Qusarın turizm imkanları genişdir

 

Şahdağın ətəklərində yerləşən Qusar respublikamızın əsrarəngiz təbiətə malik rayonlarından biridir. Həmişə qonaqlı-qaralı olan Qusarda bu yay turistlərə az rast gəlinir. Əgər əvvəlki illərdə kirayə ev, otaq tapmaq çətin idisə, bu yay onlara tələbat o qədər də hiss edilmir. Bunun bir səbəbi də Qusarda olan istirahət zonaları və restoranlardakı qiymətlərlə və xidmətlərin səviyyəsi ilə bağlıdır.

Ümumiyyətlə, Qusarda turizmin inkişafı ilə bağlı hansı tədbirlər görülür? Bu və digər suallarla Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilova müraciət etdik. O dedi:
- Qusarın turizm imkanları böyükdür. Məlum olduğu kimi, rayonun Lələ-Aladaş zonasında dağ xizəkçilik kompleksinin inşası nəzərdə tutulub və hazırda bu layihənin reallaşdırılması istiqamətində işlər görülür. Bu yaxın gələcəyin perspektividir. Qusar hələ sovet dönəmində saf, sərin iqliminə, yaşıllıq zolağına görə yaxşı istirahət məkanı sayılıb. Elə o zamanlarda da adlı-sanlı ziyalılar, əmək qəhrəmanları, alimlər Qusarda dincəlməyə üstünlük veriblər.

Respublikamız müstəqillik əldə etdikdən sonra turizmə diqqət artıb. Xüsusi istirahət zonalarının yaradılması, oraya turist axınının təşkili sahəsində xeyli iş görülüb. Qusarda qonaq qarşılamaq üçün kifayət qədər imkan var. "Suvar" dağ turizm mərkəzi, "Qayi bulaq", "Star Qusar", "Şahbulaq" istirahət zonaları, "Qafqaz" moteli və digərləri bu qəbildəndir. Qusar Olimpiya Kompleksinin nəzdindəki istirahət zonası da istifadəyə verilib. Burada 10-dan çox kotej turistləri qəbul etməyə, onlara mədəni xidmət göstərməyə hazırdır.

Onu da deyim ki, bizdə hələ təşkilatlanma işləri aparılır. Turizmin inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bununla belə özəl təşkilatlar və firmalar, müxtəlif mərkəzlər bu fəaliyyətə az cəlb ediliblər. Quba və Xaçmaz rayonlarında turizm informasiya mərkəzləri yaradılıb. Rayonumuzda turizm agentliyinin yaradılmasına böyük ehtiyac var. Bu cür mərkəzlər turizmlə bağlı məsələləri - yer, nəqliyyat, yemək, gəzinti, istirahət məsələlərini qanunauyğun şəkildə həyata keçirsə yaxşı qazanar, həm də yeni iş yerlərinin yaradılmasına yardımçı ola bilərlər.

- Lakin etiraf edək ki, xidmət səviyyəsi arzuolunan səviyyədə deyil...

- Qusar tarixən qonaqsevər yerdir, bazar-dükanda, restoran və kafelərdə xoş rəftara tez-tez rast gəlinir. Buradakı istirahət zonalarında çalışanların bir qismi bu peşəni zorən seçənlərdir. Bu kimi halların qarşısını almaq üçün rayonda xüsusi kurslar yaradılmışdır. Eyni zamanda 12 nəfər gənc respublikamızın və xarici ölkələrin turizm institutlarında təhsil alır ki, bu da gələcəkdə onların bilik və təcrübəsindən yararlanmaq imkanı verəcəkdir.

Gələcəkdə dəniz-aran-dağ marşrutları üzrə müxtəlif gəzintilərin təşkili nəzərdə tutulub. İlin fəslindən asılı olmayaraq həmin qruplar Nabranda, sonra bir neçə gün Qusarda dincələ və nəhayət, dəniz səviyyəsindən 1800 metr hündürlükdəki Ləzədə istirahət edə, əylənə bilərlər. Onu da qeyd edim ki, ilin bütün fəsillərində Qusara turistlər gəlir. Rayon mədəniyyət və turizm şöbəsi turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəsə kömək etməyə hazırdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2009.- 20 avqust.- S. 4.