Azərbaycan Cənubi Qafqazın
aparıcı dövlətidir
Cənubi Qafqazın
lider dövləti olan Azərbaycan mövcud olduğu regionun
inkişafında da mühüm rol oynamaqdadır. Belə ki,
reallaşması bilavasitə Azərbaycanın
iştirakından asılı olan transmilli layihələr
dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə
yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda,
iqtisadi inkişafını sürətləndirməkdədir.
Bunlara misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum
neft-qaz kəmərlərini misal göstərmək olar.
Hazırda inşası
üzərində iş gedən Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir
yolu xətti də regionun əhəmiyyətini dünya
miqyasında artırır. Perspektivdə "Nabukko" layihəsinin
reallaşması şübhəsiz ki, Azərbaycanın sayəsində
Cənubi Qafqazın dünyanın siyasi, iqtisadi, o cümlədən
enerji xəritəsində tutduğu mövqeyini xeyli dərəcədə
gücləndirəcək. Yalnız Ermənistan
işğalçı siyasəti üzündən regionun
inkişaf tempindən çox geridə qalmaqda və
özünün təcrid vəziyyətini gücləndirməkdədir.
Qeyd edilənlər bir
daha göstərir ki, üç il ərzində iqtisadi
artım tempinə görə dünyada lider olan Azərbaycan
regionun inkişafında əsas təkanverici qüvvə kimi
çıxış edir və hələ uzun müddət
bu funksiyanı yerinə yetirməkdə davam edəcəkdir. Çünki
regionda bundan sonra da reallaşdırılacaq hər hansı
transmilli layihənin həyata keçirilməsi
üçün mütləq Azərbaycanın da
razılığı alınmalıdır. Prezident İlham Əliyev
bununla əlaqədar demişdir: "Bölgədə Azərbaycanın
iştirakı olmadan istər siyasi, istər iqtisadi, energetika və
başqa sahələrdə heç bir layihə, heç bir
təşəbbüs icra edilə bilməz. Azərbaycan
enerji təhlükəsizliyi üçün çox önəmli
ölkəyə çevrilibdir. Biz özümüzü tam
şəkildə təmin edirik. Azərbaycanın enerji
potensialı çox böyükdür və biz bu potensialdan
çox səmərəli şəkildə istifadə
edirik".
O da xüsusi olaraq
vurğulanmalıdır ki, özünün sürətli
inkişaf tempini təmin edən Azərbaycanın regionun da tərəqqisində
aparıcı rol oynaması ölkə rəhbərliyinin bu
sahədə düşünülmüş və uğurla həyata
keçirilən siyasətinin məntiqi nəticəsidir. Bu
reallıq beynəlxalq miqyasda da açıq etiraf olunur və
Azərbaycanın göstərilən istiqamətdə həyata
keçirdiyi siyasət alqışlanır. İsrailin ölkəmizə
yeni təyin olunan fövqəladə və səlahiyyətli
səfiri Mixael Lavon-Lotem bu barədə belə deyir:
"Zbiqnev Bjezinski özünün "Böyük şahmat
lövhəsi" kitabında "geostrateji dövlətlər"
barəsində yazıb. Bir çox dövlətlər
geostrateji kəsişmə nöqtələrində yerləşib,
lakin onlardan yalnız bir neçəsi geosiyasi və geostrateji
qüvvəyə çevrilib. Azərbaycan da, heç
şübhəsiz ki, Cənubi Qafqazın geosiyasi və
geostrateji qüvvəsidir. Onun dünya ictimaiyyəti ilə
bilavasitə bağlı olan geostrateji mövqeyi, neft və qaz
ehtiyatları Azərbaycanı dünyada gedən geostrateji
proseslərə böyük təsir potensialı olan dövlətə
çevirib".
Azərbaycanın
dünya miqyasında aparıcı söz sahiblərindən
birinə çevrilməsini sübut edən əsas amillərdən
biri kimi isə ölkəmizin Ermənistan üzərində əldə
etdiyi diplomatik qələbəni göstərmək olar. Artıq
beynəlxalq səviyyədə böyük və ya
kiçikliyindən asılı olmayaraq demək olar ki, əksər
dövlətləri Ermənistanı işğalçı
ölkə kimi tanımaqda, zəbt etdiyi Azərbaycan ərazilərini
boşaltması üçün ona təzyiqlərini
artırmaqdadırlar. Əlbəttə ki, bütün bunlar
Azərbaycanın artan gücü, beynəlxalq miqyasda öz
mövqeyini qəbul etdirmək bacarığı sayəsində
mümkün olmuşdur.
Ölkə rəhbərliyi
Azərbaycanın artan geostrateji əhəmiyyətinin dövlətin
inkişafına yönəldilməsində də məqsədyönlü
addımlar atmış və bu istiqamətdə uğurlu
siyasəti davam etdirməkdədir. Mixael Lavon-Lotem bununla əlaqədar
"1nyus" portalına müsahibəsində qeyd edir:
"Azərbaycan rəhbərliyi ötən dövrdə
olduğu kimi indi də gözəl və
düşünülmüş şəkildə geostrateji təsir
potensialından ölkənin uğurlu inkişafı
üçün istifadə edir. Bundan başqa mən Azərbaycanın
İsrail dövləti üçün də strateji əhəmiyyətindən
danışsam, heç bir mübaliğəyə yol vermərəm".
Azərbaycanın
dünyanın geosiyasi məkanında belə vacib bir dövlətə
çevrilməsində ümummilli lider Heydər Əliyevin,
onun layiqli davamçısı Prezident İlham Əliyevin
oynadığı rol barədə danışan İsrailin
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri bildirir: "Dünyada gedən proseslərə təsir
göstərən dövlətlər, liderlər var. Bu
gün Prezident İlham Əliyev atası - ümummilli lider
Heydər Əliyev kimi Azərbaycanın inkişafındakı
uğurun əsl başlanğıcı olan yolu
seçib".
Geosiyasi və enerji məkanında
Azərbaycanın həyata keçirməkdə olduğu
uğurlu siyasət əvvəlki kimi yenə də ölkəmizin
dünya səviyyəsində əhəmiyyətini
artırmaqda və həlledici söz sahiblərindən biri
kimi mövqelərini gücləndirməkdədir. Hazırda
Mərkəzi Asiyanın enerji ehtiyatlarının Avropa
bazarlarına alternativ yolla çatdırılmasında əsas
tranzit ölkə kimi məhz Azərbaycan qəbul olunur.
Bunun üçün Azərbaycan
lazım olan bütün infrastruktura da malikdir. Ölkəmizin özünün kifayət qədər
böyük enerji ehtiyatları var və hesablamalara görə,
təkcə təbii qaz ehtiyatları 5 trilyon kubmetrə qədərdir.
Perspektivdə aparılacaq kəşfiyyat
işlərindən sonra bu rəqəmin bir qədər də
artacağı gözlənir. Azərbaycanın
malik olduğu neft ehtiyatları bundan sonra ən azı 100 ilə
bəs edər. Bütün bunlar bir daha
ölkəmizin qlobal enerji təhlükəsizliyinin təminatında
nə dərəcədə mühüm rol oynamaq
iqtidarında olduğunu əyani nümayiş etdirir. Həmçinin enerji sferasında Azərbaycanın
etibarlı tərəfdaş olması bu sahədə onunla
işbirliyi qurmaq istəyən dövlətlərin
sayını daim artırır.
Təsadüfi deyil ki,
Avropa İttifaqı uzun müddətdən bəri
reallaşdırmaq istədiyi "Nabukko" layihəsinin əsas
iştirakçılarından biri qismində məhz Azərbaycanı
görür.
Azərbaycan rəhbərliyi
isə həm respublikanın zəngin enerji ehtiyatlarından, həm
də geostrateji mövqeyindən məharətlə istifadə
edərək ölkəmizin uğurlu inkişafını təmin
etmişdir və bu gün də Azərbaycan dinamik inkişaf
tempinə görə seçilənlər
sırasındadır. Ölkəmizin belə dinamik
inkişafı onun mövcud olduğu regiona da müsbət təsir
göstərməkdədir və Ermənistan istisna olmaqla, Cənubi
Qafqazın sərhədlərini aşan böyük bir
coğrafi məkanın dünya üçün əhəmiyyətinin
daha da artmasında, iqtisadi göstəricilərinin
yaxşılaşmasında əsas rol oynadığı
danılmaz faktdır.
Rasim BAYRAMOV
Azərbaycan.- 2009.- 21 avqust.- S. 1.