Düzqışlaq ildən-ilə böyüyür abadlaşır

 

Şəmkir rayonunun abad və yaraşıqlı kəndlərindən biri Düzqışlaqdır. Kənd Bakı-Qazax dəmir yolunun Şəmkir stansiyasından keçən hissəsinin sağında yerləşir. Torpağı münbit, əkinə-biçinə yararlı, adamları işgüzar, zəhmətsevərdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində aparılan abadlıq və quruculuq işləri sayəsində Düzqışlaq son illər tanınmaz dərəcədə dəyişmişdir. Kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda Qarabağda erməni silahlı birləşmələri ilə döyüşlərdə qəhrəmancasına həlak olmuş Nizami Abdullayevin və Mübariz Mehdiyevin xatirəsini əbədiləşdirmək üçün vaxtilə yaşadıqları küçələrə onların adları verilmişdir. Bu qəbildən olan digər insanlara - Böyük Vətən müharibəsi veteranı Rəhman Məmmədova, Qarabağ müharibəsi veteranları Rəna Əliyevaya, Azər Qasımova, Sərdar Həsənova və Qabil Qurbanova xüsusi qayğı və ehtiram var. Kənddə qaçqın və məcburi köçkün ailələrinə qayğı da daim diqqət mərkəzindədir. Qubadlı rayonundan məcburi köçkün olan 16 nəfərdən ibarət üç ailəyə, eləcə də Qərbi Azərbaycandan - dədə-baba yurdlarından qaçqın düşmüş 17 ailəyə sututar ərazidə dövlət hesabına tikilmiş yaşayış evi və həyətyanı torpaq sahəsi verilmişdir.

Məcburi köçkünlər və qaçqınlar məskunlaşan bu kiçik qəsəbə fasiləsiz olaraq elektrik enerjisi, su və mavi yanacaqla təmin edilir.

Kənddə dövlət qayğısıyla əhatə olunan təkcə qaçqın və məcburi köçkün ailələri deyil. Hazırda burada 16 ailə dövlətdən ünvanlı sosial yardım alır. Uzun illər bu kənddə yaşayan beş nəfər kimsəsiz qoca və 9 aztəminatlı ailə də qayğı ilə əhatə olunub. Kənd ərazi nümayəndəliyinin rəhbərliyi ilə ağsaqqallar şurasının üzvləri tez-tez həmin ailələrdə olur, onların səhhəti və sosial problemləri ilə maraqlanırlar. Kənddə yaşayan gənclərdə vətənpərvərlik hissi çox güclüdür. Onlar hərbi xidmətə həvəslə gedirlər. Hərbi xidmətə yolasalma və qarşılanma mərasimi əsl toy-bayrama çevrilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin Düzqışlaq ərazi vahidliyi üzrə nümayəndəsi Məzahir Bayramovun dediklərindən: - Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması vacib şərtlərdən biridir. İstəyirik ki, həyata müstəqil yaşamağa qədəm qoyan hər bir gənc savadlı, bilikli, dünyagörüşlü olmaqla yanaşı, yaxşı vətəndaş, vətənini, xalqını sevən insan olsun. Bunun üçün ağsaqqalların və valideynlərin yeniyetmələrə düzgün istiqamət verməsi, onların Vətən qarşısında müqəddəs borclarından olan hərbi xidmətə getmələri vacibdən də vacibdir. Sevindirici haldır ki, kəndimizin cavanları əsgərliyə - Vətəni müdafiəyə həvəslə gedirlər və bundan qürur duyurlar. Bunu hərbi xidmətdə olan gənclərimizin komandirlərindən aldığımız təşəkkür məktubları da sübut edir.

Düzqışlaq kənd müharibə veteranları və ağsaqqallar şurasının sədri, Böyük Vətən müharibəsi iştirakçısı Rəhman Məmmədov və digər ziyalılarla söhbətdən də məlum oldu ki, bunun əsas səbəblərindən biri hərbi xidmətə gedən gənclərin ailələrindən, evlərindən nigaran qalmamasıdır. Kənd başdan-başa qazlaşdırılıb, bütün evlərə qaz və elektrik sayğacları qoyulub. Sakinlər istifadə etdikləri qazın, işlətdikləri suyun, yandırdıqları işığın pulunu aybaay vaxtında ödəyirlər.

Payız fəsli yaxınlaşdıqca, Düzqışlaq kəndində fermerlərin, təsərrüfat adamlarının aylardan bəri çəkdikləri zəhmət öz bəhrəsini göstərir, həyət-bacadakı məhsul yığıldıqca hamının üzündə-gözündə sevinc, toxtaqlıq və yaradılan şəraitdən razılıq hiss olunur. Təsərrüfat qayğılarından bir balaca başı açılan düzqışlaqlı ailələrin çoxu yeni dərs ilinə hazırlığı - uşaqlara təzə çanta, məktəbli paltarı, kitab-dəftər almağı önə çəkir. Məktəbdən söz düşmüşkən, onların uşaqları bu il kənddə tikintisi yenicə başa çatan müasir tipli məktəbə gedəcəklər. Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilən 960 yerlik, üçmərtəbəli məktəb binasında son tamamlama işləri başa çatıb. Köhnə, uçuq-sökük birmərtəbəli sinif otaqlarından birdəfəlik canı qurtaran, belə yarlı-yaraşıqlı məktəbə dərs deməyə gələn müəllimlərin sevinci uşaqlarınkından daha çox olur. Məktəbdə müasir tipli laboratoriyalar, fənn kabinetləri, tibb məntəqəsi, digər inzibati otaqlar lazımi mebel və avadanlıqlarla təchiz olunub, sinif otaqları başdan-başa kompüterləşdirilib. Son yüz ildə nə Düzqışlaqda, nə də bu kəndə yaxın ərazilərdə belə əzəmətli məktəb binası tikilməyib.

Yeni məktəblə tanışlıq zamanı rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski dedi: - Tikinti işləri keyfiyyətlə görülüb və tamamlama işləri yüksək səviyyədə başa çatıb, məktəbin açılışına hazırlıq işləri gedir. Açığını deyim ki, uzun illərdir ki, Təzəkənd və Düzqışlaq kəndinin uşaqları köhnə, vaxtilə kərpicdən tikilmiş, istismar müddəti çoxdan başa çatmış, qəza vəziyyətində olan birmərtəbəli yöndəmsiz otaqlarda dərs alırdılar. Yeri gəlmişkən deyim ki, bu gün nənə-baba, ata-ana olmuş, yaşı səksəndən, doxsandan yuxarı agsaqqalların özləri də vaxtilə həmin bu Səməd Vurğun adına məktəbdə oxuyublar. "Yeniləşən Azərbaycana yeni məktəb" devizi paytaxtdan bölgəyə, Şəmkirin ən ucqar kəndinə də yeni ovqat, yüksək əhvali-ruhiyyə gətirib. İnsanlar buna hədsiz dərəcədə sevinirlər.

Sevinclərini bölüşmək üçün ölkə Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıq və təşəkkür məktubları və teleqramlar göndərirlər.

Yeri gəlmişkən, bu il respublikamızın ali və orta ixtisas məktəblərinə 18 nəfər düzqışlaqlı gənc qəbul olunub. Kənddə sevinc-sevincə qarışıb. Bəziləri ali məktəblərə qəbul olan uşağını yerbəyer eləmək üçün Bakıya, Gəncəyə, Qazaxa, Sumqayıta, Naxçıvana - respublikamızın müxtəlif şəhərlərinə getməyə, bəziləri isə əsgər görüşünə payız sovqatından pay tutmağa tələsir, kimi də övlad toyuna hazırlaşır. Bir sözlə, yazı qışından, payızı yayından uğurlu, bərəkətli gələn Düzqışlaq kəndində son illər ucaldılan tikililər, yaraşıqlı mülklər, səliqə-sahmanlı küçələr, abad yollar buraya yolu düşən hər kəsdə xoş əhvali-ruhiyyə yaradır.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 4.