə xüsusi önəm verilir.
Elə buna görə də
Samux rayonu pillə-pillə ucalır. Son beş ildə kənd təsərrüfatı
sahəsində məhsul istehsalı təqribən dörd dəfə,
sənayedə isə 8,4 dəfə çoxalıb. Ötən
müddət ərzində əsaslı kapitala yönəldilən
investisiyanın həcmi 23,2 dəfə artıb. Hər ili, hər
ayı qələbələrlə yola salmaq burada ənənə
şəkli alıb. 2009-cu ildə də işlər
uğurlu gedir. Bu günlərdə altı aylığın
yekunları müzakirə edilərkən çoxlu fərəhli
işlərdən söz açıldı. Rayon icra hakimiyyətinin
başçısı Vilyam Hacıyev dedi ki, ötən
altı ay ərzində ümumi daxili məhsul
buraxılışı 27,1 milyon manat olub. Bu isə keçən
ilin müvafiq dövründəkinə nisbətən 5 faiz
çoxdur. Son aylarda rayonda irili-xırdalı bir neçə
müəssisə fəaliyyətə başlayıb, 625 yeni
iş yeri açılıb.
Abadlıq, quruculuq
işləri hər yanda gözoxşayır. Rayon mərkəzinə xüsusi
rövnəq verən Heydər Əliyev prospekti əsl seyrəngaha
çevrilib. İndi də digər prospektlərdə,
küçələrdə, yollarda qızğın iş
gedir.
Şəhər statusu
veriləndən bəri Samuxu tanımaq olmur. Rayon inşaat meydanına bənzəyir.
Kolayır prospektində yenidənqurma işləri gedir. Yolun
hərəkət hissəsi genişləndirilib, asfalt
döşənir. Səkilər düzəldilir, yöndəmsiz
hasarlar sökülərək milli ornamentli dayaq divarları
hörülür. Binaların fasadlarına suvaq və rəng
çəkilir. Müasir işıqlandırma sistemi qurulur.
Gəncə-Samux, Gəncə-Qarayeri,
Samux-Əlibayramlı, Yenikənd-Poylu, Sərkar-Qarayeri,
Samux-Hacıallı və digər istiqamətlərdəki
yollarda təmir işləri aparılır. Yenikənd-Poylu-Kəsəmən-Qırmızı
Samux istiqamətlərindəki çınqıllı yollar
sahmana salınır.
Samuxun bir qolu Gəncəyə
doğru uzanır. Yolun
sağında və solunda bir-birindən yaraşıqlı fərdi
və ictimai binalar cərgələnir. Təzəlikcə
ağır atletika idman kompleksinin açılışı
oldu. Rayon poçtamtının, yol istismar idarəsinin və
1 saylı polis məntəqəsinin inzibati binaları istifadəyə
verildi.
Statistika idarəsinin,
maliyyə şöbəsinin və baytarlıq mərkəzinin
binalarında isə son tamamlama işləri gedir. İqtisadi-sosial həyatın hər
sahəsində yeniliklər göz qabağındadır.
Samuxlular milli müstəqilliyin
qədrini bilir, müasir Azərbaycan dövlətinin
memarı Heydər Əliyevin misilsiz fəaliyyətini layiqincə
qiymətləndirir, yaşlı nəslin ənənələrini
şərəflə yaşadan gənclər ulu öndərin
əvəzsiz irsini dərindən öyrənirlər. Rayonun mərkəzində ucalan
Heydər Əliyev muzeyi, ən səfalı guşələrdən
birini bəzəyən Heydər parkı əsl ziyarətə,
and yerinə çevrilib. Təkcə rayonun mərkəzində
deyil, ən ucqar qəsəbə və kəndlərdə də
dövlət rəmzlərinə - dövlət gerbinə,
dövlət himninə, dövlət bayrağına xüsusi
ehtiram bəslənilir. İndi rayonun ən səfalı
guşəsində ucaldılan dövlət bayrağı isə
samuxluların milli dövlətimizə sədaqət rəmzi
kimi gecə-gündüz dalğalanacaqdır.
Bayrağın
daim uca olsun, Samux!
Əhməd İSAYEV
Azərbaycan.- 2009.- 20 avqust.- S. 4.