Neft Daşlarının
tarixini vərəqlədikcə ən çox rast gəldiyimiz
adlardan biri də Qurban Abbasovun adıdır. Əmək fəaliyyətinə
fəhlə kimi başlayıb, sonralar bir sıra rəhbər
vəzifələrdə çalışsa da, onu həmişə
sadəcə "Neftçi Qurban" deyə
çağırırdılar. Bu adı ona xalq vermişdi.
Neftçi Qurban bir
oğlandır şirindil,
Gülər
üzlü, saf ürəkli qəhrəman
sözləri ilə
başlanan nəğməni yaşlı nəsil indi də
yaxşı xatırlayır.
Neftçi Qurban həqiqətən
qəhrəman idi: zaman və tale ona öz hünər və
gücünü sınamaq və sübuta yetirmək
üçün bu meydanı vermişdi - Neft
Daşlarını.
Qurban Abbasov usta Mixail
Kaveroçkinlə birlikdə Neft Daşlarında ilk
quyuları qazmışdı. Birinci quyunun neftvermə tarixi
1949-cu ilin noyabrına təsadüf edir. 1950-ci ilin sonundan isə
quyulardan artıq mütəmadi neft hasilatına
başlanır. Neftçi Qurbanın şan-şöhrəti
hər yana yayılır.
Neftçi Qurban kim idi? Naxçıvanın
Babək rayonunun Payız kəndində anadan olmuş sadə
bir gənc. 1944-cü ildə, 18 yaşında ikən
Bakıda, "Artyomneft" trestində fəhlə işləməyə
başlamışdı. "Azərneft" Birliyinin qazma
kontorunda qazmaçı, buruq ustası, Gürgənneft
NMİ şimal qazma sahəsi kontorunun rəisi olmuşdu.
Ancaq neftçi
Qurbanı məşhurlaşdıran, xalqın sevimlisinə
çevirən Neft Daşları olub. Burada o, Xəzərdə
misli görünməmiş nəticələr qazanaraq
qazmanın sürətini rekord səviyyəyə
çatdırıb.
Qurban Abbasov yarım əsrdən
çox Azərbaycanın neft sənayesinə xidmət edib. Bu
əlli ilin ilk dövrlərində, deyək ki, 5-10 ildə elə
start götürüb, elə hünərlə
çalışıb və zəngin təcrübə
toplayıb ki, sonralar 40 ildən çox bir müddətdə
sahənin sanballı müəssisələrinə,
böyük neftçi kollektivlərinə rəhbərlik edə
bilib. Məsələn, 1967-ci ildən başlayaraq Q.Abbasov bu
vəzifələrdə çalışıb: "Xəzərdənizneftkəşfiyyat"
trestinin müdiri, "Xəzərdənizneft"
İstehsalat Birliyinin baş direktorunun müavini, "Neft
Daşları" NQÇİ-nin rəisi, "Xəzərdənizneftqazsənaye"
İstehsalat Birliyinin baş direktoru, "Xəzərdənizneft"
İstehsalat Birliyinin baş direktoru, ARDNŞ-nin baş
müşaviri... Bu vəzifələrdə
çalışarkən o, üzən yarımdalma qazma
qurğularının Xəzər dənizində işləməyə
uyğunlaşdırılması, "Günəşli",
"Çıraq", "Azəri", "Kəpəz"
kimi iri yataqların kəşfi üçün çox
iş görüb.
O illərdə
neftçi Qurban sanki əfsanəyə
dönmüşdü. Bəlkə insanların ona bu cür
baxması da təbii idi. Çünki Q.Abbasov hələ
çox gənc ikən öz dövrünün bir çox
ali mükafatına layiq görülmüşdü. 32
yaşında onun sinəsini Sosialist Əməyi Qəhrəmanının
"Qızıl ulduz"u bəzəmişdi. Nəhayət,
ömrünün ahıl çağında ona müstəqil
Azərbaycan Respublikasının yüksək
mükafatını - "Şöhrət" ordenini almaq da
qismət olmuşdu...
Azərbaycan neftçiləri
Qurban Abbasovun hünərini, əməllərini, təcrübəsini
öyrənir, yaşadır və nəsildən-nəslə
ötürürlər.
F.SADIQLI
Azərbaycan.- 2009.- 20 avqust.- S. 5.