Müəllim əməyinin nəticəsi imtahanda üzə çıxır
Məlum olduğu kimi,
XXI əsr "Təhsil əsri" elan edilmişdir. Ölkədə
təhsil sisteminə dövlət qayğısı isə ildən-ilə
artırılır. Prezident İlham Əliyevin, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
bu sahənin inkişafına göstərdikləri müntəzəm
diqqət sayəsində yeni məktəb binaları inşa
edilir, təhsil müəssisələrinin maddi-texniki
bazaları möhkəmləndirilir, informasiya və
kommunikasiya texnologiyaları ilə təmin olunur, müxtəlif
istiqamətlər üzrə ciddi islahatlar aparılır.
Qəbələ
rayonunda da ötən tədris ili müvəffəqiyyətlə
başa çatmışdır. Bəlli həqiqətdir ki,
müasir təhsil mühitinin formalaşdırılması
üçün məktəblərin zəruri ləvazimat və
avadanlıqlarla təchiz olunması vacib amillərdəndir. Rayon
təhsil şöbəsinin müdiri Oqtay Hacıyev bu
yöndə müəyyən işlərin
görüldüyünü bildirərək dedi ki, Qəbələnin
50 məktəbində 412 ədəd kompüterdən istifadə
olunur. Ötən müddət ərzində rayonun 47 məktəbi
həftədə 5 günlük iş rejiminə
keçmişdir. Həmçinin ötən dərs ilində
rayon məktəblərinin fənn kabinetlərində və
laboratoriyalarında 140 adda 21120 ədəd əyani vəsaitdən
istifadə edilmiş, uşaq bağçalarına 17 min
nüsxə əyani vəsait verilmişdir.
Rayon təhsil
şöbəsində internetə çıxışı
olan informasiya mərkəzi yaradılmışdır. Məktəblərin
də bu mərkəzə qoşulması üçün
hazırlıq işləri görülür. Artıq 43 təhsil
ocağı rayon təhsil şöbəsindəki informasiya mərkəzinə
qoşulmaq üçün tam hazırdır.
Söhbət əsnasında
Oqtay Hacıyev pedaqoji işçilərin ixtisas və peşə
hazırlığının təkmilləşdirilməsi məsələsinə
də toxundu: - Bu istiqamətdə ardıcıl iş
aparılmış və yeni təlim metodlarını öyrənmək
üçün 320 müəllim həftəlik İKT
kurslarına cəlb olunmuşdur. 100-dən çox müəllim
müxtəlif ixtisaslar üzrə Bakı şəhərində
ixtisasartırma kurslarında olmuşdur.
Məlumdur ki,
istedadlı şagirdlərin üzə çıxması və
onların gələcək fəaliyyətinin düzgün
istiqamətləndirilməsində fənn
olimpiadalarının böyük əhəmiyyəti
vardır.
Ötən müddət
ərzində olimpiadanın rayon turunun son mərhələsində
9 şagirdimiz respublika turuna vəsiqə qazanmış, Qəbələ
şəhər 1 nömrəli məktəbin, onlardan
Zarağan və Əmirvan kənd məktəblərinin
şagirdləri respublika üzrə bilik
yarışmasında mükafata layiq yer tutmuşlar.
Ölkə Prezidentinin
17 aprel 2006-cı il tarixli sərəncamı ilə təsdiq
edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı Dövlət
Proqramı"nın yerinə yetirilməsi ilə
bağlı işlər davam etdirilir. Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 86-cı ildönümünə
həsr olunmuş respublika inşa müsabiqəsində Qəbələ
şəhər 3 saylı məktəbin IX sinif şagirdi
Aygül Şəfizadə yüksək nəticə əldə
edərək Təhsil Nazirliyinin fəxri fərmanı ilə
təltif edilmişdir. Fizika və biologiya fənləri
üzrə Vəndam 1 saylı və Aydınqışlaq məktəbinin
şagirdləri fərqlənmişlər.
Şagirdlərin hərbi
vətənpərvərlik ruhunda tərbiyəsində
kütləvi idman yarışlarının və hərbi
idman oyunlarının rolu danılmazdır. Belə
yarışlarda Qəbələ məktəbliləri
xüsusi fəallıq göstərmiş və Vəndam qəsəbə
2 saylı orta məktəbin "Sərhəd" hərbi-idman
komandası Astara şəhərində keçirilmiş
respublika turunda ikinci yeri tutmuşdur. Məktəblilərimizin
fəal iştirak etdiyi "Biz sülh istəyirik", "Vətən
sərhədi toxunulmazdır" mövzularında rəsm-sərgi
müsabiqələrinin rayon və zona birincilikləri başa
çatmış və qaliblər Şəki sərhəd dəstəsinin
komandanlığı tərəfindən
mükafatlandırılmışdır.
Ümumilikdə, ötən
tədris ilini qənaətbəxş hesab edən O.Hacıyev
bildirdi ki, test üsulu ilə mərkəzləşdirilmiş
qaydada keçirilmiş buraxılış imtahanlarından
sonra rayonda orta təhsil kursunu 1118 şagird bitirmişdir. Aydınqışlaq,
Mamaylı, Zarağan 2 saylı, Qəbələ 4 saylı və
Vəndam qəsəbə 2 saylı orta məktəblərin
göstəriciləri daha yaxşı olmuşdur.
Məktəblərin tədris
və maddi-texniki bazasını genişləndirmək məqsədilə
Dızaxlı kəndində yeni əsas məktəbin
açılması təsdiq olunmuşdur. Məktəb yeni dərs
ilində fəaliyyətə başlayacaqdır. Bundan əlavə,
Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş
Kürd, Abrıx orta və Kiçik Əmili əsas məktəblərində,
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı" xətti ilə inşa edilmiş 480 yerlik Yenikənd
orta və 360 yerlik Yemişənli kənd orta məktəblərində
son tamamlama işləri başa çatmışdır və
məktəblər növbəti dərs ilinə
hazırdır.
Telman NƏZƏRLİ
Azərbaycan.- 2009.- 20
avqust.- S. 4.